Ortoped-travmatoloq: “Sınıqçılara müraciətlər nəticəsində şikəst qalan, qolları kəsilənlər də görmüşəm” - MÜSAHÄ°BƏTibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, uzman həkim Cəfər Nəsirlinin E-tibb.az-a müsahibəsi.

– Cəfər həkim, son zamanlar ən çox hansı şikayətlərlə müraciət edənlər çoxluq təşkil edir?

– Əsasən dizlərdə, beldə, ayaqlarda və bud-çanaq oynağında ağrılarla əlaqədar şikayətlər olur. Travmalarla bağlı da müraciətlər olur.

– Bəzən travma alan insanlar həkimə getmir, vaxt keçdikcə sağalacağına ümid edirlər. Yıxılıb, qolundan travma alıb, şiş var, ancaq müəyyən müddətdən sonra özlüyündə sağalacağını düşünür. Belə yanaşma tibbi baxımdan nə dərəcədə doğrudur?

– Bizim insanların böyük əksəriyyəti sümükdə qırıq olmayan halda həkimə müraciət etmir. Apteklərdən ağrıkəsici dərmanlar alaraq qəbul edirlər. Bu, əslində çox yanlışdır.  Çünki alınan kiçik bir travma və zədələr belə gələcəkdə xroniki hala çevrilə biləcək ağrılara səbəb ola bilər. Məsələn, ayaq biləyinin burxulması kimi bəsit bir nümunəni qeyd etmək istəyirəm. Bu, yeriyərkən, idmanla məşğul olarkən insanların sıx-sıx rastlaşdığı bir haldır. İnsanlar özləri bunu müalicə etməyə çalışırlar. Ən sonda ayaq şişir, ağrılar artır, ödəm yaranır, o zaman insanlar həkimə müraciət edir. Bu zaman artıq gec olur, xroniki hala keçir. Çünki oradakı bağların zədələnməsi nəticəsində çıxıqlar vərdişli hala gəlir. Buna görə də vaxtında həkimə müraciət edilsə və doğru yönləndirilsə, müalicəsi daha tez bitər və ağrılardan tez xilas olar.

– Azərbaycan əhalisi daha çox hansı ortopedik problemlərdən əziyyət çəkir? 

– Azərbaycanda son dövrlər əsrin bəlası olan osteoporoz xəstəliyindən şikayətlər çoxdur. Sümüklərdə yayılan ağrılar, oynaqlarda yaranan artrozları qeyd etmək lazımdır. Çanaq, diz oynağı artrozlarından daha çox müraciət edənlər var. Bunun da səbəbləri qidalanma rejiminə düzgün riayət edilməməsi, çəkinin çox olması, az hərəkətlilikdir. Texnologiya inkişaf etdikcə insanlar bir az tənbəlləşir. Az hərəkət etməklə əlaqədar yaranan belə ağrılarla əlaqədar bizə müraciət edirlər.

– Bu hallarda hansı mərhələdə müalicə asan, hansı mərhədə çətin olur?

– Azərbaycan tibbi artıq o səviyyədə inkişaf edib ki, bu gün ABŞ-da, Almaniyada, Türkiyədə və inkişaf etmiş digər ölkələrdə  hansı əməliyyatlar, müalicə üsulları tətbiq edilirsə, Azərbaycanda da bunlar tətbiq olunur. Sağalmayan xəstəlik yoxdur, xərçəng belə sağalır. Amma bunun üçün zamanında müraciət etmək lazımdır. Bizim insanlar ən son məqamda həkimə gəlir, sonra da deyir ki, həkim bir şey edə bilmədi.

Bir çox inkişaf etmiş ölkələrdə xərçəngə daha az rast gəlinir. Çünki vaxtında müayinə və müalicədən keçdikləri üçün erkən qoyulan diaqnoz hər zaman xəstəliyin müalicəsində də böyük rol oynayır. Məsələn, diz ağrısı olan xəstələr bəzən “ağrıdır, keçib gedər” prinsipi ilə yanaşır, yaxud qonşunun məsləhəti ilə aptekdən ağrıkəsici alıb içir. Bu halda ağrı kəssə də, proses orada davam edir. Ağrı bir xəstəliyin xəbərçisidir. Əgər vaxtında müraciət olunsa, məsələn, artrozun başlanğıcında xəstəliyi tamamilə müalicə edib sağaltmaq mümkün olur. Lakin xəstəlik irəlilədikcə, artıq problem cərrahi yolla həll olunur, müalicəsi də çətinləşir.

– Yaş artdıqca oynaq problemləri artırmı?

– Normal halda qadınlar 40 yaşından, kişilər 45 yaşından sonra bəzi dərmanlar qəbul etməlidirlər. Çünki müəyyən yaşdan sonra artıq hüceyrələrin azalması başlayır. Ən çox da sümüklərdə kalsium çatışmazlığı baş verir. Bu da son nəticədə oynaqlarda problem yaradır. Bu gün Hollandiyaya, Fransaya baxsaq, 70-80 yaşlı insanlar velosiped sürür. Amma bizdə 60 yaşı olan insan deyir ki, yaşlıyıq, hər yerimiz ağrıyır. Bunun səbəbi ilk növbədə vaxtında tibbi müayinədən keçməmək və lazımi müalicə almamaqdır.

Normalda artroz ağrıları-dizlərdə qığırdağın incəlməsi və digər oynaq problemləri 65 yaşdan sonra başlanır. Amma artroz Azərbaycanda çox cavanlaşıb. 50-55 yaşlı insanlar artroz xəstəliyi ilə bizə müraciət edirlər. Bunun da dediyim kimi, bir çox səbəbləri var. Allah 4 fəsil yaradıb, hər fəslə də uyğun meyvə və tərəvəz verib. Bu gün sanki bütün fəsillər birləşib, meyvə və tərəvəzlər hər fəsildə yeyilir. Tutaq ki, pomidor Günəş işığı ilə yetişən bir tərəvəzdir. Biz isə pomidoru ilin 12 ayında yeyirik. Bu, doğru deyil. Hər fəslin meyvə və tərəvəzini öz fəslində qəbul edən zaman bəzi xəstəliklərin də qarşısı alınır.

– Bəs insanların vitaminə olan ehtiyacı qışda necə təmin olunmalıdır?

– Atalarımız, analarımız yayda qış tədarükü görərdilər. Pomidoru saxlamaq üçün müxtəlif vasitələrdən istifadə olunurdu. Tutaq ki, qaynadılaraq, yaxud çəkilmiş şəkildə pomidor saxlanıb, qışda istifadə edilirdi. Çünki yayda yetişən tərəvəz vitaminli olduğu üçün saxlanan zaman da vitaminləri itirmir. Amma bu gün yanvar ayında da pomidor, xiyar, o cümlədən digər meyvə və tərəvəzlər yetişdirilir. Bu, sağlamlıq üçün ziyanlıdır. Çünki süni yolla yetişdirilir. Süni yetişən hər şey insana ziyandır.

–  Artrozun müalicəsində müasir yanaşmalar nədən ibarətdir?

– Xalq dilində “duzlaşma” da deyilən artrozdan insanlar çox qorxurlar. Vaxtında həkimə müraciət edilən zaman bəzi idman hərəkətləri ilə əzələləri gücləndirməklə oynaqlara düşən yükü azaldan zaman sümüyün yeyilməsi azalır. Yaxud həkimə vaxtında müraciət edən zaman oynağa bəzi turşular injektə edilərək problemi aradan qaldırmaq olur.

Son zamanlar biz xəstənin öz qanından alaraq laboratoriyada müəyyən sistemdən keçirdikdən sonra trombositlərlə zəngin kök hüceyrəsindən istifadə edirik. Bu, artrozun müalicəsində çox böyük rol oynayır. Ancaq bu, artrozun başlanğıcında effektlidir. Artrozun irəliləmiş formasında bunun faydası yoxdur.

– Kök hüceyrədən danışdınız. Ölkəmizdə kök hüceyrəsi mərkəzi yoxdur. Bəs həmin kök hüceyrələri necə alınır?

– Kök hüceyrəsi mərkəzi yaratmaq üçün böyük vəsait lazımdır. Avropanın bir çox ölkələrində belə hələ kök hüceyrəsi mərkəzi yoxdur. Biz sadəcə, laboratoriyada öz imkanlarımızla müəyyən üsullardan istifadə edərək qanda olan kök hüceyrələrini ayırıb, plazma ilə zəngin hüceyrələrdən istifadə edirik. Mən artıq 7-8 ildir ki, bunu tətbiq edirəm və çox gözəl nəticələr alırıq. Kök hüceyrələrdən Azərbaycanda tək ortopediya deyil, digər sahələrdə də aktiv istifadə edilir. Ancaq kök hüceyrə mərkəzi olsa, bizim işimiz daha da asanlaşar.

–  Son dövrlər skoliozun geniş yayılmasının səbəbi nədir? Əhalinin, ən çox da uşaqların əksəriyyətinə skolioz diaqnozu qoyulur.

– Skolioz fəqərə sütununun öz ətrafında sağa, sola əyilməsidir. Fəqərə sütununun önə əyilməsi isə kifozdur. Skolioz son dönəmlərdə tez-tez rast gəlinən xəstəlikdir. Son dövrlər skoliozu fizioterapevtlər, neyrocərrahlar, nevroloqlar müalicə etməyə başlayıblar. Əslində bu, doğru deyil. Skolioz onurğa sistemi hərəkət sisteminə aid olduğu üçün ortoped və travmatoloq tərəfindən müalicə edilməlidir. İnsan var ki, 80 yaşındadır, “S” formasında skoliozu var, 7-8 övladı var, hələ də yaşayır. Skolioz öldürücü bir xəstəlik deyil. Çünki hər hansı patoloji xəstəlik yoxdursa, onurğanın sadəcə, forma pozğunluğudur. Skolioz cavanlarda tez-tez rast gəlinir. Bu da nədən irəli gəlir? Bədən tərbiyəsinə diqqət yetirmirlər. Orta məktəbdə uşaqların normadan yuxarı çəkidə çanta daşıması, partada, yazı yazarkən, kitab oxuyarkən, kompüterə baxarkən düzgün oturmaması nəticəsində bu xəstəliklərin sayı artıb. 35-40 dərəcədən yuxarı skoliozlar yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır, aşağı dərəcəli skoliozlar isə ancaq konservativ yollarla müalicə edilir. Konservativ yollar dedikdə idman növlərini və xüsusi korreksiyaedici korsetləri nəzərdə tuturuq.

– Elə uşaqlar var ki, üzgüçülük və digər idman növlərinə də göndərilir, korset də taxılır, ancaq faydası olmur. Sonda cərrahi əməliyyatla problem yoluna qoyulur. Səbəb nədir?

–  Burada ilk növbədə məsuliyyət ananın üzərinə düşür. Ana uşağı çimizdirən zaman mütləq uşağın belinə diqqət yetirməlidir. Uşağın belində hər hansı bir əyrilik sezirsə, kürəklərdə hansısa bir assimetriklik varsa, ana zamanında həkimə müraciət etməlidir. Çünki erkən diaqnoz qoyulan skoliozlar müəyyən idman növləri və xüsusi korsetlərdən istifadə etməklə müalicəylə korreksiya edilə bilir. Lakin zamanında müalicə olunmazsa, əyrilik artarsa, bu, son nəticədə cərrahi əməliyyata gətirib çıxarır.

Ümumiyyətlə, onurğa əyriliyinin minlərlə səbəbi var. Onurğa əyriliyi hər hansı patoloji səbəblə bağlı deyilsə, bu, sadəcə, onurğanın forma pozğunluğudur.

– Patoloji səbəblər hansılar ola bilər?

– Patoloji səbəblər sırasına nevroloji xəstəliklər, onurğa beyninin yapışıb qalması, anadangəlmə venalarda anomaliyalar ola bilər. Onurğanı təşkil edən kəpənəkvarı, yaxud pazvarı sümüklərdə də əyriliklər ola bilər. Həmin halda o səbəblərdən birini aradan qaldırmaq lazımdır.

– Boy uzatma əməliyyatı da icra edirsiniz. Müraciət edənlər çoxdurmu? Nəticələr qaneedici olurmu? Kimlər müraciət edə bilər?

– Əgər insanda boyun qısa olması hər hansı xəstəliklə bağlı deyilsə, 18 yaşından sonra boyu uzadılması əməliyyatını etmək lazımdır. Çünki 18-19 yaşında boyun uzanması tamamlanır. Əgər insanda hər hansı xəstəlik yoxdursa, biz bir dəfəyə boyu 4 sm uzada bilirik. Çünki birdən-birə boyu çox uzatmaq olmaz. Boyu uzadan zaman tək sümüklər deyil, oradakı sinirlər də, damarlar da uzadılır. Ona görə də birdən-birə boyun uzadılması başqa xəstəliklərə də gətirib çıxara bilər.

– Boy uzadılması üçün ildə neçə nəfər müraciət edir?

– Belə insanların sayı çox olur və boy uzatma əməliyyatlarının da hamısı uğurlu olur. Orta hesabla, il ərzində 10-15 nəfər boy uzatma üçün bizə müraciət edir.

– Hansı idman növləri hansı yaşda uşaqlar üçün faydalı, yaxud ziyanlıdır?

– Yeniyetmə dövründə əsasən gimnastika, üzgüçülük idman növləri faydalıdır. Uşaqlar üçün ağır idman növləri düzgün deyil.

– Güləş və cüdo kimi idman növləri necə, uşaqların boyunun inkişafına mənfi təsir göstərirmi?

– Əgər uşaqların belə idman növləri ilə düzgün məşğul olunması təmin edilərsə, ziyanlı deyil.

– Uşaqlarda yastıpəncəlik halları da çoxdur. Bunu necə aradan qaldırmaq olur? 

– Bunun səbəbləri çoxdur. Əsasən ana bətnində olarkən belə hal baş verir. Normal halda yeni doğulmuş uşaqlara ortoped tərəfindən baxılmalıdır. Yastıpəncəlik erkən aşkarlandığı zaman disk üsulu ilə korreksiya edilir və tamamilə düzəlir.

– Hansı yaşdan sonra yastıpəncəliyi aradan qaldırmaq çətin olur?   

– Demək olar ki, 1 yaşdan sonra yastıpəncəliyin düzəldilməsi çox çətin olur. Çünki 1 yaşdan sonra 6 yaşına qədər xüsusi ayaqqabılar tövsiyə edilir. 6 yaşına qədər yastıpəncəlik düzəlmirsə, cərrahi əməliyyata qərar verilir. Yastıpəncəliklə bağlı bel ağrısı, yorğunluq, baldır əzələlərində ağrılar kimi şikayətlər olur. Belə halda cərrahi əməliyyat lazımdır.  Ümumilikdə yastıpəncəliklə bağlı cərrahi əməliyyatların 18 yaşa qədər edilməsi düzgündür.

– Sahənizdə son dövrlər hansı yenilklər tətbiq olunur?

– Bu gün ABŞ, Almaniya, İngiltərə hansı əməliyyatlar edilirsə, Azərbaycanda da belə əməliyyatlar edilir. Əvvəllər bunun üçün xaricə gedirdilər, artıq Azərbaycanda hər cür əməliyyatlar həyata keçirilir.

– Mütəxəssis hazırlığı hansı səviyyədədir?

– Bu sahədə Azərbaycanda yetərli qədər mütəxəssis var. Bu mütəxəssislərin bir qismi xaricdə təhsil alıb, ölkəyə qayıdanlardır. O cümlədən ölkəmizdə də yetişən yaxşı mütəxəssislər var.

– Bəs o halda niyə hələ də sınıqçılara, ara həkimlərinə müraciət edənlər var. Nəticələrdən razı qalanlar  da az deyil… Niyə belədir?

– Bu, keçmişdən qalan bir vərdişdir. Mən onların bir xeyrini görmürəm. Texnologiyalar bu qədər inkişaf edib. Digər tərəfdən, həkimlər uzun illər təhsil alıb, bu sahədə çalışmağa başlayır. Əgər bu qədər təhsil alan həkimlərə güvənməyib, ara həkiminə, sınıqçılarına müraciət edən varsa, bunun nəticəsinə də dözməlidir. Mən sınıqçılara, ara həkimlərinə müraciət etmənin nəticəsində yekunda şikəst qalan, qolları kəsilən xəstələr də görmüşəm. Bəzən yanıma xəstə gəlir, mənə deyir ki, ayağım çıxmışdı, sınıqçıya getdim, ayağımı yerinə saldı. Birincisi, ayağı çıxan xəstə özü yeriyə bilməz. İnsanın bədənindəki hər hansı oynaq yerindən çıxarsa, onun yeriməsi mümkün deyil. Necə olur ki, ayağı çıxır, bir həftə yeriyir, sonra sınıqçıya gedir, sınıqçı da ayağını yerinə salır, yumurta ilə sarıyır?! Bu, mümkün olan bir şey deyil…