AN Media MMC şirkəti 27 yaşlı gəncin həyatını məhv edib

Qaçqın və məcburi köçkünlər üçün Müşfiqabad yaxınlığında salınan qəsəbədə yaşayan Qasımov Cavanşir AN Media MMC-də işlədiyi zaman ağır xəsarət alıb.

Oğlunun üzləşdiyi bədbəxt hadisə haqqında Elmura Qasımova minval.info-ya danışıb. 27 yaşlı oğlu Cavanşir Qasımov uzun müddət işsiz olub. Sonuncu iş yeri isə ona ən ağır zərbəni vurub.

Elmura Qasımova deyir ki, icra nümayəndəsi Mənzil İstismar Sahəsinə (bundan sonra MİS) qaçqınları işlə təmin etməsi üçün tapşırıq verib. Bir müddət sonra MİS vasitəsilə onun oğlu AN Media MMC-də işə düzəlib.

AN Media MMC şirkəti Bakıda kabel televiziyası, internet və İP TV xidmətləri göstərən şirkətdir. Cavanşir də bu şirkətdə bir müddət işləyib. Günlərin birində isə həmin bədbəxt hadisə baş verib. İş zamanı Cavanşiri elektrik cərəyanı vurub.

Həmin qəza nəticəsində Cavanşir sağ qolunu yarıdan itirib. Bədənin və başının bir hissəsi yanıb.

Bir saylı Kliniki Tibbi mərkəzə gələn Elmura xanıma şirkət nümayəndələri yaxınlaşıb, onu əmin ediblər ki, şikayət etməsə, şirkət bütün köməkliyi göstərəcək. Daha sonra Cavanşir reanimasiyaya qaldırılıb və Elmura xanıma evə getməyi tövsiyə edilib:

“Gecə həkimlə danışdım, amma mənə xəstəni başqa xəstəxanaya aparmağımı məsləhət gördü. Məcbur qalıb ayrı xəstəxana ilə əlaqə saxladıq, ilkin ödənişə 5000, sonrakı hər günə 1200 manat istədilər. İmkanımız olmadığı üçün xəstəni orada saxladıq. Sağ olsun, Elnur həkim Cavanşiri ayağa qaldırdı”.

Elmura xanım deyir ki, şirkət verdiyi sözə əməl etməyib: “Əvvəl-əvvəl 200-300 manat verirdi, sonra onu da kəsdilər. Oğlum əməliyyat olanda əlaqə saxladıq, aydın oldu ki, əmrini ləğv ediblər; “əmək müqaviləsi yoxdur, bizim işçimiz deyil”.

İş yoldaşları məhkəmədə əleyhimizə danışdılar, şirkət Cavanşiri sınaq üçün işə götürdüyünü dedi. Amma şahid qismində çıxış edən Qabil müəllim təsdiq etdi ki, şirkət onlardan işçi istəyib, elə Cavanşiri də bu minvalla o göndərib. Baş prokurora teleqram vurdum, çünki bizi məhkəmədə də aldadıb işimizi arxivə atmışdılar. Baş prokurorluq məni qəbul etdi, üç ay davam edən məhkəmə prosesi yenidən başladı. Hakim şirkətin direktoru Şahhüseynov İlqara iki il icbari iş və dövlətin lehinə 20 faiz pul kəsdi. İlqar müəllim məhkəmə zalında söz verdi ki, Cavanşirin müalicəsini üstünə götürəcək, amma bunların heç biri rəsmiləşdirilmədiyinə görə, sözündən boyun qaçırtdı, etməyəcəyini dedi. Sən demə hakimlə birləşib məni aldadıblar. Bir gün sonra həyat yoldaşımın ürəyi partladı və öldü. İlqar müəllimə iki il iş verilməsinə baxmayaraq hələ də işləyir, şirkəti idarə edir.

Qaradağ məhkəməsi İlqar müəllimin iki il ölkədən çıxmasına qadağa qoyub, ona görə də məhkəməni uzadırlar ki, həmin müddət bitən kimi ölkədən qaça bilsin, sonra da desinlər ki, əlimiz çatmır, heç nə edə bilmərik”.

“Şirkət tərəfindən həyatıma təhlükə var, şəkillərimi, sənədlərimi əlimdən alıblar, etiraz edəndə istəyirdilər bölməyə aparıb 15 sutka versinlər”

Çarəsiz ana deyir ki, oğlunun yanmış bədəninin fotolarını özü ilə götürüb və ABŞ səfirliyinə gedib: “Amma mənə əvvəlcə Ombudsmana müraciət etməyimi, yalnız ondan sonra işimə baxa biləcəklərini dedilər. Ondan başqa Türkiyə səfirliyinə getmişdim, mənə dedilər ki, Xarici İşlər və Səhiyyə Nazirliyinin icazəsi olmadan bunu edə bilməzlər, yoxsa bütün köməkliyi etməyə hazırdırlar. Şirkət tərəfindən həyatıma təhlükə var, şəkillərimi, sənədlərimi əlimdən alıblar, etiraz edəndə istəyirdilər bölməyə aparıb 15 sutka versinlər”.

“Tehranda olanda isə bizi xəstəxanaya qoyub getdi, gecəni dəmir stolda yatdıq”

Müalicə üçün Cavanşiri öz hesablarına bir dəfə İrana aparan Elmura xanım, çarəni tapsa da, bu da şirkətin ucbatından alınmayıb: “Bir dəfə öz hesabımıza İrana getmişik. Ondan sonra İbrahim Tatlısəsin həkimi bizi dəvət etmişdi, İlqar müəllimlə bu məsələni danışıb kömək istədim, sürücüsünə min manat verib bizi aparmağı ona tapşırdı. Yolda bir dəfə çay içdik, gecə də 4 nəfərə bir qril almışdı, dediyinə görə 50 manat xərci çıxmışdı. Tehranda olanda isə bizi xəstəxanaya qoyub getdi, gecəni dəmir stolda yatdıq. Həkim bəzi analiz və dərmanlar yazsa da, sürücü onların lazımsız olduğunu deyib bizi başından etdi. Kor-peşman yenidən Bakıya qayıdası olduq. İlqar müəllimlə görüşdük, şikayəti götürəcəyim halda bircə alın gipisini öz hesabına müalicə edəcəyinin sözünü verdi, amma bir dəfə başım daşdan-daşa dəydiyi üçün qəbul etmədim, yalnız müayinədən sonra şikayəti götürəcəyimi vurğuladım”.

Ananın tək istəyi oğlunun müalicə edilməsidir: “Mənim şirkətdən tək istəyim var. Qolunun protezini düzəltsin, başını müalicə etsin və əmrini bərpa edib pensiya kəssin, başqa heç nə istəmirik. Vəziyyət o yerə çatıb ki, xarici ölkələrdən kömək istəyirəm, icazə vermirlər səsim prezidentə və Mehriban xanıma çatsın. Əslində şirkət oğlumu işə götürüb aylıq üç yüz manat maaş kəsəcəyini desə də, buna inanmıram. Çünki daha əvvəl də bir nəfəri elektrik cərəyanı vurubmuş, onu işdən qovub yerinə Cavanşiri götürüblərmiş. İndi də bir əlili çıxardıb yerinə oğlumu götürmək istəyirlər. Həm, o şəxsin haqqına girə bilmərəm, həm də kim zəmanət verir ki, sabah Cavanşiri çıxardıb yerinə başqa birini qoymayacaqlar? Onlardan bircə istəyim var, o da ki, oğlumu aparıb müalicə etsinlər, vəssalam”.

Fərid Özay

Fotolar müəllifindir

Minval.İnfo