Türkiyənin Uşak şəhərində təmizlik işçisi Əli Cəngiz zibil yeşiklərini boşaldan  zaman tapdığı 6 min türk lirəsini polisə təslim edib.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, Uşak şəhərində zibil yeşiklərini təmizləyən bələdiyyə işçisi içərisində şəxsiyyət vəsiqəsi olmayan və 6 min lira (təxminən 2500 AZN) olan pul qabı tapıb. Dərhal pul qabını hüquq mühafizə orqanlarına təqdim edən Əli Cəngiz şəhər əhalisinin sevgisini qazanıb. Şəhərin Bələdiyyə başçısı tərəfindən qəbul edilən təmizlik işçisi 1 həftəlik tətillə mükafatlandırılıb.

Bələdiyyə başçısı “Bu cür işçilərə sahib olduğumuz üçün çox şanslıyıq”- deyə, bildirib.

İçindəki yüksək miqdar pula toxunmadan pul qabını təhvil verən Əli Cəngiz “Bu günə qədər boğazımdan haram tikə keçməyib” – deyə, vurğulayıb.

Minval.İnfo