Bakı şəhəri, Xətai rayonu, 106 nömrəli binanın sakinləri həmin ərazidə çoxmərtəbəli binanın tikintisinə etiraz edərək redaksiyamıza müraciət ediblər. Onların iddiasına görə, “Abşeron MMC” yaşadığları binanın arxasında tikinti işləri aparmağa hazırlaşır.

Musavat.com-un əməkdaşları dərhal deyilən əraziyə yollanıb. Sakinlər burada yeni tikiləcək çoxmərtəbəli binanın arxitektura tələblərinə cavab vermədiyini bildirdilər.

Belə ki, sakinlər onların binası ilə yeni tikiləcək binanın arasındakı məsafənin çox az olduğunu, bununla yanaşı, buradan magistral kanalizasiya və su xətlərinin keçdiyini diqqətimizə çatdırdılar. Ərazidə tikinti işləri getməsinin şahidi olmasaq da sakinlərinin qurduğu bağ çəpərlərinin sökülməsi, əksər ağacları yandırılıb, qırılması artıq ilkin işlərin aparılmasından xəbər verirdi. Çəpərlərin söküntüsünə nəzarət edən şəxs isə özünü təqdim etməkdən imtina etdi və burada hər hansı binanın tikintisindən xəbərinin olmadığını bildirdi.

“Abşeron MMC” şirkətin nümayəndələrindən isə gözümüzə dəyən olmadı. Bina sakinləri onların gün ərzində bir neçə dəfə əraziyə baş çəkdiyini, işlərlə marağlandığını bildirib. Artıq sakinlər işə baxılması üçün şikayət ərizəsi ilə aidiyyatı qurumlara bu haqda xəbər verdiklərini bildiriblər.