Redaksiyamıza müraciət edən Pərvanə Şaldıyev adlı şəxs plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərlindən şikayətçi olduğunu bildirib. P.Şaldıyevanın sözlərinə görə, 8 yaşlı oğlu Murad Şaldıyevin cərrah tərəfindən səhv müalicə edilməsi nəticəsində uşağın əl barmaqlarından biri kəsilib.

Pərvanə Şaldıyev bildirib ki, keçən il oktyabrın 16-da axşam saat 5-6 radələrində evlərinin həyətlərində uşaq yıxılıb. Bu zaman həyətdəki daşın başlığı qırılıb və sağ əlinin üzərinə düşüb. Valideynləri dərhal M.Şaldıyevi Travmatologiya İnstitutuna aparıblar. Xəstəxananın həkimi Akif Abdullayev tərəfindən azyaşlının barmağı rentgen edilərək, əli gipsə qoyulub. Axşam olduğu üçün məsləhət görülüb ki, uşaq evə aparılsın, səhər acqarına xəstəxanaya gətirilsin. Çünki narkoz verilərək əməliyyat olunmalı imiş.

P.Şaldıyeva qeyd edib ki, axşam ailə üzvləri qohumları olan Vaqif Qələndərli ilə danışıblar. V.Qələndərli səhər M.Şaldıyevi yanına gətirmələrini məsləhət görüb:

“Səhər Vaqif Qələndərlinin rəhbəri olduğu klinikaya getdik. Həmin vaxt bizə dedi ki, qopmuş qol tikib, Azərbaycanda ondan başqa bu əməliyyatı heç kim edə bilməz. Mən də qohum olduğu üçün ona inandım. Dedi, narahat olmayın, barmaq yerində olacaq, sadəcə, 20 faiz qatlanmağında problem ola bilər. Biz də deyilənlə razılaşdıq. 17 oktyabr səhər saatlarında əməliyyat oldu. Xəstəxanada 1 gün qaldıq, 18-də çıxdıq. 4 gün sonra Vaqif Qələndərli dedi ki, iki həftəlik ABŞ-a gedir. Bizə isə o, olmadığı müddətdə lazım olacaq müayinələri klinikanın tibb bacılarına tapşırdığını və tez-tez sarğısını dəyişəcəklərini bildirdi”.

P.Şaldıyeva sarğı dəyişən zaman uşağın barmağının qaraldığını, sarğıdan iy gəldiyini görüb. Tibb bacısından soruşanda isə həkimin xəbərinin olduğunu, narahatlığa əsas olmadığını söyləyib: “Tibb bacısı dedi ki, narahat olmayın, dırnaq qaralıb, düşəcək, yerinə yenisi bitəcək. Sonradan uşağın əlinin şəklini çəkdim, başqa həkimlərə göstərdim, qanqrena olduğunu dedilər. 1 həftədən sonra Vaqif Qələndərli gəldi, bizə dedi ki, narahat olmayın, qanqrena yoxdur. Uşağın əlinin şəklini Türkiyəyə göndərdim, oradan həkim rəyi gəldi ki, qanqrenadır, ələ keçir. Türkiyədə, Bakıda heç bir həkim uşağı götürmədi ki, qanqrenadır. Vaqif Qələndərli noyabrın 13-də yenidən uşağı əməliyyata saldı və bizim xəbərimiz olmadan barmağını kəsdi. Əməliyyatdan sonra dedi ki, alınmadı, barmaq bitişmədi. Hətta mənim adımdan kağız imzaladıb, prokurorluğa təqdim edib. Guya, mən barmağın kəsilməsinə icazə vermişəm”.

Pərvanə Şadlıyeva deyir ki, prokurorluğa müraciət edib, cinayət işi açılıb: “Həmin imzalanan sənəd ekspertizadadır, amma hələ də bizim adımızdan saxta imza atan şəxsin kimliyi bəlli deyil”.

Məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorludan araşdırmaların davam etdiyini və nəticələrin tam şəkildə aydınlaşandan sonra məlumat verəcəklərini bildirdilər.

Vaqif Qələndərli ilə əlaqə saxlayıb, onun mövqeyini öyrəndik. Həkim Musavat.com-a bildirdi ki, uşağı onun yanına gətirəndə gec olub. Həkimin sözlərinə görə, ona müraciət edilən zaman barmaqda toxumalar ölüb, qan işləməyib:“Uşağın barmağı daş altında çox möhkəm əzilmişdi. 1 sutkadan sonra bizə gətirildi, müayinə edəndə gördük ki, barmağın üzü göyərib. Onlara dedim ki, uşağın barmağı nekrozdu, ancaq 30 faizini saxlamaq ehtimalı var. Hətta onların həkim qohumlarından gəlib mənə dedilər ki, biz sizin yerinizə olsaydıq bu barmağı yerindən kəsərdik. Yaxşı ki mən hələ barmağın bir hissəsini saxlamağa nail olmuşam”.

Valideynlərin adından saxta razılıq sənədinə gəldikdə isə V.Qələndərli deyilənləri təkzib etdi. “Bir qayda olaraq, bütün xəstələr əməliyyata daxil olarkən onlardan razılıq kağızı alınır. Onlar da hamı kimi əməliyyata razılıq verdilər. Valideynləri də başa düşürəm. Onlar üçün bunları qəbullanmaq çətindi. Mən də əlimdən gələni etdim, lakin bundan artığın etmək mümkün deyildi”.

Travmatologiya İnstitutunun həkimi Akif Abdullayev isə, V.Qələndərlidən fərqli danışdı. Onun fikrincə, həmin barmağı sağaltmaq mümkün imiş: “Uşağı gətirəndə baxdıq, yoxladıq və əməliyyatla düzələcəyini bildirdik. Barmaqda çox ciddi əzilmə var idi. Sabaha əməliyyat təyin etdik, lakin uşağı gətirmədilər”.

İndiki durumda Muradın anası kəsilmiş barmağa görə uşağın idmandan və məktəbdən qaldığını da bildirdi: “Sağ əlin işarət barmağı olmadığı üçün yazı yaza bilmirdi. İndi barmağına silikon taxılıb, çətinliklə də olsa dərslərini yazır. Barmağı da hər il inkişaf etdiyi üçün silikonu dəyişmək məcburiyyətindəyik. Silikon barmağın qiyməti 1200 dollardı”.

P.Şaldıyevanın dediyinə görə, barmağın indiki vəziyyəti də yaxşı deyil. “Travmatologiya İnstitutunun əl cərrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarov deyib ki, sümük qırıntıları qalıb, iltihablıdır. Əgər keçməsə, yenidən əməliyyat olunmalıdır. İndi uşağı heç bir həkim götürmür ki, iş prokurorluqdadır. Çarəsiz qalmışıq”.