“Qapılar bağlanır. Növbəti stansiya “Sahil!”

Nəhayət, 9 aylıq fasilədən sonra “Bakı Metropoliteni”nin sərnişinləri bu anonsu eşidirlər. Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil”də eskalatorların istismar müddəti başa çatmışdı. Onların yeniləri ilə əvəzlənməsi üçün ötən ilin avqust ayında təmirə bağlanan stansiya dünən açıldı.

“Bakı Metropoliteni”nin hər stansiyası memarlıq üslubu ilə bir-birindən seçilir. Müstəqillik əldə olunandan sonra Xəzərin sahilində, dənizkənarı bulvarın yaxınlığında yerləşdiyindən stansiya “Sahil” adlandırılıb. Buna qədər stansiyanın adını yalnız bir element – platformanın orta zalının sonunda yerləşən panno xatırladırdı.

İndi isə memar Cahangir Sadıxovun memarlıq mövzusunun ideyası əsasında platformada orta zalın sonunda divar boyu köhnə pannonun yerində doğan Günəş kompozisiyası yer alır. Yenicə oyanan Günəşin şəfəqlərini xatırladan işıq effektləri tavan boyunca kompozisiyanı tamamlayır.

Döşəmə və divarin rəngi stansiyanın ümumi mənzərəsinə xüsusi effekt verir. Həmçinin, divarlar boyu milli xalçaçılıq sənəti elementləri ilə pərvazların arxasının işıqlandırılması stansiyanın memarlıq ansamblına əlavə gözəllik qatır.

Müasirləşmiş stansiya özünəməxsus memarlıq görkəmi alıb. Eskalatorların sağ və sol divarları rəssam balaların bir-birindən gözəl əl işləri ilə bəzədilib. Xüsusi ilə Güllü balanın çəkdiyi gülən pişik rəsmi görənlərin üzündə təbəssüm yaradır.

Eskalator demişkən, istismar müddətini başa vurmuş “LT-3” tipli 3 eskalator sökülərək, sərnişin sıxlığı nəzərə alınaraq, Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənib. “28 May” stansiyasında 2 eskalator geniş olsa da, digərləri nisbətən dardır. Lakin “Sahil”dəki eskalatorların hər birinin eni bir metrdir.

Təmir müddətində stansiyanın sərnişin platformasının dəmir-beton döşəmələri, döşəmə üzlükləri, divarları da müasir tələblərə uyğun yenilənib. Tavanda yeni müasir çilçıraq quraşdırılıb.

Sonda keçək, əsas məsələyə… Stansiyada təbii havalandırmanın yaxşı olması üçün mərkəzləşdirilmiş isitmə-soyutma sistemi də quraşdırılıb.

“Qapılar bağlanır. Növbəti stansiya Xətai!” İndi deyəcəksiniz, “Xətai” haradan çıxdı? Bu, o deməkdir ki, “Sahil stansiyasından sonra “Xətai” stansiyası da təmir olunacaq… (Musavat.com)