“Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Xüsusi Təyinatlı Yol İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Əliheydər Şirinov bizi işdən qovub. O, 10 nəfər işçinin ümumilikdə 33.830 manat məbləğində əmək haqqısını vermir”.

Bu barədə bizimyol.info-ya şikayətçi Qalib Məhəmmədov bildirib.

“Biz Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş 69 saylı, hazırda 8 saylı yol istismar idarəsində qeyri-qanuni olaraq, yəni müqavilə olmadan podratçı kimi işləmişik. Bir neçə usta-fəhlə ilə bərabər səki daşı və üzlük daşı işlərini görülməsinə cəlb olunmuşuq. Biz “Sovetski”də yeni yol çəkilişində işləyən usta və fəhlələr olaraq əmək haqqımızı tələb etiyimiz üçün bizi bu ilin fevral ayından işdən qovub”,-deyə Q.Məmmədov bildirib.

Onun sözlərinə görə, bu barədə dəfələrlə Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə və Avtomobil Yolları Dövlət Agentliyinə etdikləri müraciətə cavab verilməyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi Təminat və İnsan Resursları İşinin Təşkili İdarəsinin rəisi Şahbaz Qasımov bizimyol.info-ya bildirilib ki, Qalib Məhəmmədovun anası tərəfindən müxtəlif orqanlara ünvanlanmış müraciətlər araşdırılıb: “Araşdırma zamanı “8 nömrəli Xüsusi Təyinatlı Yol İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində nöqsanların olması barədə müraciətlərdə göstərilən xüsusatlar öz təsdiqini tapmayıb. Həmçinin müraciətlərdə iddia etdikləri pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüquqlarının istisna olunmadığı müraciət müəlliflərinə izah olunub.