Tehran iqtisadi blokadanı yara bilməsə də, siyasi baxımdan embarqonun təsirlərini zəiflətməyə çalışır

ABŞ hökumətinin İranı zəiflətmək üçün fəaliyyətləri günü-gündən daha da şaxələnir və ağıla gəlməyən sahələrə qədər yayılır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel bildirib ki, Vaşinqton İran və Rusiya ilə mübarizəyə daha çox maliyyə vəsaiti, zaman ayırmışıq, yaradıcılıq sərf edib və bu səylər nəticə verməyə başlayıb.

Əslində MKİ direktorunun dedikləri müəyyən qədər həqiqətdir. Məlum olduğu kimi, Tramp prezident kimi fəaliyyətə başladıqdan az sonra Mərkəzi Kəşfiyyat İdarəsinin İranla bağlı bölümünə Yaxın Şərqdə gizli sui-qəsdlər və kəşfiyyat müharibələrinin ustası kimi tanınan və İrana nifrəti ilə seçilən “Ayətullah Mayk” ləqəbli təcrübəli kəşfiyyatçı Maykl D’Andreanı təyin edib.

ABŞ-ın bin Ladeni öldürdüyü əməliyyatdan bəhs edən filmdə də xarakteri yer alan təcrübəli kəşfiyyatçı Pakistan, Yəmən kimi ölkələrdə pilotsuz aparatlarla hava zərbələrində rolu olub. 2008-ci ilin fevralında Dəməşqdə Hizbullah komandiri İmad Muğniyənin qətlində də Maykl D’Andreanın adı keçir. Bu mənada MKİ-nin ixtisaslaşdığı sahədə amerikalıların müəyyən nəticə aldığını demək olar, lakin o da məlumdur ki, indi ABŞ-İran “cəbhəsi” xeyli genişdir.

Ən son olaraq aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah Pasdaran İnqilabi İslami və ya sadəcə, Sepah – K.R.) terrorçu təşkilat kimi tanıyan qərarı imzalayıb. Eyni zamanda Trampın qərarında Sepahın xaricdə əməliyyatlar üçün ixtisaslaşmış “Qüds” briqadası da terrorçu təşkilat siyahısına daxil edilib.

ABŞ prezidenti deyib ki, bu qərarın əsas səbəbi İranın qlobal terrorizmi dəstəkləməsi və bu fəaliyyəti Sepahın aparmasıdır. Onun sözlərinə görə, bu qərar İrana qarşı təzyiqin həcmini daha da böyüdəcək. Donald Tramp deyib ki, bu qərara əsasən, Sepahla əməkdaşlıq edənlər terrorizmə dəstək vermiş sayılacaq.

Bu qərardan bir neçə gün sonra “İnstagram” sosial şəbəkəsi “Qüds” briqadasının komandiri, əfsanəvi general Qasim Süleymaninin 888 min üzvü olan səhifəsini bağlayıb. Bundan başqa Sepahın digər komandirlərinin və İran hökumətinə aid bəzi səhifələrin də qapadıldığı məlum olub.

Trampın Sepahla bağlı qərarı həm də hüquqi baxımdan ABŞ ordusunun İrana müdaxiləsi üçün səbəb yaradır. İran hökuməti də bunun fərqindədir. Yeri gəlmişkən, İran parlamenti də bu günlərdə ABŞ ordusunu terrorçu kimi tanıyan qanunu təsdiqləyib. Bu o deməkdir ki, Əfqanıstandan Yəmənə qədər böyük bir coğrafiyada ABŞ və İran ordusu hər zaman qarşılaşa bilər. Ehtimal ki, bu qarşılaşma olacaq, lokal, ictimaiyyətdən gizlədilsə belə. Yeri gəlmişkən, Trampın Sepah qərarından sonra ABŞ dövlət katibi Maykl Pompeo elan etdiyi ki, indiyə qədər Sepahın 600-ə qədər amerikalı hərbçinin ölümündə əli olub.

Bu vəziyyət həm də ciddi müharibə riski deməkdir. Günlərin birində Yaxın Şərq coğrafiyasının hansısa nöqtəsində bu toqquşma baş verə və tezliklə regiona yayıla bilər. Sepahın komandanı general Məhəmməd Əli Cəfəri bir neçə ay əvvəl bildirmişdi ki, indi İran İsrail və Amerika ilə əsəb müharibəsi aparır. Sitat: “Sizin bəzi hücumlarınıza qarşı səbirli davranmamızın böyük bir hikməti olduğunu bilin. Şübhəsiz ki, çox uzaq olmayan bir zamanda inqilabın səbrini və məsləhəti başa düşəcəksiniz”.

Ancaq iqtisadi sanksiyalar dərinləşdikcə gərginliyin daha da artması gözləniləndir. Çünki ABŞ hökuməti indi İrana hər tərəfdən, hərbi, siyasi, iqtisadi, ticarət və sair sahələrdən sıxmağa çalışır. Məlum olduğu kimi, Tramp fəaliyyətə başladıqdan sonra İranla “altılıq” arasında imzalanmış sazişə qarşı çıxıb, 2018-ci ilin mayında ABŞ prezidenti birtərəfli qaydada nüvə anlaşmasından çıxıb və avqustda İrana qarşı sanksiyaların birinci mərhələsini elan edib. Noyabrın 4-də isə ABŞ-ın İrana qarşı embarqolarının növbəti – ikinci dalğası işə düşüb. 8 ölkə istisna olmaqla, digər ölkələrin İrandan neft alması yasaqlanıb. Yəni istisna olmayan ölkələr İrandan neft aldığı təqdirdə ABŞ sanksiyalarına məruz qalacaq.

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının yaxın zamanda ciddi təsiri olmasa da, rəsmi Tehranın iqtisadi imkanlarını xeyli dərəcədə zəiflədir. Embarqolar səbəbindən İran xaricdən yeni sənaye texnologiyaları ala bilmir, xarici bazarlara rahat çıxış əldə edə bilmir. Hətta Tehranın ən yaxın qonşusu olan İraq belə Vaşinqtonun ciddi təzyiqi altındadır.

Tramp administrasiyası hesab edir ki, bu sanksiyalar Tehranın gəlirlərini xeyli azaldacaq və onun xarici ölkələrdə, xüsusən də Yaxın Şərqdəki silahlı qruplara yardımlarının azalmasına səbəb olacaq. Lakin 2017-ci ilin dekabrındakı hadisələr göstərdi ki, Vaşinqton Tehrana qarşı sanksiyaların əsas təsirini ölkə daxilində görmək istəyir. Yəni amerikalı analitiklər düşünür ki, iqtisadi vəziyyət pisləşdikcə narazılıq da artacaq və xalq küçələrə çıxacaq. İlk dəfə 2017-ci ilin 26 dekabrında bu təcrübə baş verdi. İqtisadi vəziyyətə etiraz olaraq Məşhəddə başlayan mitinqlər tezliklə İranın bütün bölgələrində kütləvi etirazlara səbəb oldu. Tramp administrasiyasının Tehrana qarşı aramsız sanksiyalarının əsas hədəfi məhz budur. İranın həddən artıq cavan və etiraz potensiallı əhalisi var. Sosial-iqtisadi vəziyyət pisləşdikcə bu adamların küçələrə çıxıb hökumət əleyhinə etiraz yürüşü etməsi və eyni zamanda hakimiyyət əleyhinə olan fəaliyyətlərə qoşulması halları artacaq. Bu isə yaxın perspektivdə Tehranın başının öz daxili işlərinə qarışması, Yaxın Şərqdə fəaliyyətinin zəifləməsi, uzaq məqsəddə isə hakimiyyətin dəyişdirilməsini hədəfləyir. Yeri gəlmişkən, bunu iki il əvvəl prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da açıq şəkildə bildirmişdi.

Lakin bir maraqlı detal var ki, hər nə qədər sanksiyaların iqtisadi vəziyyəti pisləşməsi, əhalinin dolanışığına mənfi təsiri olsa da, ard-arda gələn embarqo qərarları İranda hakimiyyət daxilində birlik yaradır. Son qərarlara “mühafizəkar” və “islahat” camiəsinin reaksiyası eyni oldu. 10 il əvvəlki sanksiyalar dövründə olduğu kimi, bu dəfə də İran hakimiyyəti xarici təzyiqləri daxildə birliyin güclənməsinə yönəldə bildir.

Lakin istənilən halda Vaşinqtonun genişmiqyaslı təzyiqləri İran üçün ağır bir sınaqdır və Tehranın bu şərtlərdə nə qədər müddət tab gətirəcəyi məlum deyil. Tehran indi Rusiya və Türkiyə ilə daha da yaxınlaşmağa çalışır, eyni zamanda 2020-ci il seçkilərində Trampın məğlub olmasını gözləyir.(musavat.com)