Azərbaycanda futbol üzrə qadın millisinin üzvü Aysun Əliyeva və nişanlısı, çimərlik futbolu milli komandasının üzvü Amid Nəzərovun “Qafqazinfo”ya müsahibəsi:

– Azərbaycanda futbolçu qadın olmaq çətindir?

– A.Ə: Fikrimcə, Azərbaycanda yox, bütün dünyada futbolçu qadın olmaq və ya qadın olaraq idmanla məşğul olmaq çətindir. Çünki hamı düşünür ki, qadın sadəcə ailə qurub evinin xanımı olmalıdır. İdmana yaxın dura bilməz. Azərbaycanda bu, lap pisdir. Son zamanlar normal baxmağa başlayıblar. Amma yenə də bu hallarla rastlaşırıq. Əvvəlki illərə baxanda indi daha çox qız futbol oynayır. Amma yenə də ətrafda pis fikirlə baxırlar.

– Şəhərdə, ətrafınızda bunu hiss edirsiz?

– A.Ə: Çox uzağa getməyək, elə dostlarım, qohumlarım yenə də pis baxırlar. Amma elə insanlar var ki, xoşlarına gəlir. Çoxu isə mentalitetə görə yaxına buraxmır.

– Qohum-əqrabadan nəsə deyən olur?

– A.Ə: O qədər… Hamı kimi məndə də eyni situasiya olub. Pis baxıblar, icazə verməyiblər, qız futbol oynamaz deyiblər. Bildiyiniz şeylər.

– Bəs, valideynləriniz?

– A.Ə: Anam həmişə narazı olub. Səbəb də odur ki, mənim oxumağımı istəyirdi. Atam və qardaşım heç nə demirdi. Anam deyirdi ki, oxumaq ən yaxşısıdır. Çünki bilirdilər ki, qadın futbolu, idmanı tez qurtarır. Sonra gördü ki, nəticə var, bir şey əldə edirəm və icazə verdi.

– Federasiya qadın futboluna diqqət ayırırmı?

– A.Ə: İndiyə qədər çox ölkədə olmuşam, orada legioner həyatı yaşamışam. Bəzi şeylər var ki, federasiyanın diqqəti yetərincədir. Başqa ölkələrdə futbolçu qız çoxdur. Onlara bəlkə bizim qədər diqqət ayırmırlar. Çünki bizdə qadın futbolçu qıtlığı var. Bizi itirməmək üçün qayğı göstərirlər… Türkiyədə futbolçu problemi yoxdur. Milli komandada oyunçu çoxdur.

– Bəs çimərlik futbolu Azərbaycanda nə səviyyədədir?

– A.N: Bizim çimərlik futbolumuz demək olar ki, qadın futbolu ilə eyni səviyyədədir. Çünki adam azdır. Kimsə öz uşağını birbaşa çimərlik futboluna gətirmir. Böyük futbola gedirlər və alınmır, sonra gətirirlər çimərlik futboluna. Çimərlikdən böyük futbola getmək asandır, amma çimərlik futbolunun özünü oynamaq çətindir. Yeni başlayanda deyirdim ki, belə futbol olar? Davam etdikcə öyrəşirsən və nəsə alınır, fikir dəyişir. Yeni uşaqlar gələndə deyirlər ki, çətindir, gedən olur, qalanların isə sayı azdır.

– Siz də böyük futboldan gəlmisiz?

– A.N: Mən də böyük futbolu seçmişdim. Rusiyada qışda fasilə oldu deyə çimərlikdə futbol oynadım. Dizimdə zədə oldu. Həkim də dedi ki, çimərlik futbolu oyna, ya da futbolu at. Məcburi bura gəldim. Elə oldu ki, milliyə də dəvət etdilər. Yəqin ki, düz etdim.

– Aysun xanım, siz də legioner həyatı da yaşamısız…

– A.Ə: 16 yaşımda İspaniyaya yollandım. “Rayo Valyekano”da yoxlanışdan keçdim. Amma yaşım düşmədi, geri döndüm. Həmin komandanın əsas heyətinə düşməli idim. İspaniyada belə qanun var ki, 18 yaşından sonra orada qala bilərsən. Həm də özünə bir ailə seçməlisən.

– Azərbaycanda qadın çempionatının səviyyəsi necədir?

– A.Ə: Başqa ölkələrlə müqayisədə aşağıdır. AFFA birinci liqanı 2 ildir ki, yaradıb. Onsuz da çox komanda yoxdur. Çempionluq üçün çıxış edən 2-3 komanda var. Qalanları orta səviyyədədir. Mən də 6 dəfə çempion olmuşam. Mən gedəndə komandalar çempion olur (gülür).

– Sizdə futbola maraq necə yaranıb? Bəlkə də futbola baxmaq, azarkeşlik marağı ola bilər, amma bir xanımın futbol oynamaq istəməsi hardan qaynaqlanıb?

– A.Ə: Qardaşım futbol oynayırdı və ona baxırdım. Düşürdüm həyətə və oğlanlarla oynayırdım. Sonra qızlarla basketbola getdim və gördüm ki, maraqlı deyil. Bir ara atletika ilə məşğul oldum, amma sanki nəsə çatmırdı. Mənə başqa bir şey lazım idi. “Neftçi”nin 12 yaşlılardan ibarət oğlanlar komandasına getdim və orada liqada çıxış etdim. Qadınlar komandası yarananda isə buraya gəldim.

– Hansı kluba azarkeşlik edirdiz?

– A.Ə: “Qarabağ”a qardaşımla birlikdə baxıram. Xaricdə “Barselona” və “Fənərbaxça”ya azarkeşlik edirəm.

– A.N: Mən “Real”a azarkeşlik edirəm, o isə “Barselona”ya.

– Birlikdə oyuna baxmısız?

– A.Ə: Bəli. Futbol bəxt oyunudur, kimin bəxti gətirirsə, o qazanır.

– Məşqlərin ağır keçməsi əziyyət vermir?

– A.Ə: Qadınlar dözümlülük baxımından kişilərdən üstündür. Kişilərə bir saat qaçış məşqi versən, müəyyən müddət sonra dayanacaqlar. Qadınlar bilir ki, getmir, dayanmaq lazımdır, amma davam edirsən.

– A.N: Düz deyir ki, qadınlar daha dözümlüdür. O ki, qadın ki, dünyaya uşaq gətirir, ona dözür… Futbol oynamaq onun üçün nədir ki?!

– Bəyəndiyiniz kişi futbolçu kim olub? 

– A.Ə: David Villa. İnyesta, Xavi, Modriç kimi futbolçular da var.

– Ətrafındakı dostlarınız futbolçu qızlardır?

– A.Ə: Əksəriyyəti futbolçu qızlardır. Amma adi qızlar da var. Onlar da mənə deyirlər ki, sənə baxıb sənin kimi olmaq istəyirik. Mənə görə dünyanın ən yaxşı işini görürəm. Komandada sevinc, kədər – hər şey yaşayıram. Ölkələri gəzirəm, yeni dostlar tapıram. Bu, mənim üçün böyük şeydir. Həyatım çox maraqlıdır. Adi qızlar oxuyur, evlənir və bitdi…

– Rusiya soyuq ölkədir, orada çimərlik futbolu necə inkişaf edir?

– A.N: Sankt-Peterburqda üstüörtülü stadion tikiblər. Orada hər zaman futbol oynanılır.

– Çimərlik futboluna Rusiyada maraq necədir?

– A.N: Rusiya böyük ölkədir. Orada maraq çoxdur. Həvəs və insanlar var. Bizim ölkədə o dərəcədə futbola maraq yoxdur.

– Ailəniz Azərbaycanda yaşayır, yoxsa Rusiyada?

– A.N: Mən Rusiyada doğulmuşam. Atam Sankt-Peterburqda əsgərlikdə olub. Şəhər xoşuna gəlib və Azərbaycana gəlib evləndikdən sonra yenidən ora qayıdıb. Biz orda yaşayırıq və Azərbaycana da gəlib gedirik. Atam Gədəbəydən, anam Yevlaxdandır.

– Azərbaycan millisinə necə dəvət aldınız?

– A.N: Yığmamız Sankt-Peterburqa turnirə gəlmişdi. Həmin turnirdə mən də oynayırdım. Bizim komandamız orada birinci yeri tutdu. Məni görəndə bilmirdilər ki, azərbaycanlıyam. Klubumuzun prezidentindən soruşublar və deyib ki, azərbaycanlıdır. Sonra zəng elədilər və dedilər ki, burada oynamaq istəyərsən? Mən heç bilmirdim ki, çimərlik millimiz var. Bilirdim ki, Rusiya, İspaniya, Portuqaliya var. Əvvəlcə, elə bildim ki, zarafat edirlər. Çağırdılar və dedilər ki, Dubayda toplanış olacaq. Dubay deyəndə ümumiyyətlə inanmadım. Yenidən əlaqə saxladılar və toplanışa çağırdılar. 2013-cü ildən millidə çıxış edirəm.

– Çimərlik futbolunda məşqçilər tez-tez dəyişir…

– A.N: Avropa Oyunlarına əcnəbi məşqçi gətirdilər. Sonra yerli məşqçi gəldi Zeynal Zeynalov. Onunla birlikdə A divizionuna yüksəldik.

– Aysun xanım, qadın futbolunda gəlirlər sizi qane edirmi?

– A.Ə: Azərbaycanda, yox. Biz kişilər kimi klublardan maaş almırıq. Heç yerdən maaş almırıq. Ancaq başqa ölkəyə gedəndə gündəlik pul alırıq. Mən bu il “Sumqayıt”da oynayırdım və çempion olduq. Heç nə olmadı. Azərbaycanda qadın futbolunda ən yaxşı klub “Neftçi”dir. Pul verməsə də, vitaminlər verirdilər, paltar verirdilər, oyunlardan öncə otelə gedirdik. Amma orada da maaş yox idi.

– Kişi futbolçularla görüşürsüz, münasibət varmı?

– A.Ə: O qədər mübahisə edirik ki,.. Bir dəfə kişi futbolçulardan biri demişdi ki, “siz qadınsız, gedin yeməyinizi bişirin”. Həmin vaxtı onlarla dava etmişdik. Kişilər nə qədər zəif olsa, qadından güclüdür. Meydanda bizdən daha tez düşünürlər. Biz 5 saniyəyə düşünürük, onlar 3 saniyəyə. Niyə qadın futboluna baxanlar azdır? Çünki temp çox aşağıdır.

– Tanışlığınız necə olub? 

– A.N: Oyunlardan sonra boş vaxt idi və AFFA-da qalırdım. Uşaqlar çağırırdılar ki, gəl, aşağıda futbol oynayaq. Mən də çox vaxt otaqdan çıxmırdım. Bir az sanki utanırdım. Bir dəfə çıxdım. Sən demə, həmin vaxt Aysunu da çağırmışdılar. Mən topu gördüm, top da onu görürdü. Eyni komandada oynayırdıq və iki dəfə topu başına vurdum. Dedim ki, yəqin buna görə çıxmışam. Ondan sonra danışmağa başladıq. Məni gördü, ağlı çıxdı başından (gülür).

– A.Ə: Əvvəllər mənim ondan zəhləm gedirdi. Ümumiyyətlə, özünü bəyənən insanları sevmirəm. Deyirdi ki, mən yaxşı oynayıram. Topla Ronaldo hərəkətləri edirdi və mən əsəbiləşirdim. Sonrasını bilmirəm necə oldu. Başladıq danışmağa. Ad günümdə mənə AFFA-da salfetdən gül düzəltmişdi. Ümumiyyətlə, təbii gülü sevmirəm, ona görə belə etmişdi. Bakıda Qazaxıstanla oyunumuz var idi. Həmin ərəfədə Amidin ad günü idi. O, məni təbrik etmişdi deyə yadımda qalmışdı və düşünürdüm ki, mən də təbrik edim, hesab 1:1 olsun. Təbrik etdim və oyunuma çağırdım.

– A.N: Həyatı da futbol kimi edirik. 1:1, 2:1 və hələ ki, mən uduram.

– A.Ə: Oyunuma çağırdım və dedi ki, yaxşı oyunçusan mənim kimi.

– A.N: Ondan sonra bəxtimiz bir dəfə gətirib ki, çıxıb birlikdə nəsə oynamışıq. Başqa birlikdə nəsə etmək istəyəndə alınmır. Bax özümüzdən danışmağa başladıq, telefonunuza zəng gəldi. Həmişə belə olur (gülürlər).

– Siz Rusiyada yaşayırsız. Məsafə çətinlik yaratmır?

– A.N: Problem sadəcə darıxmaqdır. Uzaq olanda çətindir. Bir var üz-üzə görəsən, bir də var telefonla danışasan. Hazırda nişanlıyıq. Toy da olacaq.

– Evdə ailənizə necə dediniz ki, futbolçu qızı sevirəm və evlənmək istəyirəm?

– A.N: Bayaq Aysun dedi ki, qohumlarım futbolla məşğul olmağıma pis baxırlar. İndi mənim də qohumlarım qoşulub onun qohumlarına. Həmişə Azərbaycana gələndə evdəkilər deyirdi ki, ordan bir qız götür, gəl. Mən də deyirdim ki, yox, evə futbolçu qız gətirmərəm.

– A.Ə: Deyirdi ki, futbolçu qızlar qəşəng olmur.

– A.N: Düz deyir ki, elə düşünürdüm. Sonra deyəndə ki, belədir. Evdəkilər dedilər ki, sən futbolçu qız istəmirdin axı. Nə bilim, ürəyim istədi belə oldu. Evdəkilər mənə dəstək oldu. Dedilər ki, sənin ürəyin necə istəyir, elə də olsun. Sən xoşbəxt ol, çünki biz onunla yaşamayacağıq.

– A.Ə: Mənim də ailəm fikirlərimə hörmət etdi. Dedilər, sən necə istəyirsənsə, elə olsun.

– A.N: Toyumuza da Çempionlar Liqasının musiqisi ilə girəcəyik.

– Toyu nə zaman düşünürsünüz?

– Hər ikisi: Bizdən olsa, bu dəqiqə.

– A.N: Ailəmin Rusiyada yaşaması bir az çətinlik yaradır. Gəlmək-getmək bir az mane olur. 

– Deyəsən, ailəniz üçün Rusiyaya gəlin getməyiniz çətin olacaq?

– A.Ə: Yox, mənim yoxluğuma öyrəşiblər. Uşaq yaşlarımdan xarici ölkələrə oyunlara, toplanışlara getmişəm. Problem yoxdur.