100 yaşlı Azərbaycan ordusu indi ən güclü dövrünü yaşayır.

ARB TV-nin “Günə doğru” verilişində ordumuzda xidmət edən əsgərlərimizin paltarlarının necə hazırlanması ilə bağlı maraqlı sujet efirə yayımlanıb.

Silahlanma, ordu hazırlığı və peşəkarlığı ilə həm regionda, həm də dünyada öz adından söz etdirən ordumuzun maddi texniki təminatı da göz önündədi. İndi ordumuzun əksər silah və texnikası kimi geyim nümunələri də Azərbaycan istehsalıdır. Səngərdə əlində avtomat düşmənlə üz-üzə duran, hava və dəniz sərhədlərimizin keşiyində dayanan əsgər və zabitlərin geyimləri Bakı tikiş evində ana sevgisi, bacı qayğısı ilə ərsəyə gəlir.

Mərifət Abdullayeva (Tikiş ustası): “Ordu üçün tikirik. Onlarla şənlənirik. Biz onlarla fəxr edirik. Canımızı qoyuruq ki, geyimləri qəşəng alınsın. Allah onlara can sağlığı versin”.

Tikiş evində hazırlanan bu geyimlərin digər özəlliyi isə odur ki, bədən ölçüləri və geyim eskizləri Müdafiə Nazirliyi ilə birgə hazırlanır. Bu, həm hərbi formaların daha gözəl və bədənə uyğun şəkildə tikilməsinə, həm də hərbiçilərimizin xarici görünüş formasına uyğun olmasına şərait yaradır.

Tikiş evində xüsusi təyinatlılar üçün xüsusi formalar da hazırlanır. Azərbaycan ordusunun 100 illik parad formaları da bu tikiş evində hazırlanıb.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətin qüdrət nümunəsi, xalqın iftixar yeridir. Bir gün gələcək ki, ana və bacılarımız hərbçilərimizin qələbə paradı üçün forma tikəcəklər. Bu isə tamam başqa bir duyğu, başqa bir arzudur. Hələlik isə bu geyimlər o qələbəyə aparan döyüş üçün tikilir.