Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərək, Nazirlər Kabinetinin 2018-ci ilin hesabatını yüksək qiymətləndirdi.

Deputat bildirdi ki, 2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub: “Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan xalqı özü verib. Xalqımızın 2018-ci ildəki prezident seçkilərində ulu öndər Heydər Əliyev yoluna səs verərək, prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesbatına verilən qiymət idi”. Komitə sədri bildirdi ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatın daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: “Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır”.

S.Novruzov bununla yanaşı, qeyd etdi ki, Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istəyirlər. Onun sözlərinə görə, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: “Həyata keçirilən işlər, atılan addımlar ötən il prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.

Deputat əlill tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə də çıxış etdi: “Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər. Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilməsini xahiş edirlər. Bu təhsil haqlarının bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.