Dəfələrlə yazmışıq ki, formal, birqiymətli Aristotel məntiqi böyük siyasətdə heç də yaxşı yadımçı deyil, burada məsələlər daha mürəkkəb və hətta dolaşıqdır, necə deyər, iki üstə gəl iki heç də həmişə dörd etmir.

Razılaşın ki, İran bir dövlət kimi heç də Şimali Koreyadan qorxulu və təhlükəli deyil, ən azı ona görə ki, Tehran illərdir çabalayır ki, atom silahını əldə etsin, Pxenyanın isə atom, hətta hidrogen bombası da var və üstəlik, İrandan fərqli olaraq Şimali Koreyada hətta məhdud demokratiyanın belə rüşeymləri yoxdur, bu ölkənin siyasi sistemi daha repressiv və anti-humanistdir, həm də Şimali Koreya öz regionu və eləcə də dünya üçün İrandan az təhdid yaratmır.

Ən başlıcası isə, dünyanın siyasi təhlilçiləri və politoloqları hələ də bir sual üzərində baş sındırmaqdadırlar: İranla nüvə sazişi cənab D.Trampı niyə razı salmadı, axı bu saziş B.Obama dövründə az qala, ABŞ diplomatiyasının uğuru hesab olunurdu!..

Eləcə də prezident B.Obama cənab V.Putindən günakar və yaxud da qeyri-simpatik bir şəxs deyildi, ən azı ona görə ki, Putin təkcə Krımı və Şərqi Ukraynanı deyil, Abxaziyanı və Cənubi Osetiyanı faktiki olaraq işğal edib, eyni zamanda demək olar ki, bütün sovet məkanını təhdid və qorxu içində saxlayır, öz ölkəsinin siyasətində isə bir aktyorun teatrını qurub, müasir politologiyanı tandemokratiya, suveren demokratiya və effektiv dövlətçilik kimi əcaib anlayışlarla zənginləşdirib. Amma cənab Tramp Obama dövründə əldə olunmuş saziş və qərarların üzərindən elə xətt çəkir ki, sanki bu adam qaradərili bir şəxsin ümumiyyətlə ağlabatan bir qərar qəbul edəcəyinə inanmır…

Bilirəm, səbrsiz oxucu dərhal soruşacaq ki, bütün bu müqayisələr nəyə lazımdır axı? Müəllif müqayisəli politologiya həvəskarıdırsa, bu o demək deyildir ki, biz də bu isti yay günlərimizdə vaxtımızı hansısa bir mücərrəd müqayisələrə həsr etməliyik!..

Düzdür, amma məsələ bundadır ki, çox tezliklə ABŞ-da prezident seçkiləri kampaniyasına start veriləcək və demək olar ki, onlar artıq təxminən başlayıb və bu prosesin mərkəzi sualı budur ki, Tramp növbəti dəfə prezident ola biləcəkmi?..

Əksər analitiklərin fikri budur ki, onun şansları yetərincə yüksəkdir, baxmayaraq ki, ötən seçkilərdəki “Rusiya izi” ilə bağlı söz-söhbət hələ də səngiməyib, üstəlik, birinci prezidentlik müddəti daha çox Trampla ənənəvi ABŞ siyasi maşını arasındakı çəkişmələrlə yadda qaldı – bəli, o, “Volodya yaxşı oğlandır” dedi, siyasət maşını isə Rusiyanı necə sıxmaq və onu öz hərbisilə necə üzük qaşı kimi əhatə etmək haqqında düşündü.

Bəli, D.Trampın proteksionist və ifrat amerikapərəst siyasəti və ritorikası milyonlarla amerikalının, əgər belə demək mümkündürsə, orta statistik “siyasi obıvatel”in ruhunu oxşayır, çünki bu adamlara da siyasi eqoizm və daltonizm yad deyil. D.Trampın siyasətinin konkret iqtisadi dividendlərinə gəldikdə isə, bununla bağlı çox ziddiyyətli fikirlər səslənir: kimisi hesab edir ki, proteksionist siyasət iqtisadiyyatda hiss olunacaq yüksəlişə səbəb olub, başqa birisi ərz edir ki, bütün bunlar eks – prezident Obamanın vaxtında atılan addımların nəticəsidir. Amma ki, bütün hallarda, Trampın opponentlərinin ona qarşı güclü arqumentləri yoxdur.

Güman, Tramp həm də güclü yəhudi diasporunun dəstəyinə ümid bəsləyir. Bu adam özünü ABŞ tarixində ən yəhudipərəst prezident hesab edir. Bunun müəyyən əsasları da var. Məhz D.Tramp Yerusəlimi İsrailin bölünməz paytaxtı, Qolan yüksəkliklərini isə “Vəd olunmuş torpaqlar”ın ayrılmaz hissəsi kimi tanıdı. Düşünürük ki, İranla növbəti qarşıdurma da öz köklərilə bura dayanır.

Trampın lehinə işləyən digər məqamsa budur ki, onun rəqibləri – demokratlar hələ namizədlərini müəyyən etməyiblər. Prinsipcə, bu elə də böyük faciə deyil, təcrübə göstərir ki, seçki prosesi bu yönümdə az qala magik təsirə malikdir və yeni siyasətçilərə özlərini tanıtmaq üçün imkanlar yaradır. Amma əlbəttə ki, Trampın təcrübəsi daha çoxdur və bu onun üçün daha bir üstünlük yaradır.

Demokratların daha bir problemi var. Bu partiyanın daxilində yeni ideoloji tendensiyalar duyulur, partiya getdikcə daha çox sosialistləşir və liberallaşır. Əlbəttə, miqrantlar və yaxud da müxtəlif azlıqlar bu təmayüllərə dəstək verir, amma təbii sual yaranır: sosialist ideyaları və ifrat liberalizm Amerika dəyərləri və ənənəvi sağçı düşyagörüşü baxımından nə dərəcədə uğurlu siyasi metamarfoza hesab oluna bilərlər?

Axı yüz illərin təcrübəsi göstərir ki, sosializm, hətta onun ən müasir Avropa tipi ABŞ-da baş tutası sevda deyil, çünki ən ali ABŞ dəyəri çox geniş mənada başa düşülən azadlıqdır, baxmayaraq ki, səhv etmiriksə, məsələn, 1 May bayramı Amerika sosialist hərəkatı ilə bağlıdır, həm də bir sıra böyük ABŞ yazıçıları ya sosialist, ya da kommunist olub –bunun üçün C.Londonu və ya T.Drayzeri xatırlamaq yetər.

Güman, oxucuları belə sual da düşündürür ki, Tramp ikinci dəfə seçilərsə, Qarabağ problemində nə dəyişər və yaxud ABŞ prezidenti bu problemlə bağlı nə düşünür? Birinci prezidentlik müddətinin təcrübəsi göstərdi ki, cənab Tramp bu haqda, ümumiyyətlə, düşünmür. Amma bu pessimizm üçün də əsas vermir. ABŞ prezidentinin Rusiyanın post-sovet məkanında təsirini azaltmağa yönələn ciddi planları var.

Bundan başqa, Tramp ermənipərəst siyasətçi deyil, ona yəhudi diasporunun dəstəyi də bəs edir. Həm də o, artıq ermənilərə özünün siyasi mesajını göstərib. Bunu Con Bolton Cənubi Qafqaz ölkələrinə ötən ilki səfəri zamanı ifadə etmişdi: problemlərinizin həllini istəyirsinizsə, ölkənizin regional siyasətini dəyişin.

Elə Paşinyanın da hikkəsi, şizofrenik tutmaları (xəyalı gerçəklik kimi qəbul etmək şizofreniyanın əlamətlərindən biridir) məhz bununla bağlıdır. Qərblə bağlı planların alınmaması bir yana, onun Rusiya ilə də ciddi problemləri var, – ondan əvvəlkilər rəhbərlərin, Koçaryanın və ya Sarqsyanın, hətta xeyli müddət L.Ter-Petrosyanın Moskva ilə normal münasibətləri vardı, amma yeni baş nazir buna da nail ola bilmir.

Odur ki, Ermənistan təkcə institusional iflic yaşamır (S.Sarqsyan dövrünün məxfi hesabatında deyildiyi kimi!), N.Paşinyan hakimiyyətə gələndən sonra ölkənin xarici siyasəti də iflic olubdur.

O, həm də gözəl analyır ki, ölkəni sosial-siyasi dəlikdən çıxara bilməyəcək, əgər Qarabağ məsələsində də güzəştə getsə, onda yüzə -yüz özünün hökmünü vermiş olacaq. Fəqət, hökm bütün hallarda veriləcək, ona görə ki, istənilən hakimiyyətdən insanlar bir gün vəd olunanları soruşmağa başlayırlar.

Bu günlərdə yeni xəbər yayıldı ki, Tramp Ukrayna prezidenti V.Zelenskini ABA-a dəvət edib. Yada salaq ki, N.Paşinyan nə qədər çalışdısa, buna nail ola bilmədi. Bəzi oxucular deyə bilər ki, eks-prezident P.Poroşenko da ABŞ-a dəvət ala bilməmişdi, amma bunun özəl səbəbləri vardı: Poroşenko ABŞ-dakı son prezident seçkilərində H.Klintona dəstək vermişdi.

Nə etmək olar, siyasətdə bu cür hallar olur, o, ən adi insan hislərindən və ehtiraslarından xali deyil, çünki siyasəti də adamlar yaradır və həyata keçirirlər, onlar isə heç bir halda mələk kimi olmurlar.

O ki qaldı bizim bütün bunlardan-yazılanlardan çıxaracağımız ən əsas nəticəyə, gəlin unutmayaq ki, qarşımızdakı düşmən hansısa güclü bir ölkə yox, yarıac və zəif Ermənistandır. Bu vaxta qədər onun gücü Rusiya ilə geosiyasi ittifaqında idi, amma indi bu ittifaq “çat” verib, iki ölkənin münasibətlərində ciddi böhran və narazılıq yaşanır. Bəli, bu bizim yazının qənaətidir, o ki qaldı sizin öz qənaətinizə, bu artıq sizlikdi.

Hüseynbala Səlimov / musavat.com