“Ərimə söylədim ki, siqaret çəkməsin. “Əks halda, özüm də çəkəcəyəm” dedim. Lakin məni dinləmədi, hər gün çöldə də, evdə də siqaret çəkirdi. Ona görə özüm də çəkməyə başladım”.

Bunu İstanbulun yeni hava limanının terrasında siqaret çəkən bir qadın danışırdı. O, aeroportda fəaliyyət göstərən SPA salonunun əməkdaşı idi. Türkiyədə qapalı məkanlarda siqaret çəkməyə qadağa qoyulduğu üçün ciyərinin yanğısını öldürməyə çıxmışdı. Həm də ərindən yanğılı idi. Necə deyərlər, kefdən yox, dərddən siqaret çəkirdi.

Bura Bakıdan Rumıniyanın Krayova şəhərinədək uzanan yarım sutkalıq yolumuzun ilk dayanacağı idi. Rumıniyaya ilk səfərim avrokuboklarda debüt edən “Səbail” klubu ilə birgə gerçəkləşmişdi. Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya “Universitatya”sı ilə Bakıdakı görüşdə Azərbaycan təmsilçisi 2:3 hesabı ilə uduzduğu üçün səfər oyununda geridönüş imkanları çox az idi. Amma hər halda layiqli müqavimət göstərərək, ən azı heç-heçə etməklə, Azərbaycanın aktivinə reytinq xalları yazdırmaq olardı. Komanda Krayovaya elə bu ümidlə yollanırdı. Elə biz – 3 jurnalist də…

Marşrut isə belə idi: Bakı – İstanbul – Buxarest marşrutu ilə uçmalı, daha sonra Krayovayadək 233 km yolu avtobusla qət etməli idik. Bu səbəbdən, günün yarıdan çoxunu yollarda keçirəsi olduq. İstanbulun yeni hava limanına çatdıqdan sonra Buxarest reysinədək gəzib-dolaşmaq üçün yetərincə vaxtımız var idi. Bura Atatürk Hava Limanı ilə müqayisədə xeyli müasir, geniş və gözəl idi.

Burada SPA salonundan əlavə, çoxsaylı “duty free”lər və yeməkxanalar, böyük geyim dükanları vaxt öldürməyə şərait yaradırdı. Kafelərdəki qiymətlər yenə “əl yandırırdı”. Təkcə onu deyim ki, bir bokal pivənin qiyməti az qala geyim dükanından aldığımız köynəyinki qədər idi. Amma hər halda üst-başından cin hürkən, pinti görkəmli, saqqalı sinəsinədək, şalvarının balaqları isə topuğunadək olan insanlar addımbaşı gözə dəymirdi. Bu hava limanı doğrudan da Türkiyə kimi qüdrətli dövlətin əsl siması idi.

Buxarestdəki Anri Koanda Otapeni hava limanında isə bunların tam əksi hökm sürürdü. Pasport qeydiyyatı zamanı növbədə gözlədilən insanlardan birinin hay-küyü ətrafı götürmüşdü. Baqaj alınma salonunda baqajdan çox insan var idi. Belə şəraitdə səliqə-sahman gözləməyə dəyməzdi. Paytaxtı gəzməyə vaxtımız olmadı. Çünki çöldə Krayova istiqamətində iki maşın gözləyirdi: Biri komanda üçün avtobus, digəri isə bizə ayrılmış mikroavtobus. Yaxşı ki, həm gedəndə, həm də qayıdanda 3 saatdan çox məsafəni qaranlıqda qət etdik. Əks halda, 250 km-lik yoldakı çala-çuxurlar, əyər-əksiklərdən də ayrıca bəhs etməli olacaqdıq.

Rumıniyanın cənub-qərbində Serbiya və Bolqarıstana yaxın ərazidə yerləşən şəhərin əhalisinin sayı 300 mindən artıqdır. Bu göstəricidə Krayova ölkədə 6-cı olsa da, çox kiçik – 81,40 kv/km əraziyə malikdir. Krayova tarixi abidələrinin sayına görə Buxarestdən sonra ikinci yeri tutur. Burada kilsələr, orta əsrlərdən qalan binalar, saraylarla yanaşı, çinar və söyüd ağacları ilə zəngin parklar da mövcuddur.

İş gününə təsadüf etdiyindən, şəhərin küçə və ticarət mərkəzlərində elə də çox adam gözə dəymirdi. Elə Müqəddəs Demetrius kilsəsində də bir neçə nəfər var idi. Kilsənin əməkdaşı qaranlıq zalın işıqlarını yandıraraq, şəkil çəkməyimizə, içərini gəzməyimizə şərait yaratdı.

Krayovanın müasir simvolu isə “Universitatya” və bu komandanın ev oyunlarını keçirdiyi “İon Oblemenko” stadionudur. 31 min tamaşaçı tutumuna malik arena 2015 – 2017-ci illərdə 52 milyon avroya ərsəyə gətirilib. Əvvəlki stadion isə demək olar ki, tam sökülüb və yerində əlavə meydançalar salınacaq. Yeni stadionun tribunalarının üstü bağlıdır, önündə klubun 167 qolla ən yaxşı bombardiri olmuş İon Oblemenkonun abidəsi ucaldılıb. Oblemenko 51 yaşında ikən – 1996-cı il sentyabrın 1-də Mərakeşdə baş məşqçisi olduğu “Hassaniya Aqadir” komandasının “Union Siti Kasem” ilə yoldaşlıq görüşü zamanı ürəktutmasından ölüb.

1948-ci ildə yaradılmış klubun özü isə Krayova Universitetinin adını daşıyır. Universitetdə Bədən tərbiyəsi və idman da daxil olmaqla, ümumilikdə 16 fakültə fəaliyyət göstərir.

Amma şəhərdə “Səbail” komandası ilə oyuna maraq elə də yüksək deyildi. Krayovanın mərkəzində təkcə bu matç üçün yox, mövsümlük bilet satışı təşkil olunmuşdu. Ən ucuz biletə 15 ley – təqribən 7 manat qiymət qoyulmuşdu. Lakin elə də çox alıcı gözə dəymirdi. Yaxınlıqda klubun ofisi də fəaliyyət göstərirdi. Burada 4 qat ölkə çempionunun atributlarının satıldığı kiçik mağaza da mövcud idi.

Şəhəri gəzə-gəzə stadiona gedib çıxdıq. İçəri daxil olduğumuz vaxt heç kim gözə dəymirdi. Mətbuat konfransı otağına girib şəkil çəkdirdik. Yalnız otaqdan çıxdıqda bir nəfər bizi görüb yaxınlaşdı. Jurnalist olduğumuzu bildikdə meydanın qapılarını da üzümüzə açdı. Həmin vaxt stadion əməkdaşları oyuna hazırlıq işlərini yekunlaşdırırdılar.

İdman obyekti ilə növbəti tanışlığımız həmin gün oyunöncəsi mətbuat konfranslarına təsadüf etdi. Elə bu zaman görüşə jurnalist marağının elə də böyük olmadığı qənaətinə gəldik. Futbolda kifayət qədər uğurları olan Rumıniya üçün bir oyun üçün 3-4 yerli jurnalist çox az idi. “Universitatya”nın məşqi mətbuat konfransından bir saat sonra stadionda yox, təqribən bir km aralıdakı bazasında baş tutdu. Məşq meydanının vəziyyəti yaxşı olmasa da, hazırlıq üçün lazımi şərait var idi. İlk 15 dəqiqəsi açıq olan məşqdə futbolçular demək olar ki, heç nə etmədilər. Amma “Səbail”in stadionun özündə gerçəkləşən məşqi toplu çalışmalarla başladı. Bu zaman futbolçular meydanın mərkəzində qısa ötürmələrlə “dır-dır” oynayırdılar.

Ertəsi gün də oyuna maraq aşağı səviyyədə idi. Stadiona çatdığımız vaxt tamaşaçılar gözə dəymirdi. Oyun başlayanda tribunaların yarıdan çoxu boş idi. Meydanın vəziyyəti isə bir gün əvvəl gördüyümüzdən yaxşı deyildi. Ot örtüyündəki saralmalar böyük arenanın yaraşığına xələl gətirirdi. Komandanın ultra fanatları qapılardan birinin arxasında toplaşmışdı. Onların əhvalı “Universitatya” 2:0 hesabı ilə öndə olduğu vaxt xeyli yüksək idi. Amma elə ki, “Səbail” 3 dəqiqəyə 2 qol vuraraq, hesabı bərabərləşdirdi, fanatlar yerli komandanı fitə basmağa, neqativ şüarlar səsləndirməyə başladılar. Azərbaycan təmsilçisi vurduğu qollardan ruhlanmışdı, daha bir qol oyunu əlavə vaxta uzadacaqdı. Amma müdafiə xəttindəki boşluqlar üzündən “Səbail” daha bir top buraxdı və Bakıda olduğu kimi 2:3 hesabı ilə uduzdu.

Halbuki, nəticə bu cür olmaya da bilərdi. Baş məşqçi Aftandil Hacıyevdən bütün komanda üzvlərinədək hakim kəsilən təslimçilik ovqatı sonda kollektivdə öz güclərinə inamsızlığa gətirib çıxardı. “Universitatya”da baş məşqçinin işindən narazılıq, çempionat yeni başlasa da, komandanın oyununun qaneedici səviyyədə olmaması üzündən əhval-ruhiyyə elə də yüksək deyil.

Oyunun fasiləsində həmkarım Ceyhun Əliyevlə birgə media mərkəzinə su içməyə düşmüşdük. Fikirləşirdik ki, gözəl rumın qızları samovar arxasında durub çay-kofe və gözlərini süzəcək, jurnalistlər də onlara baxa-baxa növbənöv şirniyyatlardan dadaraq yeyib-içəcəklər. Amma nəinki çay, heç su da tapmadıq. Ümumiyyətlə, gördük ki, media mərkəzi bomboşdur, heç kim yoxdur. Zatən oyuna azarkeş marağı jurnalistlərin diqqəti, daha doğrusu diqqətsizliyi ilə düz mütənasib idi.

Bizə oyundan əvvəl akreditə kartı vermişdilər, amma ipsiz olduğu üçün boynumuzda yox, cibimizdə gəzdirirdik. Stadion koridorunda xeyli gəzib-dolaşsaq da, qarşımıza otaqların birində uzanmış kauçuk manekendən başqa heç kim çıxmadı. Gəzə-gəzə gedib girdik stadionun içərisinə. Bu zaman telekanallardan birinin stoluna yaxınlaşıb arxada Milli Dəstə üzvlərinin asdıqları Azərbaycan və Türkiyə bayraqları fonunda şəkil də çəkdirdik. Məhz bu zaman gördük ki, “İon Oblemenko”da sarı jiletli mühafizəçi də var imiş.

Bax, 31 minlik stadion oyun vaxtı belə “qorunurdu”.

Bax, belə psixoloji məqamlardan “Səbail” öz xeyrinə faydalana bilərdi. Amma təəssüf ki, təcrübəsizlik buna imkan vermədi. Hələ Bakıdan İstanbula uçduğumuz vaxt qayğılı görünən Aftandil Hacıyev hətta komandası qollar vuranda da eynini pozmadı. Danışanda isə komandadakı çatışmazlıqlardan, heyətin gec komplektləşməsindən, transferlərin vaxtında edilməməsindən gileyləndi. Halbuki hazırkı heyətdə hazırkı və keçmiş milli üzvləri, həm Maykl Essyen kimi ad-sanlı, həm də Dilan Duventru kimi səviyyəli legionerlər yer alıb. Çəkinmədən bu komandanı ötənilkindən daha güclü saymaq olar. Təyyarədəki qısa söhbətdə baş məşqçinin özü bunu etiraf etməsə də…