Məlum olduğu kimi bu ilin aprel ayında növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu seçkidə müxtəlif partiya liderləri, siyasətçilər aktiv iştirak edəcəklər. Bəzi müxalif qüvvələr müxtəlif bəhanələrlə seçkini boykot etsələr də, prezident iddiasında olanlar da az deyil. Onlardan biri də Ağ Partiyanın sədri Tural Abbaslıdır.

T.Abbaslı ilə müsahibə barədə anlaşanda o, hələ namizəd deyildi. Müsahibə almaq istəyimin əsas səbəbi, çoxlarını maraqlandıran suallara cavab tapmaq idi.

Amma elə oldu ki, Tural Abbaslı prezident olmaq üçün namizədliyini irəli sürdü və biz müsahibəyə elə bununla bağlı sualdan başladıq:

– Gözləntiniz varmı? Seçkidə ümid var ki, seçiləcəksiniz? Yoxsa, sadəcə qatılmaq üçün seçkidə iştirak edirsiniz?

– Siyasətdə konkret hədəf yoxdur. Namizədlərdən heç kəs deyə bilməz ki, bir məqsədim var – namizədliyimi irəli sürmək və seçilmək… Yaxud da namizədliyimi vermişəm ki, partiyamı və ya şəxsimi tanıdım. Yəni belə şey yoxdur. Çoxşaxəlidir. Siyasət elə şeydir ki, hər saat, hər dəqiqə hələ ki 21-ci əsrdə.. dünyanın bütün nizamı dəyişə bilər. Sabah nə olacağı hesablana bilinmir. Təbii ki, öncədən seçilib-seçilməməklə bağlı proqnozlar edə bilərsən. Amma dediyim kimi, siyasətdə heç nəyi dəqiq demək mümkün deyil. Amma ən əsas minimum məqsəd bu olmalıdır ki, biz seçkiyə girdiyimizdən daha güclü çıxmalıyıq. Namizəd əgər seçkidə iştirak edirsə, nəticəsi hər nə olur olsun, daha da güclənməlidir. Fərq eləmir seçildin, ya seçilmədin. Amma bu günə qədər analiz edəndə biz görürük ki, bütün müxalifət partiyaları  seçkidə güclü iştirak etdikləri halda seçkidən iki dəfə zəif çıxırlar. Hətta seçkiyə girərkən var olan güclərini də itirirlər.

– Səbəbi nədir? Sizin onlardan fərqiniz nə olacaq? Sizdə də oxşar durum yaşanmasın deyə nə edəcəksiniz?

– Bilirsiniz, səbəb odur ki, bəzən reallıqdan çox fərqli, yüksək nəticələr qoyulur. Və nəticələr uğrunda əldə edilə biləcək mərhələli ara qalibiyyətlərdən imtina olunur. Çox yüksək hədəflər qoyulur və o hədəflərə çatmaq üçün digər bütün əldə oluna biləcək dividentlər, qazanclar xərclənilir. Yəni biz öz hədəflərimizi, öz gücümüzü bugünkü siyasi arenadakı mövqeyimizi, gücümüzün  hara qədər  çatacağını bildiyimiz üçün, mən düşünürəm ki, biz elə xülyalara qapılıb əlimizdə olan-qalanı da itirməyəcəyik, əksinə, güclənmiş olaraq çıxacağıq. Mən güman edirəm ki adımız gənc gedir. “Gənclər” deyə hallanırıq. Amma bizim rəhbərlikdə kifayət qədər siyasi təcrübəsi olan adamlar var. Ən azı 17 ildir ki, bu işlə məşğuluq. Ona görə də güman edirəm ki seçkidən itkisiz çıxacağıq.

– Seçki məntəqələrində nəzarət etmək üçün kifayət qədər nümayəndəniz varmı?

– Deməli, bu məsələ belədir ki, Azərbaycanda 125 seçki dairəsi var. 125 seçki dairəsi üzrə 5000-dən bir az artıq seçki məntəqəsi var. Yəni hər məntəqəyə bir müşahidəçi qoysaq, bu 5000 adam deməkdir.  Bu gün Azərbaycanda demək olar ki, heç bir müxalifət partiyasının, hətta YAP-ın belə bütün məntəqələri heç bir ödəniş etmədən təmsilçi ilə təmin etməsi mümkün deyil. Biz reallıqları da yaxşı bilirik. Tutaq ki, 5000 məntəqənin hər birinə bir müşahidəçi qoyulub və hər məntəqədə 7 komissiya üzvü, üstəlik hakimiyyətin məcburi 5-6 əlavə müşahidəçisi də olur.  Orta hesabla sənin bir müşahidəçin təxminən 20 hakimiyyət nümayəndəsi ilə rəqabət aparır. Onsuz da, onun fəaliyyəti heç nəyi həll eləmir, ən pis halda onlar özlərindən iki nəfəri qurban verir, guya ki, mübahisə yarandı seçki məntəqəsini tərk etməlisiniz. Onların 27 müşahidəçisi orada qalır, səninki çıxır. Arada sən həm enerji itirirsən, həm də konflikt yarananda insanları zərbə altında qoyursan.  Ona görə də, enerjini digər sahələrə yönəltmək olar. Bunlar seçkinin şəffaf ədalətli keçirilməsini təmin edəcək amillər deyil. Seçkinin şəffaf keçirilməsini təmin edəcək bir amil var, o da ki hakimiyyətin siyasi iradəsidir. Yaxud da xalq güclü olub öz haqqını tələb etmək üçün küçələrə çıxmalıdır. Elə bir basqı eləməlidir ki, hakimiyyət məcbur olub ədalətli seçki keçirsin. Biz o xülyada deyilik ki, seçkidə iştirak etməklə hakimiyyətlə başabaş rəqabət apara biləcəyimizi iddia edək.

– Rəsmi olaraq partiya kimi qeydiyyatdan keçmisiniz?

– Biz zatən partiya idik. Azərbaycanda demək olar ki, uzun müddətdir – son 10 ildir ki,  heç bir partiya, hətta nəinki partiyalar, artıq QHT-də rəsmi qeydiyyata alınmır. Biz bu problemin olduğunu bildiyimiz üçün AĞ partiyanı təsis etmədik, əvvəlcə 1993-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş Vahid Azərbaycan partiyasına üzv yazıldıq. Əslində isə həmin partiya siyasi fəaliyyətini de-fakto dayandırmışdı. Biz üzv olandan sonra partiyanın qurultaylarını keçirməyə başladıq. Qurultayda partiyanın adını dəyişərək Ağ partiya elədik, sədr və nizamnaməsini yenilədik.  Dövlət reyster xidmətinə Ağ partiya kimi tanınmağımızla bağlı sənəd göndərmişik. Ancaq dövlət qarşısında mən hələ də Ağ partiyanın deyil, Vahid Azərbaycan partiyasının sədriyəm.

– Yəni hələ ad təsdiq olunmayıb da…

– Hələ ki bizə də məlum olmayan səbəblərdən bəhanələr gətirərək prosesi uzadırlar. Güman edirəm ki, bu məsələdə hakimiyyət biz dediyimizi qəbul edəcək. Partiya üzvləri olaraq partiyanın bu cür adlanmasını istəyirik. Biz belə istəyiriksə kim qarşı çıxa bilər?

– Hazırda partiyanın nə qədər üzvü var?

– 1993-cü ildə minlərlə ad üzv kimi qeydiyyatda idi. Yenicə formalaşmış partiya kimi isə 200 civarında aktiv üzvümüz, təbliğatçımız var, bu rəqəm də gün-gündən artır. Bilirsiniz, indi partiya çox geridə qalmış sözdür, partiyaya üzv olmaq da ən qorxulu şey… Almaniyada ən təhlükəli iş daş-kömür mədənində işləməkdir, Azərbaycanda isə siyasi aktivliklə məşğul olmaq. Ona görə də rəsmi 200 civarındadır, amma adının hallanmasını istəməyən qeyri-rəsmi üzvlər də var. Çünki biz həm də sağ mərkəzçi ideoloji partiyayıq, dəstəkçimiz də çoxdur. Sırf partiya xətrinə yox,  sırf bu ideologiyanı qəbul edənlərin partiyası olmaq istəyirik. “Kim olursan ol, gəl” anlayışı yoxdur bizdə.  Sol görüşdə olanların bizim partiyada nə işi ola bilər? Yaxud, ultra liberallar, kosmopolitlər bizlə fəaliyyət göstərə bilməz, eləcə də biz onları qəbul etmərik… Yəni biz milli mənəvi dəyərlərə arxalanan, milli görüşlü namizədlərə üstünlük veririk.

«Ərdoğanın siyasi gedişlərini dəstəkləyirəm»

– Ağ partiyanın ən çox tənqid olunmasının bir səbəbi də Türkiyə ilə, daha doğrusu Ərdoğanla bağlılığı və ya elə görünməsidir. Partiya üzvlərinin, şəxsən sizin özünüzün çıxışlarınızda Türkiyəyə, xüsusilə də Ərdoğana rəğbət duyulur. Hətta deyərdim Türkiyədən də çox, Ərdoğanın özünə… Bunun kökündə nə dayanır?

– Bilirisiniz, mən qeyd elədim, biz ideoloji partiyayıq. Biz bilirdik ki, adımızı Ağ partiya qoyan kimi  nə düşündüyümüzdən asılı olmayaraq, belə təpkilərlə qarşılaşacağıq. Onlarda AK partiya – Ədalət və İnkişaf partiyası kimi gedir. Onlardan təsirlənmiş olsaq “Əi” qoymalı idik. Belə müqayisəni ancaq geridüşüncəli insanlar dilləndirə bilər. Biz dəfələrlə bildirmişik ki, bu bizim rəngi bildirən sözdür. Niyyət Ak partiyaya vurğu etməklə eyni ideoloji xətti göstərmək ola bilər. Biz, zatən, bunu gizlətmirik. Bizim ideoloji xəttimiz milli görüşdür. Bu gün Türkiyə bu milli görüş istiqamətində əsas aparıcı dövlətdir. Necə ki, zamanında kommunist partiyası var idi və bütün dünyanın kommunist partiyalarının mərkəzi Moskva idisə, onda niyə bizim də bütün türk-müsəlman dünyasının mərkəzi Ankara AK partisi olmasın? Yaxud Avropada, Almaniya, Fransa, İtaliya, hamısı liberal partiyalardır, yaxud yaşıllar partiyası var, xristian demokratlar var, hər yerdə var, düzdür? Bəs bizim niyə milli görüşlü partiyamız olmasın ki? Yaxud, mən Liberal partiyası yaratsaydım və tutaq ki, Musavat kimi Avropa Liberal İttifaqın üzvü olsaydım, heç kim “Bunlar Avropada var” deməyəcəkdi. Zatən bu eyni şey deyil, ideoloji xəttin adıdır. Biz türk-islam birliyinin, təfəkkürünün yeni bir siyasi xəttiyik. Bu gün bunun da siması Ərdoğandır. Sabah Ərdoğananın başına nəsə gəlsə, o demək deyil ki, biz də onu Lenin kimi movzeleyə qoyacağıq.

– Amma Ərdoğanın addımlarını dəstəkləyirsiniz…

– Bəli, Ərdoğanın siyasi gedişlərini dəstəkləyirəm. Onun Türkiyə ilə bağlı yeritdiyi daxili və xarici siyasətini analiz edərək bəyənirik. Dünən regionun aqrar dövlətlərindən biri olan Türkiyə, bu gün  hegomon dövlətlərdən birinə çevrilib. İndi Türkiyə Suriyada  öz təhlükəsizliyini təmin edir, Somalidə hərbi baza açır. Regionla əlaqədar məsələlərdə istər Rusiya, istər İran, Amerika  Türkiyə ilə hesablaşır. Bu gün Makron həftədə bir dəfə Ərdoğanla danışmağa məcbur olduğunu deyir. Adama deyərlər əvvəlki prezidentlərlə niyə məcbur olmurdun? Bütün bu inkişafı görüb necə dəstəkləməmək olar?!

«Azərbaycanda siyasətlə məşğul olmaq xeyriyyəçilik kimi bir şeydir»

– Sizə lazım olan maliyyəni haradan əldə edirsiniz?

– Siyasətdə təcrübə ilə maliyyə tərs mütənasibdir. Nə qədər siyasi təcrübən azdır, o qədər də çox maliyyə lazımdır, yaxud da əksinə. Biz minimumu da, maksimumu da görmüş zümrədən çıxan insanlarıq. Məsələn, mənə 2003-cü ildə hələ müxalifətin maliyyəsinin guya çox olan vaxtında seçki məntəqəsinə günortaya dönər, axşam pendir və pomidor gətirirdilər. Biz komforta öyrəşməmişik. Şəxsi gəlirlərimiz ailə üzvlərimizin öhdəliyindədir. Bu gün Azərbaycanda siyasətlə məşğul olmaq xeyriyyəçilik kimi bir şeydir. Özünü fəda edirsən, 5 qəpik gəlirin də yoxdur. Üstəlik səni təhqir də edirlər, tənqid də… Biz hansısa marketdə satıcı kimi işə başlasaydıq, indi böyük bir marketin sahibi idik. Sıfırdan siyasətə atıldıq və maddi cəhətdən ailələrdən asılıyıq. İndi təbliğat, təşviqat məsələlərdində pula ehtiyac olacaq. Zavodumuz, fabrikimiz yoxdur ki, gəlir mənbəyimiz olsun.

«Allah heç kəsi pul vermədiyi adamların üzərinə müdir təyin etməsin»

– Dövlət idarə eləmək böyük məsuliyyətdir. Tramp sıfırdan milyarder olub və indi dövlət idarə edir. 36 yaşınız var, iş yeriniz yox, ailə sahibi də deyilsiniz.  Deməli, bu vaxta qədər nə biznes idarə etmisiniz , nə də ailə… İdarəçilikdə təcrübəsiz olmağınız seçki kompaniyasında sizə qarşı inamsızlıq yaratmaz? Düşünməzlər ki, bu yaşında özünə gələcək qura bilməyən, iş sahibi ola bilməyən, ailə belə qurmayan insan ölkəni necə idarə edəcək? Çünki ailə də kiçik bir ölkədir.  

– Mən nə vaxt holdinq idarəçiliyinə namizəd olsam səs verməsinlər. Alverlə bağlı nəyəsə namizədliyimi versəm, seçməsinlər (gülür). Bizim işimiz dövlət idarəçiliyidir. Siyasətçi siyasətdə, partiyalarda yetişir. Bu siyasətin əlifbasından başlamışıq. 18 yaşım tamam olandan bəri mən bu partiyanın üzvüyəm və sıfırdan başlayaraq ən yüksək  mərhələyə qədər qalxmışam. Bunu bukletlərdə, plakatlarda da qeyd elətdirmişəm. Bu da xüsusi enerji, bilik, bacarıq tələb edir. Ən asan iş biznes idarə eləməkdir. İşçin özünü pis aparacaq, çıxaracaqsan, maaşını kəsəcəksən, ya da başqasını gətirəcəksən. Bir dostumun sözü var ki, Allah heç kəsi pul vermədiyi adamların üzərinə müdir təyin etməsin. Partiya elə bir şeydir ki, orada hər cür insan var: təhsillisi də təhsilsizi də… Heç birinə də məvacib vermirsən, hamısı könüllü gəlib üzv olur. Əgər sən bir partiyada bu qədər fərqli xarakterdə, düşüncədə insanla bacara, idarə edə bilirsənsə, demək ki, dövləti də idarə edə bilərsən. Nümunə üçün deyim ki, 1989-92-ci illərdə 3 il siyasi təcrübəsi olanlar dövləti necə idarə edirdisə, biz də elə edəcəyik. Özümüzə simvol kimi götürdüyümüz Elçibəyin siyasi təcrübəsi yox idi. Necə illik təcrübəsi olan Ayaz Mütəllibov isə dövləti qoyub qaçdı.

«Mən özümü təcrübəli siyasətçi hesab edirəm»

– Yəni özünüzü tam təcrübəli, yetişmiş siyasətçi hesab edirsiniz?

– Əlbəttə, özümə tam inanıram. Mən özümə inanmasam, camaat da mənə inanmaz axı. İndi kimsə qəbul edər, ya etməz öz şəxsi işidir. Mən özümü təcrübəli siyasətçi hesab edirəm.

«Əgər kimsə tənqiddən qorxursa, onda getsin başqa işlə məşğul olsun»

– Bəzən sizin sözlərinizdən çıxış edərək deyirlər ki, siz müxalifətə müxalif adamsınız. Müxalifəti tənqid edir, atmacalar atırsınız. Buna münasibətiniz necədir?

– Bilirsiniz, daimi müxalifət statusu yoxdur. Müxalifət gələcək iqtidar, iqtidar da gələcək müxalifətdir. Bu yerdəyişmə olmursa, deməli, həmin iqtidarda da, müxalifətdə də problem var. Biz iqtidarı tənqid edirik, müxalifətdə heçmi problem yoxdur? Oturub illərdir eyni sözlərlə, eyni metodu təkrarlayırlar: Vahid namizəd, bloq, boykot… Bəsdirin, nəyisə dəyişmək lazımdır, dəyişə bilmirsinizsə tənqid olunmalısınız. Hər halda, heç kim mənə deyə bilməz ki, sən bizi tənqid edə bilməzsən. Mən gəncliyimi bu liderlərə inanmağa sərf eləmişəm, gənc yaşlarımdan bu işin içində olmuşam. Heç kim deyə bilməz ki, biz filan vaxtı filan şey edəndə sən harada idin? Çünki mən o sözü deyə bilənlərin yanında, meydanlarda olmuşam. Məsələn, ölkədə nə qədər gənc xaricə gedir. Mənim də “bu gənclər niyə xaricə qaçır?” soruşmağa haqqım var. Bizim üçün müxalifət və  iqtidardan çox, ədalətli və ədalətsiz sistem var. Bizim üçün meyar budur. Əgər kimsə tənqiddən qorxursa, onda getsin başqa işlə məşğul olsun.

«Məni səhv olduğuma inandırsalar, onların qərarlarına tabe olaram»

– Milli Şura seçkini boykot edir. Sizin iştirakınız onlar tərəfindən tənqid olunmur ki?

– Özləri bilər. Onların özlərinə görə arqumentləri var, mənim də özümə görə… Nə milli şuradakılar gəlib mənə səs verəndir, nə də mənim partiya üzvlərim onların arxasınca gedəndir. İndi mən onlarla debata çıxaramsa, onlara boykotun düzgün olmadığını əsaslandıraram. Mən əgər bütün addımlarımı Milli Şuraya baxıb atsaydım, elə Milli Şuranın üzvü olardım. Debat mövzusu açmaq istəmirəm, amma əgər istəyirlərsə, buyursunlar, müzakirəyə açığam. Məni səhv olduğuma inandırsalar, onların qərarlarına tabe olaram. Amma inanmıram ki, bu mümkün olsun.

«Sizcə, mən seçicilər önünə çıxıb desəm ki, ateistəm, neçə nəfər mənə səs verər?»

– Son olaraq bir sual da verim. Bəzən siyasətçinin şüarlarında dini motivlərdən istifadə etməsi bir mənalı qarşılanmır. Buna münasibətiniz necədir? Çünki sizdə də oxşar şüarlar, sözlər var. Bunu dini siyasətə qatmaq kimi qiymətləndirənlər var.

– Bizim partiyam sağ mərkəzdir, ideyası müsavatçılıqdır, 3 rəngli bayrağımızdır. Əgər dindən qorxurlarsa, onda o yaşıl rəngi bayraqdan çıxarsınlar, türkçülükdən qorxurlarsa mavini… Yəni bu məntiqsizdir. Mənim milli kimliyim türkdür, türkəm, dini kimliyim müsəlmandır. Və bugünkü tendensiya da demokratik bir dövlətin qurulması və inkişafdır. Yəni Avropadır deyə inkişaf yox, inkişaf ordadır deyə avropalaşmaqdır. Yenə də deyirəm demokratiyadır. Din də kiminsə yaşam tərzidir. Bizim xalq mühafizəkar, adət-ənənəsinə, dininə hörmət edən xalqdır. Biz bu xalqla siyasət aparırıq. Sizcə, mən namizədliyim ərəfəsində seçicilər önündə çıxıb desəm ki, ateistəm, neçə nəfər mənə səs verər? Biz bu xalqın səsinə talibik. Bizə sosial şəbəkədəki kosmopolitlərin fikri maraqlı deyil. Həmin kosmopolitlər istəmirlər, səs verməsinlər. Bizim Konstitusiyamızda da dinlə siyasət çox normal qaydada tənzimlənib. Biz sekulyar dövlətik. Partiya olaraq, dinin rolunu artırmaqla bu qaydanı pozmaq fikrində deyilik. Hakimiyyətə gələndə də, dinimizdən, imanımızdan imtina etmək niyyətində olmayacağıq. Amma bu danılmazdır ki, mən mühafizəkaram və mühafizəkar yanaşmanın da istər siyasətdə, istərsə də digər sahələrdə olacağı istisna edilmir. Bu da qanunvericilikdə qadağan deyil.  Milli mədəni dəyərlərimiz, milli kimliyimiz var.

Məhəmməd Türkmən

Fotolar: Fərid Özay

Minval.İnfo