Dünən video-bloqqer, aktyor Taleh Yüzbəyovun hazırladığı yeni video birmənalı qarşılanmayıb.

Minval.info xəbər verir ki, onun ərsəyə gətirdiyi “Evli kişinin dramı 3” bir qrup insanların sərt reaksiyasına tuş gəlib. Belə ki, videoda qadına qarşı şiddətin təbliğ olunduğu əsas gətirilərək aktyor tənqid edilib. Eyni zamanda buna görə T.Yüzbəyovun ünvanına təhqir dolu sözlər yağdıranlar da olub.

Aktyor yaranan söz-söhbətlərə son qoymaq üçün videoyla və səhv anlaşılmayla əlaqədar münasibət bildirib:

“Sonuncu videomdan sonra bir sıra Günəşi Yupiter başa düşən və ya videoda özünü görən ultra aktivistlər inadla deyirlər ki, video qadına qarşı zorakılığı təbliğ edir. Mən isə deyirəm ki, xeyr! Qətiyyən elə deyil. Əgər elə olsaydı, videonun sonunda ər arvadı bezib, döyməli idi. O zaman videodan o siz dediyiniz nəticə çıxacaqdı ki, əgər qadın döyülürsə günah özündədir. Əgər elə bir ideyanı vermək istəsəydim, videonu məhz belə qurtarardım. Amma burada sonda bezmiş ər əsəblə özünü birinci ağa çıxardır, sonra qadını onu provokasiya etməkdə günahlandırır. Qadın isə bundan sonra deyinməyin başqa – yazıq formasına keçir. Ər isə çarəsiz dönüb kameraya baxır. Yəni ər və arvad arasında olan mübahisə qiyamətə qədər davam edən məsələlərdəndir. Dünya yaranandan var və hələ də davam edir. Bu bir video ilə həll yolu tapılan məsələlərdən olsa idi, bu qədər boşanmalar və ailə zəmində zorakılıqlar olmazdı”.

O, eyni zamanda bildirib ki, ümumiyyətlə, bu videoda ideal ər-arvad nümunəsini göstərilmir: “Sadəcə, cəmiyyətimizdə olan bir sıra tipləri – diqqətsiz ər, deyingən arvadı göstərmişik. Ən əsası bu video yumor xarakterlidir. Əgər kimsə bu videoya baxıb, gedib həyat yoldaşını döyəcəksə yolüstü həkimə dəysin. Ümümiyyətlə, kimlərsə mənim videolarımdan indiyə kimi qaza gəlibsə, onda birinci Tarif şurasının qapısını döyməli idilər”.

T.Yüzbəyov həmçinin hər videosunu izah etmək məcburiyyətində olmadığını vurğulayıb: “Elmi iş yazmıram ki, nöqtə-vergülünə kimi hər şey aydın olsun. Bəlkə hər videonun altında izahlı bir komment yazım?! Niyə elə fikirləşirsiniz ki, hər videoda bütün mesajlar aydın deyilməlidir, alt məna olmamalıdır, hər şey çeynənib ağzınıza qoyulmalıdır?!”

Onun fikrincə, bu videoda şiddət görənlər radikal düşüncəyə sahibdirlər: “Təmsil etdiyiniz baxışın radikalları. Hər şeydə ancaq “ilişə” biləcək bir nüans axtarırsınız və həmin şeydə başqa nüansları görmürsünüz. Ya da özünüz də bu videodakı tiplərdənsiniz. Deyingən və ya kobud. Özünüzə baxmaq ağır gəlir. Haradasa başa düşürəm sizi. Amma neyləmək olar? “Aktyor dövrünün güzgüsüdür” deyib Şekspir. Mən isə ixtisasca aktyoram, kişinin sözündən çıxa bilmirəm”.

Samir Mirzə / Minval.info