Sumqayıtda və Bərdədə körpə ölümü baş verib.

Birinci hadisə şəhərin 2 nömrəli Doğum Evində baş verib. 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi oğlan uşağı doğuş zamanı ölüb. Ananın yaxınları körpənin ölümündə həkimləri günahlandırır.

Meyit müayinə olunmaq üçün Bakıya tibbi ekspertizaya göndərilib.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova ONA-ya faktı təsdiqləyib: “Ötən gecə 2 nömrəli doğum evində belə bir hadisə baş verib. Həkim Təranə Əzizovanın iştirakı ilə doğuş həyata keçirilib. Uşağın nəşi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ətraflı məlumat veriləcək. Hazırda körpənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil”.

Digər hadisəyə gəlincə, Bərdənin Nazırlı kənd sakini, 1998-ci il təvəllüdlü Günay Şamil qızı Babayeva aprelin 16-da vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə doğum evinə daxil olub. Ana iki əkiz qız uşağı dünyaya gətirib. Əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb.

Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Minval.info