Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Kərim Əzizovun (ad və soyad şərtdir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Ölkə.Az”ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və K.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama əsasən, yetkinlik yaşına çatmayan K.Əzizov Bakıda eyni məktəbdə oxuyan Yaşar Qədimova (ad və soyad şərtidir) özünü kriminal aləmin üzvü kimi təqdim edərək onu döyəcəyini deyib və daha sonra 60 manat pul alıb.

Bu səbəbdən K.Əzizov aralarında yaranmış mübahisə zəminində Y.Qədimova beysbol taxtası ilə zərbələr endirib, Y.Qədimovun yanında olan dostu Rasim Əliyevə də (ad və soyad şərtidir) bıçaqla xəsarət yetirib.

Məhkəmədə elan olunmuş ittihamla K.Əzizov özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, Y.Qədimovla aralarında mübahisələr pula görə olub.

Suallara cavab verən K.Əzizov beysbol taxtasını həyətdən tapdığını, bıçağı isə “Laçın Ticarət Mərkəzi”ndən aldığını bildirib.

Prokuror qeyd edib ki, ekspertiza rəyində bıçağın soyuq silah olduğu göstərilib.

K.Əzizov məktəbdə nizam-intizamlı şagird olduğunu, heç bir kriminal aləmlə əlaqəsinin olmadığını, həmin hadisəyə qədər də heç kimlə dava etmədiyini deyib.

Qeyd edək ki, K.Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; eyni əməllər), 182.2.3-cü (zor tərbuq etməklə törədildikdə), 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.