İki gün öncə qatarla avqtobusun toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Dadaşzadə artıq dəfn olunub.

Minval.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Yusifin oxuduğu məktəbə və yaşadığı evinə baş çəkilib. 218 saylı məktəbin foyesində mərhumun xatirəsinə hörmət əlaməti olaraq fotosu qoyulub və şagirdlər bu guşənin önünə qərənfillər qoyurlar. Məktəbdə dərslər əvvəlki kimi davam etsə də, Yusifin sinif yoldaşları və müəllimləri üçün heç nə əvvəlki kimi deyil. Onlar sevimli məktəb yoldaşlarının yoxluğunu hər an hiss etdiklərini deyirlər.

Parta yoldaşı Elnurun sözlərinə görə, Yusif bütün dərslərinə maraqla yanaşıb, ən çox biologiya və Azərbaycan dili dərslərini yaxşı oxuyub.

13 yaşında qəza qurbanı olan Yusif oktyabrın 1-də vəfat etsə də, bir gün sonra dəfn olunub. Ona görə də onun 3 mərasimi sabah keçiriləcək. Bu gün həyətlərində hüzn məclisi təşkil edilməsə də, ailənin tanımadığı adamlar belə başsağlığı verməyə gəlirlər.