Bu günlərdə iki abituriyent ali məktəbə qəbul imtahanında yaxşı nəticə göstərmədikləri üçün intihar edib. Onların canına qıyması hadisəsi gündəmi silkələdi. Əksəriyyət abituriyentlərin özünü öldürməsini valideynlərin təzyiqi ilə əlaqələndirirlər. İctimaiyyət tərəfindən ata-anaların övladları üzərindəki yersiz basqılar tənqid olunur.

Minval.info xəbər verir ki, son günlərin məşhur siması olan aktyor Taleh Yüzbəyov da baş verənlərə biganə qalmayıb. O, yarı zarafat, yarı ciddi özünün ali məktəbə necə qəbul olmasından, valideynlərinin buna reaksiyasından söhbət açıb.

“11-ci sinifdə oxuyanda İnternet klubda işləyirdim. Hazırlığa getməyə nə vaxt, nə imkan var idi. Elə işləyə-işləyə dərs oxuyurdum.
İmtahan günü elə də həyəcanlı deyildim, yol boyu “Дискотека Авария”-nın “Небо” mahnısına qulaq asdım, imtahana girəndə dönüb dostlarıma teatral bir təzim edib, binaya keçdim. Bir qız var idi, əlində yekə bir bananla gəlmişdi. Oğlanlarla tualetə girib siqaret çəkdik və öz aramızda cavabları başqasına qəsdən yalan deyənə pis yerdən söyüş qoyduq. Bir qaqaş tarixdən suallar verirdi və bütün sualları da o idi ki, filan xanın, nə bilim filan şahın arvadının adı nə idi? Dedim sənin camaatın arvadıyla nə işin var axı?! Zəif yerim Coğrafiya idi. Heç nə bilmirdim. Paytaxtlardan başqa. Ümidim qalmışdı yanımda oturacaq adamın insafına. Yanımda oturan adam isə gəlmədi.
Bildiklərimi yazıb, keçdim Coğrafiyaya o tərəf bu tərəfə baxıb, mələyə oxşayan bir qız gördüm. Özü də ağ geyinmişdi. Nur saçırdı. Gördüm onun da köməyə ehtiyacı var. Sən demə, Azərbaycan dilindən zəif imiş. Mən ona Az-dilindən, o mənə Coğrafiyadan kömək elədi. İmtahan qurtardı. Şah arvadları ilə maraqlanan qardaş dilxor idi. Heç təəccüblənmədim. Qız da yekə bananla necə gəlmişdisə, elə də çıxıb getdi. Hamının gözündə yekə bir sual var idi.

Elə həmin günü cavabları yoxlatdırdım. Bir fənnin cavabları bərbad idi. Coğrafiyanın! O qız gülümsəyə-gülümsəyə, nur saça-saça bütün cavabları mənə səhv demişdi. Mən isə yox. Qızlar öz aralarında söyüş qoymurlarmış. İlk imtahanımdan kəsilib, ilk dərsimi almışdım: “Hər parıldayan şey qızıl olmur”.

Cavablar çıxan gün elə İnternet klubda işdə idim. Yaxşı oxumayan sinif yoldaşım birdən fişəng kimi göyə uçdu. Qəbul olmuşdu. Dostlarım tez telefonu götürüb kodumu sms-lə göndərdilər. SMS-in getməyi ilə cavabın gəlməyi hardasa 40 il çəkdi. Cavab gəldi. Bütün dostlarım telefonun başına yığışdı. Mən isə qıraqda dayanıb, ölüm hökmü gözləyən adam kimi onlara baxırdım. Birdən dostlarımdan ibarət atəşfəşanlıq oldu. Hamısı üstümə cumub, sevinə-sevinə məni döyməyə başladılar. Qəbul olmağıma peşman oldum. İnternet klubdakı soyuducunu açıb, satılan dondurmaları hamıya havayı payladım. Sonra isə bir neçə gün havayı işlədim.

Deyirlər, balaca qardaşım da, anam da qəbul olduğumu eşidəndə sevinclərindən ağlayıblar. Amma mən evə gedəndə üz vurmadılar. Anam dedi ki: Get çörək al! Onda dilxor olmuşdum. Amma indi başa düşürəm ki, mən qəbul olmasaydım da anam eyni şeyi deyəcəkdi. Əminəm! Çünki heç bir Universitet, heç bir ali təhsil övladdan vacib deyil. Siz başqalarının yanında “forslanasınız” deyə, övladlarınızı kəsildiyinə görə qınamayın. Onları əzməyin. Xeyirsiz övlad damğası da vurmayın. Yoxsa nə çoxdur Bakıda hündürmərtəbəli binalar. Nəyimiz də olmasa, hündür binalarımız var”.

Minval.info