Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da 14 fevral “Sevgililər günü” kimi qeyd olunur.

Həmin gün şəhərin mərkəzi küçələrində əl-ələ gəzən cütlüklərdən tutmuş, özündən böyük oyuncaqla sevgilisinin görüşünə tələsən hər kəsi görmək olar.

Təəssüf ki, dünyanın hər yerində belə deyil və sevgililərə böyük təzyiqlər var. Gəlin onlardan bəziləri ilə yaxından tanış olaq.

Pakistan keçən il olduğu kimi bu il də “Sevgililər günü” ilə bağlı tədbirlərin keçirilməsini qadağan etdi. Çünki məhkəmə “Sevgililər günü”nün İslami dəyərlərə uyğun gəlmədiyi hökmünü verib. Lakin 14 fevralın mübahisələrə səbəb olduğu yeganə ölkə Pakistan deyil, bu günə qarşı həssas olan başqa ölkələr də var.

Səudiyyə Ərəbistanında “Sevgililər günü”nü qeyd etmək qadağandır. İctimai iaşə obyektlərində qadın və kişilər ayrı-ayrı yerlərdə otururlar. Gül satanlar diqqət çəkməmək üçün sifarişlərin çatdırılmasını axşam saatlarına saxlayırlar.

İndoneziya dünyanın ən çox əhalisinə sahib müsəlman ölkəsidir. İndoneziyalı mühafizəkarlar 14 fevralı spirtli içkilərə və cinsi əlaqəyə təşviq olaraq görürlər. Amma İndoneziyanın Aceh vilayətində “Sevgililər günü” böyük maraqla qarşılanır və qeyd olunur.

Bu ölkələrin əksinə olaraq Hindistanda 14 fevral qeyd olunur, lakin bəzi siyasi partiyalar onu Qərb dəyərlərinin təcəssümü olaraq görür və öz mədəniyyətlərinə təhlükə hesab edirlər. Hətta belə partiyalardan biri “Sevgililər günü”ndə birlikdə görülən cütlüklərin zorla evləndirilməsini təklif edib.

İranda isə “Sevgililər günü” xüsusilə gənclər arasında məşhurdur. Çünki ölkə əhalisinin 70 faizini 30 yaşdan aşağı insanlar təşkil edir, amma polislər 14 fevral şənliklərinin keçirilməsinə icazə vermir. İran hökumətinə görə ”Sevgililər günü” Qərbin hegemonluğunu ifadə edir və mədəni baxımdan dağıdıcı təsirə malikdir. İranın şəriət qanunlarına görə evli olmayan şəxslərin ictimai yerdə səmimi hərəkətləri günah sayılır.

Fərid Özay

Minval.info