Sel suları Şamaxı rayonunun Zaratxeybəri kəndində fəsadlar törədib.

Minval.info XezerXeber.az-a istinadən xəbər verir ki, kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb. Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

Rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb.

Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.