Azərbaycanda və məxsusən də bölgələrdə qəzalı və təmirə ehtiyaclı vəziyyətdə xeyli məktəb var.

Minval.İnfo xəbər verir ki, Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində də vəziyyət olduqca acınacaqlıdır.

Əli Qurbanovun adını daşıyan bu təhsil müəssisəsinin qarşısındakı kanal vasitəsilə çirkab suları axır. Bu da həm öz üfunətli iyi ilə hər kəsi narahat edir, həm də xəbərdaredici nişanlar olmadığı üçün insanların həyatı üçün təhlükə yaradır. Hazırda burada təhsil alan məktəblilərdən biri bildirir ki, bir dəfə bu kanala 1-ci sinifdə oxuyanlardan biri düşsə də, xoşbəxtlikdən şagirdlərin yaxınlıqda olması nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Sakinlər bildirir ki, məktəbin qarşısındakı kanal güya yandakı əkin sahəsi üçün çəkilib. Əkin vaxtı təhsil müəssisəsinin təzə korpusunun düz arxasındakı bu sahəyə pambıq əkilir. İnsanların rahat keçməsi üçün kanal üzərində körpü rolunu oynayan beton parçası olsa da, o özü də sınıb. Üzərindən ağır tonajlı yük avtomobilləri keçərkən yerindən tərpənir. Üstəlik məktəbin qarşısı torpaqdı deyə, çəkiliş apardığımız zaman, baxmayaraq ki, sonuncu dəfə yağış təxminən 1 həftə əvvəl yağmışdı, yerin palçığı hələ də qurumamışdı.

Məktəbin həyətinə daxil olarkən giriş qapısının da rəngsiz və nasaz halı diqqətimizdən yayınmadı. Məktəbin özünə gəldikdə isə… Təxminən 500-ə yaxın şagirdin təhsil aldığı və 4 korpusdan ibarət olan tədris məkanının 2 binasının 90 və 70 yaşı var ki, bu korpusların da hər iksi qəzalı vəziyyətdədir. Ən acınacaqlı vəziyyətdə olan 3-cü korpus isə 1977-ci ildə inşa edilib. İlk korpus 1932-ci ildə tikilib ki, burada da hazırda məktəbəqədər hazırlıq qrupları dərs keçir.

Təhsil müəssisəsinin yeganə eyvanı da qəzalı vəziyyətdədir və hər an uça bilər. Bəlkə də elə bu səbəbdəndir ki, eyvanın qapısının taxtalar vasitəsilə mismarlandığının şahidi olduq.

Sinif otaqlarından tüstü bacaları çıxıb və bəzi pəncərələr taxta ilə qapadılıb. Şagirdlər deyir ki, məktəbin heç bir korpusunda mərkəzi istilik sistemi yoxdur. Buna görə də sinif otaqları elektrik, xalq arasında “nööt” deyilən ağ neft (kerosin) və mazot vasitəsilə yandırılan odun sobaları ilə qızdırılır. Bu da həm müəllimlərin, həm də şagirdlərin həyatı üçün ciddi təhlükə yaradır.

Məktəbdə təhsil alan və almış şagirdlər bildirirlər ki, sinif otaqlarının döşəməsi və tavanı qəzalı vəziyyətdə olduğu üçün yaz-yay aylarında otaqlarda siçovullar gəzişir. Onların sözlərinə görə, bu həm müəllimlərin, həm də şagirdlərin diqqətini dağıdır, aşağı siniflərdə təhsil alan azyaşlı şagirdlərin isə qorxmasına səbəb olur.

Bəzi şagirdlər və məktəb yaxınlığında yaşayan sakinlər təhsil müəssisəsinin divarlarındakı dərmə-deşiklərdən hətta ilanların belə çıxdığını görüblər. İlanların zəhərli olması ehtimalı da ayrıca təhlükə yaradır.

Məktəbin yeganə təzə və təmirli olan korpusu 2008-ci ildə tikilib və burada da cəmi 4 otaq var. Otaqlardan 3-ü sinif otağıdır və burada da 1-ci sinif şagirdləri dərs keçir. Digəri isə məktəb direktorunun otağıdır. Bu korpusdan həm də seçki məntəqəsi kimi istifadə olunur. Çəkiliş apardığımız zaman bəzi pəncərələrdə artıq MSK-nın seçki təşviqat elanları da vurulmuşdu.

 

Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd orta məktəbinin direktoru İsrail Əliyev bildirib ki, qəzalı vəziyyətdə olan 2 korpusda dərs keçmək üçün şərait yoxdur: “Komissiya da bu 2 korpusa baxış keçirdikdən sonra qeyd olundu ki, şagirdlər burada dərs keçməsinlər. Qəzalı olan korpus binalarda biz təhsili dayandırmışıq. Və keçmişik təmir olunmuş binalara.”

Şagirdlər qəzalı vəziyyətdə olan 2 korpusda tədris fəaliyyətinin dayandırılması və hazırda sadəcə ikisində dərslərin keçirilməsini təsdiq etsələr də, əlavə ediblər ki, yeni tikilmiş korpus istisna olmaqla, indi dərs keçilən digər sinif otaqları da ürəkaçan vəziyyətdə deyil.

Şagird və sakinlərin qeyd etdiyi bir maraqlı məqam da diqqətimizi çəkdi. Məktəbin müəllimələrindən birinin atası qızının dərs keçdiyi sinif otağını əsaslı şəkildə təmir-bərpa etdirib. Bayram günlərilə əlaqədar olaraq məktəb bağlı olduğu üçün sinif otaqlarında çəkiliş apara bilməsək də sözügedən sinif otağının müsbət və bir o qədər də faciəvi mənada fərqliliyini anlamaq üçün pəncərədən müşahidə aparmağımız kifayət etdi.

Belə ki, müşahidələrimiz zamanı bu sinif otağının soyuq aylarda müəllimə və şagirdlər üşüməsin deyə pəncərəsinə qıraqdan vurulmuş “plyonka” örtüyü, isti aylarda içəri uçan həşəratlar girməsin deyə vurulmuş toru, müasir və bahalı pərdəsi, stollarının səliqəsi və gözəlliyi, sinifi qızdırmaq üçün istifadə olunan müasir elektrik radiatoru bizə hər şeyi aydın etdi.

Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayev isə hələ 2016-cı ildə yerli telekanallardan birinə bildirmişdi ki, Sabirabadda qəzalı vəziyyətdə olan məktəblərin sayı çox cüzidir: “Sözügedən məktəb də tikinti-layihə planına salınıb və 2017-ci ildə təmir olunacaq.” 

Samral / Minval.İnfo