“Sumqayıt” futbol klubunun oyunçusu Xəyal Nəcəfov “Instagram” profilində əlində siqaretlə şəklini yerləşdirib.

Oxu.Az bu məsələ ilə bağlı 20 yaşlı futbolçudan fikirlərini öyrənib.

Gənc yarımmüdafiəçi profilinin oğurlandığını bildirib:

“Profilim iki gün bundan əvvəl oğurlanıb. Bu profili öz nömrəmlə açmışdım. Artıq nömrə və email dəyişdirilib. Ona görə öz hesabıma telefonumla daxil ola bilmirəm. Kim tərəfindən oğurlandığını bilmirəm”.

Futbolçunun profilində şəxsi yazışmaları da “screen” edilərək paylaşılıb. Lakin Nəcəfov bildirib ki, bu yazışmalar ona aid deyil:

“Profilimi oğurlayan adam kimdirsə, o, özü başqa profillərdən “direct”ə yazır. Özü yazır, özü də cavablayır. Sonra da “screen” edərək paylaşır ki, guya mən oğlanlarla yazışıram”.

Gənc yarımmüdafiəçi siqaretlə çəkdirdiyi şəklin keçmişə aid olduğunu bildirib:

“Bu hadisə 2014-cü ildə olub. Onda bir uşağın ad günü idi, ora yığışmışdıq. Heç onda siqaret nə olduğunu bilmirdik, 16 yaşım vardı, uşaq idim. Bu şəkli heç vaxt “Instagram”da yerləşdirməmişəm. Sadəcə, o şəkli çəkən adam mənə 2014-cü ildə “direct”ə göndərib. Profilimi oğurlayan da oradan götürərək bunu paylaşıb.

Amma razılaşıram ki, siqaretlə şəklimin olması yaxşı hal deyil. Yaxşı hal olsa, heç şəklin ictimailəşməsi vecimə olmazdı… Bu profilin bağlanması üçün səhifələrə ağız açmışam, məktub yazmışam. Mənə deyiblər ki, 24 saat ərzində silinməlidir”.

Sonda onu da qeyd edək ki, bu futbolçu yaxınlarda “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov tərəfindən cəzalandırılaraq, ikinci komandaya göndərilmişdi. O, ötən mövsüm “Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abbasov tərəfindən cəzalandırılıb və 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqov tərəfindən xəbərdarlıq alıb. Onun bu qışda klubdan göndəriləcəyi deyilsə də, futbolçu beş gün əvvəl “Zirə” ilə yoxlama görüşündə meydanda olub.