ABŞ prezidentinin kürəkəni və müşaviri Cared Kuşner Yaxın Şərq sülh planının, ya da başqa adla “əsrin anlaşmasının” bəzi detallarını açıqlayıb. Qeyd edək ki, yəhudi əsilli Kuşner iki ildən artıqdır haqqında söz-söhbət dolaşan bu planın əsas müəllifi hesab olunur. Fələstin-İsrail münaqişəsinin köklü həllini iddia edən planı müzakirə etmək üçün Kuşner bu ilin fevralında region ölkələrinə, o cümlədən Türkiyəyə səfər edib.

Ən son olaraq bildirilmişdi ki, Kuşnerin planı İsraildə seçkilərdən sonra açıqlanacaq, ancaq ötən ay elan olundu ki, plan ləngiyir və Ramazan ayından sonra təqdim ediləcək. “Əş-Şərq əl-Avsat” qəzetinin məlumatına görə, planının bəzi detallarını açıqlayan Kuşner deyib ki, yeni planda iki dövlətli həll variantından bəhs olunmur, Qüdsün İsrailin paytaxtı olması üzərində fokuslanıb.

Vaşinqtonda yerləşən Yaxın Şərq Araşdırmaları İnstitutunda etdiyi çıxışında prezident Trampın müşaviri deyib ki, iki dövlətdən bəhs etsə, o zaman israillilər və fələstinlilər onu fərqli formada anlyacaqlar. Bu səbəbdən də bu ifadə işlədilməyib. Planın detalları barədə danışmayan Kuşner İsrail və Fələstin dövlətlərinin yekun statusunun planda yer alıb almadığı ilə bağlı suala cavab olaraq deyib ki, sülh planı bir çox mövzunu əvvəlki planlardan daha detallı şəkildə ortaya qoyacaq.

Qeyd edək ki, hələlik yeni planın detalları məlum deyil, ancaq mediaya sızan məlumatlara əsasən bəzi elementlər məlumdur. Tramp administrasiyasının İsrail-Fələstin münaqişəsinin həlli üçün təklif etdiyi yeni plan Qəzza ətrafında Misirə məxsus ərazilərdə yeni yaşayış infrastrukturunun yaradılması, o cümlədən İordan çayının qərb sahili də daxil olmaqla Fələstin ərazilərinin yenidən qurulması və belə demək mümkündürsə, yeni bir Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. Bunun əvəzində isə fələstinlilərin İsrailin ərazilərini. O cümlədən Qüdsü İsrail paytaxtı kimi tanıması tələb olunacaq.

Bu planın ümumilikdə dəyəri 65 milyard dollar hesab olunur. Bu pulun bir hissəsi yeni Fələstinin qurulması, bir hissəsi isə Misir və İordaniyaya ödəniləcək. O cümlədən Fələstin hökumətinə də maddi yardım ediləcək. Yeri gəlmişkən. bu günlərdə ərəb mediası Səudiyyə Ərəbistanı vəliəhdinin Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasa hökumətin 10 illik xərclərini, yəni 10 milyard dollar təklif edib. Bunun əvəzində isə Tramp administrasiyasının yeni planını tanımaq təklif edilib. Ancaq hələlik Abbasın bu təklifi rədd etdiyi, Fələstin taleyi ilə bağlı tarixi məsuliyyətin altına girməyi qəbul etmədiyi deyilir.
Məsələ ondadır ki, Mahmud Abbas da vəziyyətin nə qədər ciddi və riskli olduğunu anlayır. Yəni bölgənin hakimiyyətləri bu plana dəstək versə də, hansısa dövlətlər, o cümlədən müsəlmanlar bu planı qəbul etməyəcək və bu zaman ən ağır yük təbii ki, Fələstin liderinin üzərində qalacaq. Üstəlik, planın qəbul olunması Fəthin nüfuzdan düşərək öz yerini Həmas və digər mübarizə tərəfdarı qruplara verə bilər. Bu səbəbdən də Abbas hələlik ehtiyatlı davranır.

Aydın məsələdir ki, Kuşnerin bu planı Trampın daha əvvəlki Qüds və Colan təpələri haqqında qərarları kimi qəbul olunmayacaq. Rədd ediləcək. Lakin indi Tramp arxasına ABŞ-ın hərbi-siyasi gücünü aldığı üçün Yaxın Şərqdəki müttəfiq dövlətlərini planı ilə barışmağa məcbur edəcək. Lakin Qüds və Colan qərarlarından fərqli olaraq Fələstin məsələsi, yəni Kuşnerin planı həm də hərbi toqquşmalara səbəb ola bilər. Bu mənada Kuşner planı Yaxın Şərq üçün ciddi risk daşıyır.