Natiq Cəfərli: “Ev alan zaman sənədləşmənin aparılmasında notariusun iştirakını da tələb etmək olar”

Bakıda hələ də mənzil fırıldaqçılarının fəaliyyətinə son qoyulmayıb. Bir mənzili bir neçə nəfərə satan şəxslər və şirkətlər haqqında indiyə qədər mətbuatda çoxsaylı məlumatlar dərc olunub. Bu cür faktlar aşkara çıxdığı zaman müvafiq qurumlar tərəfindən dələduzlar istintaqa cəlb edilib, barələrində hüquqi addımlar atılıb. Lakin fırıldaqçının satdığı mənzili alan vətəndaşlar əziyyət çəkməli olublar.

Xüsusilə də işbazlar bu kimi evləri hələ yaşayış binası tam hazır olmadan satdıqları üçün vətəndaşlar  pul ödəyən zaman hansı mənzili aldıqlarından belə tam məlumatlı olmurlar.

Məsələnin digər tərəfi də budur ki, riskli olsa da  insanlar tam hazır olmayan binadan mənzil almağa maraqlı olurlar. Çünki bina hazır olmadan mənzil alan zaman bu, vətəndaş üçün daha ucuz başa gəlir. Vətəndaşların ucuz mənzil əldə etmə cəhdlərindən isə bəzi dələduzlar istifadə edirlər və nəticə xoşagəlməz sonluqla bitir…

 “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də bu məqamı xüsusi vurğulayaraq bildirib ki, dələduzlardan sığortalanmaq üçün ən işlək model binaların təhvil verilməsindən sonra satışın həyata keçirilməsini tənzimləyən qanun layihəsinin olmasıdır: “Yaxud binaların təməldən satışını həyata keçirməyə icazə verirlərsə, rəsmi sənəd olmalıdır. Bir çox ölkələrdə bu məsələ nəzərə alınıb. Məsələn, Rusiyada məsələ ilə əlaqədar qanuna dəyişiklik oldu. Orada da eyni problem yaşanırdı. Onlar qanuna dəyişiklik etməklə müvəqqəti satış anlayışını gətirməklə problemi həll etdilər. Ən məqbul hal isə bina hazır olduqdan sonra satışı həyata keçirməkdir. Hazır binada satış çıxarış sənədi ilə həyata keçirilir və bununla da mənzilin bir neçə nəfərə satılmasının qarşısı alınır. Bizdə isə bu sahədə bir hərc-mərclik var. MTK-lar binanın təməlindən, ancaq öz daxili sənədləşməsinə uyğun olaraq satışı həyata keçirir. Buna isə nəzarət edən hər hansı mexanizm mövcud deyil. Eyni zamanda mənzilin daha öncə kiməsə satıldığını yoxlamaq da mümkün deyil. Məsələn, binanın ikinci mərtəbəsi hazır olmadığı halda, yeddinci mərtəbədəki mənzili bir neçə nəfərə satırlar. Belə halda vətəndaşın da bunu yoxlama imkanı olmur. Vətəndaşın sadəcə olaraq əlinə MTK-nın möhürlü kağızı verilir. Vətəndaş bilmir ki, həmin kağızdan başqa kiməsə verilib, yoxsa yox”.

Ekspert bildirib ki, bunun üçün internet üzərindən də sistem yaradıla bilər: “Lakin mənzilin dövlət qeydiyyatı yoxdursa, sayt da həmin şirkətə məxsusdursa, orada da qeydiyyatı müxtəlif formalarda düzəldib, məlumatların açıq şəkildə yayılmasının qarşısını ala bilərlər. Çünki bu sistem də öz əllərində olur və ora da istədikləri kimi müdaxilə edə bilirlər. Ancaq qeyd etdiyimiz sayt dövlətin nəzarətində olursa, o zaman bu cür baza ilə dələduzluğun qarşısını almaq olar. Ümumi sayt yaradıb, həmin sayt vasitəsilə mənzilin kimə satıldığını göstərmək mümkündür. Lakin burada da müəyyən məqamlar var ki, problem yarada bilər. Belə ki, özəl mülkiyyətin qorunması məsələsi də var. Bəzi insanlar ola bilər ki, harada mənzil aldıqlarını açıqlamaq istəməsinlər. Bu da özəl həyatdır və insan özü istəməsə, onun haqqında məlumatların açıqlanması da doğru deyil. Ona görə də ya bina hazır olandan sonra satılmalıdır, ya da müvəqqəti satış anlayışı qanunvericiliyə gətirilib, bununla da dövlət qeydiyyatına alınmasına şərait yaratmaq lazımdır”.

Ekspert vətəndaşlara məsələ ilə bağlı öz tövsiyəsini də verib: “Bu günə qədər adı qalmaqallarda hallanmayan şirkətlərdən ev almaq lazımdır. Yaxud ev alan zaman sənədləşmənin aparılmasında notariusun iştirakını tələb etmək gərəkdir. Hüquqi şəxslə vətəndaş arasındakı müqaviləni notariusda təsdiqləmə səlahiyyəti var. Buna  qanunvericilik tam şəkildə imkan verir.  Vətəndaş da ev alan zaman bunları nəzərə almalıdır”.