“Bu gün manatın məzənnəsi ilə bağlı narahatedici heç nə yoxdur”

Türk lirəsi ABŞ dolları qarşısında bir qədər də dəyər itirərək, bütün zamanların rekordunu qırıb. Ekspertlər bildirirlər ki, bu vaxta qədər heç zaman lirənin məzənnəsi dollara nisbətdə bu qədər ucuzlaşmayıb.

Onlar hesab edirlər ki, lirə yaxın günlərdə də ucuzlaşmaqda davam edəcək və 1 dollar 4 lirə 20 quruşa qədər bahalaşacaq. Ekspertlər səbəblər sırasında daha çox siyasi amili – qardaş ölkə ilə Qərb (ABŞ) arasında yaşanan ziddiyyətləri qeyd edirlər.

Bəs belə olan təqdirdə Azərbaycan manatının dollar qarşısında ucuzlaşması gözlənilirmi? Analoji təhlükə milli valyutamıza da varmı?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Fikrət Yusifov bildirdi ki, əslində Türkiyə lirəsinin bu qədər ucuzlaşmasının səbəbi Suriyada baş verən savaşlardır: “Yəni Türkiyə lirəsinin ucuzlşamasının iqtisadi köklərini görmürəm. Bu, siyasi proseslərin nəticəsidir. Türkiyə iqtisadiyyatı çox normal bir şəkildə inkişaf edir. Bu fonda isə, təbii ki, milli valyutanın zəifləməsi praktik olaraq qeyri-mümkündür. Lakin baş verən hərbi münaqişə və onun yaratdığı gərginliklər fonunda daha çox psixoloji təsirlər önə çıxır. Məhz Türkiyə lirəsinin ucuzlaşmasına səbəb də daha çox bu psixoloji təsirlərlə bağlıdır. Hesab edirəm ki, bir müddət sonra hərbi münaqişə ilə bağlı sakitlik yaranarsa, hər şey öz əvvəlki axarına düşəcək. Çünki ortada heç bir iqtisadi səbəb yoxdur. Türkiyə iqtisadiyyatının bugünkü vəziyyətini ancaq müsbət dəyərləndirmək olar. Çünki iqtisadiyyatda inkişaf var və ixrac potensialı da çox böyükdür. Bu isə ölkəyə kifayət qədər xarici valyuta gətirir. Ona görə də məsələdə iqtisadi tərəf axtarmağa dəyməz”.

Ekspert hesab edir ki, baş verən proseslər fonunda manatın ucuzlaşması mümkün deyil: “Manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə yoxdur. Yəni neftin qiymətlərində də yaxın zamanlar üçün hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Bu, da daha çox manatın qiymətinə təsir edən amillərdən biridir. Eyni zamanda son iki ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən illə müqayisədə 36 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, böyük həcmlərdə deyil. Ancaq hər halda 36 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da  irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, xarici xətlər də artıq Azərbaycan üzərindən keçməyə başlayıb. Buradan gələn valyutaların da manata müsbət mənada təsiri var. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Bunun da əsas göstəricisi odur ki, son zamanlar içərisində Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımı artır. Bu, artıq bir göstəricidir ki, bir ilə yaxındır ki, manat sabitdir və vətəndaşlarımız bu sabitliyə inanırlar. Nəticədə isə öz əmanətlərini milli valyutada yatırıb, qazanc əldə etmək istəyirlər. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.

İqtisadçı ekspertin sözlərinə görə, FED-in uçot dərəcələri ilə bağlı qərarları dünyada valyutaların məzənnələrinə təsir edən amildir: “Uzun illər ərzində Amerika iqtisadiyyatında ixrac potensialını böyütmək və bununla da  iqtisadiyyatda makro göstəriciləri yaxşılaşdırmaq üçün işlər görülüb. Nəticədə ABŞ hökuməti və onun Federal Ehtiyatlar Sistemi uzun illər ərzində ucuz dollar siyasəti yürüdüb. Bir neçə il öncə dolların uçot dərəcəsi çox aşağı idi. İndi isə artıq bu, qalxa-qalxa gedir. Mütəmadi olaraq uçot dərəcələri 0.25 faiz olmaqla hər dəfə qaldırılır və yəqin ki, ilin sonuna qədər 3 faizə qədər yüksələcək. Amerika iqtisadiyyatı ucuz dollar siyasəti yeritməklə qarşıya qoyduğu məqsədlərin hər birini reallaşdıra bildi. Bununla da istədiyi artım templərinə nail oldu. Daha sonra isə bahalı dollar siyasəti yürütməyi məqsədə uyğun sayıb, bu cür etdilər. Bu da bir başqa formada ABŞ iqtisadiyyatına milyardlarla vəsaitin axmasını təmin edəcək. Çünki bahalı dollar o deməkdir ki, Amerika şirkətlərinin aksiyalarının dəyəri artacaq. Ora yatırılan bahalı pul da ölkəyə daha çox vəsaitin axını demək olacaq”.