Fransada “sarı jiletlilər”in növbəti, sayca 28-ci ümummilli etirazları başlayıb.

Minval.info modern.az-a istinadən bildirir ki, Parisdə yüzlərlə nümayişçi Per Laşez milli qəbiristanlığının yaxınlığında toplaşıb və Bastilya meydanından keçməklə Monmartredəki Sakre-Kyor bazilikasına doğru hərəkət edib.

Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları 5 mindən çox yoxlama həyata keçirib və 64 nəfəri saxlayıblar. Bu ana qədər polislə qarşıdurmalar barədə məlumat daxil olmayıb.

Etirazlar həmçinin Fransa prezidenti Emmanuel Makronun anadan olduğu Amyen şəhərində də başlayıb. Yerli KİV-in məlumatına görə, orada, təxminən, 300 “sarı jiletli” küçəyə çıxıb.

Qeyd edək ki, Fransada “sarı jiletlilər”in şənbə nümayişləri 2018-ci il noyabrın 17-dən başlayıb. Əvvəlcə aksiyalar avtomobil yanacağına olan tariflərin yüksək olması ilə bağlı idi. Məhz elə buna görə də aksiya iştirakçıları avtomobilçilərin işıq saşan sarı jiletlərindən istifadə edib. O vaxtdan bəri etirazçılar tələblərini genişləndirərək yalnız sosial-iqtisadi məsələləri deyil, həm də siyasi məsələləri əhatə etməyə başlayıblar.