Bu müalicə üsulu hansı xəstəliklərə qarşı effektlidir, kimlərə olmaz?..

“Sidiklə müalicə (urinoterapiya) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi sidiklə müalicəsiz qoymuram”. Qeyd edək ki, artıq bir neçə gündür ki, Xalq artisti Flora Kərimovanın medicina.az-a verdiyi bu açıqlama həm sosial şəbəkələrdə, həm də mətbuatda müzakirə olunmaqdadır.

Xalq artisti onu da bildirib ki, artıq 20 ildir bu müalicə üsulundan istifadə edir və 10 yaşınadək olan uşaqların sidiyini qəbul edir. O urinoterapiyanın faydalarını belə ifadə edib: “Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”.

Qeyd edək ki, Flora Kərimova həm də ixtisasca həkimdir. O, Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Bu səbəbdən müğənninin bu cür müalicə üslubuna üstünlük verməsi əksəriyyət tərəfindən inandırıcı qəbul edilib. Lakin bu üsulun əleyhinə çıxan mütəxəssislər də olub. Bəzi həkimlər indiki dövrdə bu müalicə üslubuna ehtiyac olmadığını vurğulayıb və qeyd olunub ki, ümumiyyətlə, bu üsulun tibbi baxımdan heç bir sübutu yoxdur.

Mövzu ilə bağlı təbii üsullara müalicə həkimi Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim sidiklə müalicəni möcüzə adlandırıb: “Sidiklə müalicə sadəcə, möcüzədir. Əgər dünyanın 5 möcüzəsi var – bal, sarımsaq, limon, zeytun. Bunların da hamısının cəmini hesablayanda sidiyə bərabər olur. Sidik həyat suyudur. Heç bir müalicə ona çatmır. Bütün xəstəliklərin müalicəsində, o cümlədən, saç və dırnağın tökülməsində istifadə olunur. Xüsusən də şəkər xəstələri üçün bu əvəzolunmaz müalicədir. Qızdırması olan uşaqlarda bu müalicə xeyli effekt verir və qızdırma aşağı enir. Lakin çox təəssüf ki, onu düzgün qəbul etmirlər. Ya olduğu kimi qəbul edirlər, ya da uşağınkını. Sidiyi ancaq aclıq fonunda qəbul etmək lazımdır. Bu zaman sidik qoxusuz, dadsız, təmiz olur. Əvvəlcə 50 qram, daha sonra tədricən miqdarını artırmaqla qəbul etmək lazımdır. Saçın yuyulması, oynaq ağırları, ayağa duz yığılması ilə bağlı xəstəliklərdə də effektlidir. Ayaq ağrıları zamanı ayağı iki saat sidikli vannanın içərisində saxlamaq lazımdır. Bunu gündə iki dəfə istifadə edəndə effektli olur”.

Həkim onu da vurğuladı ki, bütün hallarda şəxsin öz sidiyi faydalıdır.

Mütəxəssislər qeyd edir ki, sidik orqanizmə yad məhlul deyil. Belə ki, sidik orqanizmin öz doğma maddələrindən təşkil olunduğu üçün təkrar olaraq orqanizmə daxil olduqda həll olmasına heç bir enerji sərfi lazım olmur. İnsan xəstə olanda onun sidiyi ilə hormonlar, fermentlər və digər lazımi maddələr də yuyub gedir. Belə xəstələrin normal sidik qəbulu həmin itkini doldura bilər.

Bədəndəki yara, yanmış sahə, zədəli yerlərə yaşlı adamın sidiyindən kompress qoyulur. Həmçinin bədəndəki duzları həll edir. Bunun üçün oynaqlar kompres olunur. Bədəndən qurdları, mikrobları tökür.

Qədim hind mənbələrində deyilir ki, yaxşı sidiyi almaq üçün metal olmayan, emallı və ya şüşə qaba 400 ml sidiyi alıb, orta odda 100 ml qalana kimi qaynadırlar. Beləliklə, sidiyin cəmi 4/1-i qalır. Məhz bu hissə müalicə üçün yararlıdır. Bu sidiklə mikroimalələr – hər dəfə 100 ml yeridilməklə – orqanizmi selik, şlak, duz, çöküntü, qurd, daş, toksin, zəhərlərdən təmizləyir. Bu sidik bütün daxili orqanlar, sidik kisəsi, cinsiyyət orqanları, qasıq, əzələ, bağlar, böyrəklər, mədəaltı vəz – bütün orqanlara yaxşı təsir edir.

Bəzi mütəxəssislər bildirir ki, sidikdən diş pastası, yaxalayıcısı əvəzi kimi də istifadə etmək olar. Dişləri sidiklə yaxalamaq mikrob, infeksiyaları öldürür, diş, damaq xəstəliklərini sağaldır, irini təmizləyir. Ən ağır xəstəliklərdə, adi qripdə belə aptekdən öncə sidiklə terapiya başlayır. Qida borusundan mədəyə düşdükdə selikli qişanı təmizləyir, sekretor hüceyrələri aktivləşdirir, turşu-qələvi mühiti yaxşılaşdırır. Mədə qastriti və xərçənginə səbəb olan helikobakteri pylori bakteriyasını öldürür, iltihab əleyhinə təsir göstərir.

Lakin bəzi mütəxəssislər də bildirir ki, sidiklə müalicəni hər insan istifadə edə bilməz, bu mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır. Buna görə də tövsiyə olunur ki, urinoterapiya həkim mədə-bağırsaq sistemini yoxladıqdan sonra, həkim məsləhəti ilə və xalq təbabəti ilə məşğul olan həkimlər tərəfindən həyata keçirilsin.