Bakıda törədilən ən amansız cinayət hadisələrindən daha biri məhkəmədə araşdırılır. Qətlə yetirilən də, qətlə yetirən də qadındır. Qatil rəfiqəsini çəkiclə öldürdükdən sonra parçalara ayırıb. Sonuncu parçaları – əlləri gizlətmək istəyərkən polis tərəfindən yaxalanıb…

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə ittiham edilən 1968-ci il təvəllüdlü Qorlova İrina Vasilyevnanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Əvvəlcə xatırladaq ki, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospekti, 188 ünvanında yerləşən binanın tinindəki zibil qutularından insan əzaları aşkar edilmişdi. Hadisə yerinə baxış keçirilərkən doğranmış cəsədin 50-60 yaşlarında qadına məxsus olduğu müəyyənləşdirilmişdi. Ərazidən qadının başı, ayaqları, daxili orqanları aşkarlansa da, yerdə qalan əzaları tapılmamışdı.

Daha sonra cəsədin Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması müəyyənləşdirilmişdi. Əməliyyat tədbirləri ilə qətlin bu ilin fevral ayının 12-də İrina Qorlova tərəfindən törədildiyi müəyyənləşdirilmişdi.

Daha sonra isə İrinanın qətli tamah məqsədi ilə törətməsi üzə çıxıb. İstintaqa ifadəsində də İrina bunu təsdiq edib və söyləyib ki, Lyubovun mənzilini ələ keçirmək istəyirmiş.

Belə ki, İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib.

O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib.

İstintaqa ifadəsində əvvəlcə özü haqda danışan İrina söyləyib ki, uşaq evində böyüyüb. 1996-cı ildə isə narkotik vasitələrin satışına görə məhkum olunub. 2001-ci ildə azadlığa buraxılan zaman daimi yaşayış yeri olmayıb və buna görə də saunada işləyib, yüngül həyat tərzi sürüb.

O deyib ki, həmin ərəfədə Sadiq adlı bir nəfərlə tanış olub, onunla müxtəlif ünvanlarda kirayədə yaşayıb.

“Qonşuluqda yaşayan Sabina Todoseyçukla yaxın rəfiqə idim. Sadiqdən ayrıldıqdan sonra kirayə pulunu verə bilmədiyim üçün Sabinanın yanına köçdüm. Sabinanın oğlu əsgərliyə getmişdi. Xadiməlik edib özümü dolandırırdım. Mən Sabinanın evinə köçəndə Lyubov Bülbülədəki evini kirayə verib artıq orada yaşayırdı. Üçümüz bir yerdə yaşayanda Lyubovun Vlad adında cavan sevgilisi var idi. Lyubov bütün pullarını həmin oğlana xərcləyirdi ki, onu atmasın. Vlad isə həm də Sabina ilə sevgili imiş. Sonradan Vladın hər ikisi ilə dava-dalaşı düşmüşdü. Hər ikisi Vladdan şikayət eləmişdi. Vlad indi də həbsdərir”- deyə təqsirləndirilən şəxs ifadəsində göstərir.

İrina deyir ki, bu hadisədən sonra Lyubova və Sabina yola getməyib və ayrı yaşamağa qərar veriblər. Lyubov Bülbülədəki evinə köçəndə İrinanı da özü ilə gəlməyə razı salıb.

“Lyubov ona qulluq etməyimi, əvəzində isə pulsuz onun evində qala biləcəyimi dedi. Onun təklifi ilə razılaşdım. Onun qohumu yox idi. Aramızdakı anlaşmaya əsasən, ona qulluq edəcəkdim, bunun qarşılığında məni qeydiyyata salacaqdı, vərəsəlik verəcəkdi və öldükdən sonra həmin ev mənə qalacaqdı. Məni qeydiyyata saldırdı. Bunun müqabilində mən də evin təmizlik işlərinə baxırdım, bazarlıq edirdim, mənim hesabıma yaşayırdıq”- deyən İrina qeyd edib ki, daha sonra işləyə bilmədiyi üçün ev sahibi ilə aralarında problemlər yaranıb.

İrina infarkt keçirib, bir ay Sabunçu xəstəxanasında müalicə olunub, evə qayıdandan sonra əvvəlki kimi işləyə bilmədiyindən Lyubovla aralarında narazılıq yaranıb. Yaşlı ev sahibəsi ondan ərzaq, araq almağı tələb edib, pul olmadıqda isə dava salıb. Həmin mübahisəli günlərin birində isə qətl hadisəsi baş verib.

İrina həmin gün baş verənləri və tükürpədən cinayəti necə törətdiyini belə danışıb:

“Fevralın 12-də iş axtarmaq üçün şəhərə getmişdim. Gecə geri qayıdanda gördüm Lyubova bütün əşyalarımı yerə dağıdıb, davamız düşdü. Dedi ev mənimdir, tez ol pul ver. İş tapa bilmədiyimi eşidincə isə söyüş söydü, təcili pul tapmağımı tələb etdi. Sobanın üstündə çəkici əlimə alıb ona yaxınlaşdım, bir neçə dəfə təpəsindən vurdum, ağzı üstə yerə yıxıldı. Neçə zərbə vurmağımı xatırlamıram. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olub buraxdım. Digər otağa keçdim, səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord həll elədim. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim. Cəsədin əynindəki paltarları soyundurdum. Bıçaqla qarnını kəsib bağırsaqlarını çıxarıb sellofan paketə yığdım. Sümüklərini ətdən ayırıb, ayaqlarını, qollarını kəsdim. Ən sonda isə balta ilə başını bədənindən ayırdım. Sümükləri torbaya yığaraq evin yaxınlığındakı zibil qutusuna atdım. Sümükdən ayırdığım ətlərin bir qismini xırda-xırda doğrayıb unitaza atdım. Amma su getmədiyi üçün fikrimi dəyişdim. Sonra doğranmış ət qalıqlarını və meyitin başını torbaya qoydum. Axşam torvalatı taksiyə qoyub “Vorovski”yə getdim. Məhəllənin aşağısında maşını saxlatdım. Maşından düşüb sürücünün uzaqlaşmasını gözlədim. O gedəndən sonra torbaları zibil yeşiklərinə atdım”.

İrina deyib ki, hadisə barədə heç kimə heç nə deməyib. Məqsədi cinayəti gizlətmək olub. Amma planı baş tutmayıb. Evə qayıdaraq qətlə yetirdiyi rəfiqəsinin əllərini bir torbaya bükərək zibil qutusuna atmağa gedəcəkmiş. Bu zaman qapı döyülüb və polis əməkdaşları onu yaxalayıbar. Polis əməkdaşlarının yanında isə İrinanın keçmiş rəfiqəsi Sabina olub. Məlum olub ki, polis əməkdaşları Lyubovun başını tapdıqdan sonra Sabinanı polisə dəvət ediblər. Sabina da Lyubovun İrina ilə virlikdə yaaşdığını deyib və mənzili polislərə göstərib. Polislər isə irinanı iş başında yaxalayıb.

Məhkəmə prosesi davam edir.