Şahin Cəfərli: “Siyasi əlaqələrin pisləşməsi Türkiyə iqtisadiyyatına zərər vurur”

Mayın 16-da ABŞ prezidenti Donald Tramp Türkiyəyə münasibətdə iki əhəmiyyətli addım atıb. Bunlardan birincisi, Türkiyənin ABŞ-la ticarətdə vergi güzəştlərinin ləğv olunmasıdır. Tramp bir neçə ay əvvəl dediyi sözlərə əməl edərək, Türkiyəni  inkişaf etməkdə olan ölkələr kateqoriyasından çıxarıb, inkişaf etmiş ölkə kateqoriyasına daxil edib. Bununla da Türkiyənin ABŞ-la ticarətdə onilliklər boyu yararlandığı güzəştlər dayandırılıb.

Trampın ikinci qərarı ilə Türkiyədən ABŞ-a ixrac edilən polad məmulatlarına ötən ilin avqustunda tətbiq olunan 50 faizlik gömrük rüsumu yenidən 25 faizə endirilib. ABŞ prezidenti bunu avqust qərarı nəticəsində Türkiyədən ölkəsinə polad ixracının 48 faiz azalması ilə izah edib. Ümumilikdə isə Trampın müxtəlif ölkələrdən polad idxalına tətbiq etdiyi yüksək rüsumlar nəticəsində ABŞ-a bu məhsulun idxalında 12 faiz azalma qeydə alınıb. Bu isə daxili istehsalçılar üçün ciddi problemlər yaradır.

Qeyd edək ki, ABŞ Türkiyənin 4-cü böyük ticarət tərəfdaşıdır.  2018-ci ildə ABŞ ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 20,7 milyard dollar olub. Bunun 12,4 milyard dolları Türkiyənin ABŞ-dan idxalı, 8,3 milyard dolları isə ABŞ-a ixracatının payına düşür. Ticarət dövriyyəsi 2017-ci ildə kəskin artım nümayiş etdirib. Belə ki, 2016-cı ildəki 17,5 milyard dollardan 2017-ci ildə 20,6 milyard dollara yüksəlib. Bu zaman Türkiyənin ABŞ-a ixracı daha çox artıb – 6,6 milyard dollardan 8,6 milyard dollara. 2017-ci ildə Türkiyənin inkişaf etməkdə olan ölkə statusunda ABŞ-a rüsumsuz ixrac etdiyi məhsulların ümumi dəyəri 1,7 milyard dollar təşkil edib.

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Donald Tramp Türkiyəni ABŞ-ın güzəştli rüsumlar sistemindən (Generalized System of Preferences – GSP) çıxaracağını hələ martın 4-də açıqlamışdı: “GSP 1974-cü ildə qüvvəyə minib və Türkiyə 1975-ci ildə bu proqrama daxil edilib. GSP üzrə 121 ölkədən təxminən 4 min çeşid məhsul ABŞ bazarına gömrük rüsumu ödənilmədən daxil olur. Tramp bildirib ki, ötən 45 ildə Türkiyə iqtisadiyyatı xeyli inkişaf edib və diversifikasiya olunub, adambaşına düşən gəlir artıb, yoxsulluq azalıb. Bu səbəblə, ABŞ artıq Türkiyəni inkişaf etməkdə olan ölkələr sırasında görmür. Qərarın əsaslandırılması şübhəsiz ki, Türkiyə rəhbərliyinin xoşuna gələcək, onlar çıxıb ”biz inkişaf etmiş ölkə deyilik, bu qərar yanlışdır” deyə bilməyəcəklər. Amma qərarın nəticələri haqda nikbin danışmaq mümkün deyil. Türkiyə GSP çərçivəsində ABŞ-a rüsumsuz avtomobil ehtiyat hissələri, qiymətli daşlar və zinət əşyaları, plastika, kənd təsərrüfatı məhsulları və s. ixrac edirdi. 2017-ci ilin rəqəmlərinə əsasən Türkiyə güzəştli şərtlərlə ABŞ-a 1,7 milyard dollarlıq mal ixrac etmişdi. İndi bu güzəştlərin aradan qaldırılması Türkiyənin ABŞ-a ixracına mənfi təsir göstərəcək. Təsadüfi deyil ki, Türkiyə GSP proqramında qalmaq istədiyini Vaşinqtona bildirmişdi, lakin gördüyümüz kimi, Ankaranın bu istəyi nəzərə alınmayıb”.

Politoloq hesab edir ki, iki ölkə arasında münasibətlərdə yaranmış soyuqluğun bu məsələyə təsirini inkar etmək olmaz: “ABŞ Türkiyənin GSP proqramından çıxarılması məsələsini 2018-ci ilin avqustundan etibarən nəzərdən keçirməyə başlamışdı. O vaxtdan bəri problemlər nəinki həll olunmadı, əksinə, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi satın almağa hazırlaşması səbəbi ilə gərginlik daha da artdı. ABŞ israrla Türkiyəni bu anlaşmadan imtina etməyə çağırır, artıq Konqresdə Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihələri hazırlanıb. Hazırda qüvvədə olan CAATSA (ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar yolu ilə mübarizə aparmaq) qanunu çərçivəsində də Türkiyəyə sanksiyaların tətbiqi mümkündür. GSP-dən çıxarılmağın Türkiyə üçün ağır nəticələri olmayacaq, amma Vaşinqton bununla Ankaraya nümayiş etdirir ki, S-400 sevdasından vaz keçməsə, daha sərt sanksiyalara məruz qala bilər”.

Ş.Cəfərli deyir ki, Türkiyənin çox kövrək iqtisadiyyatı var və ölkə hazırda resessiyaya girib: “Böhran getdikcə ağırlaşır, işsizlik son 30 ilin rekordunu vurub, lirə ucuzlaşmaqda davam edir. Borcları ödəmək çətinləşir və defolt riski var. Belə bir məqamda ABŞ-ın sərt iqtisadi sanksiyaları Türkiyə iqtisadiyyatını sözün əsl mənasında alt-üst edə bilər. Ona görə də mən düşünürəm ki, Türkiyə S-400 məsələsində ABŞ-la hansısa ortaq nöqtə tapmağa çalışacaq. Ola bilər ki, S-400 Türkiyəyə gətirilsin, amma istifadə olunmasın. Vaxtilə Kipr yunan hökuməti Rusiyadan S-300 satın almışdı, amma Türkiyənin çox sərt etirazlarından sonra ABŞ-ın çağırışı ilə Yunanıstan bu silahı Kiprdən çıxarıb aparmışdı. Hazırda həmin S-300 Yunanıstanın Krit adasındadır və istifadə olunmur”.

Politoloqun sözlərinə görə,  2017-ci ildə Türkiyə ABŞ-a 1,83 milyon ton polad satıb və ABŞ Türkiyə polad sektorunun ən böyük ixracat bazarı idi: “Siyasi əlaqələrin pisləşməsi Türkiyə iqtisadiyyatına zərər vurur. Ticarət savaşlarının, bazarlar uğrunda rəqabətin şiddətləndiyi bir zamanda bu cür böyük bazarı itirmək Türkiyə üçün yaxşı deyil. Siyasətçilər daha məsuliyyətli və soyuqqanlı olmalıdır, ancaq təəssüf ki, Türkiyənin (elə ABŞ-ın da) hazırkı rəhbərliyi haqqında bunu söyləmək imkansızdır”.