Qız olduğu üçün ona silah vermədilər, o, top atmağı öyrəndi

Qarşımda öz ləyaqəti və gözəlliyi ilə bir Azərbaycan xanımı əyləşib.

Saçları ağarmış bu xanım ömrünün 18-ci ilində saçlarını kəsdirərək müharibəyə yollanıb. Ona ürəyimdə çox suallarım olsa da çalışdım ki, həyatı nümunəyə çevrilən bu zərif duyğulu xanımın gəncliyimizə faydalı ola biləcək tərəflərini oxucularıma çatdırım.

Söhbət Ehtiyatda olan baş leytenant, beynəlxalq dərəcəli idman ustası, karate üzrə I dan qara kəmər sahibi və nəhayət Fövqəladə Hallar Nazirliyinin (FNH) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) baş mütəxəssisi, xilasedicisi Kəmalə Qəhrəmanovadan gedir.

Minval.İnfo-nun suallarını cavablandıran K.Qəhrəmanova maraqlı cavablar verib:

–        Babək filmində belə bir nüans var. Babək söyləyir ki, onu döyüşdən-döyüşə atan səbəb azadlıq eşqi idi. Bəs, 18 yaşlı gənc bir qızı nə vadar etdi müharibəyə getməyə?

–        Deməzdim ki, xüsusi bir səbəb var. İnsan birdən-birə böyük qərar almır. Biz hələ müharibənin əvvəllərindən məsələnin mahiyyətini bilmirdik. Heç kimə düşmən gözü ilə də baxa bilmirdik. Lakin sonralar insanlara edilən vəhşilikləri gördükcə gənc bir qızın şüurunda bu məsələlər damla-damla yığıldı və nəticədə onu döyüşçüyə çevirdi. İndi dönüb arxaya baxanda görürəm ki, bu əslində mənim yaşamalı olduğum bir həyat imiş.

–        Sizin müsahibələrinizdəki cavablarınıza fikir vermişəm. O qədər dəqiq və yeri gələndə obrazlı cavablar verirsiniz, sanki həyatınız boyu mütaliə ilə məşğul olmusunuz.

–        Bu mənə nənəmdən qalıb. Atamı tez-tez çöllük zonalara göndərirdilər ki, yaşıllaşdırma işi ilə məşğul olsun. Mən də onunla gedərdim. Orada etməyə başqa bir şey olmadığı üçün kitablar oxuyurdum. Bəzən yeməyə bir şey olmayanda nənəmin nağıllarını dinləyə-dinləyə tez yatardıq. Bu da uşaq şüurunda öz təsirini qoyur. Mən hətta həyata nağıl gözü ilə baxıram. İnsan bəzən hislərini gizləmək üçün sözlərlə oynamalı olur. Fikirlərini olduğundan fərqli çatdırır.

–        Müsahibələrinizdə və həyatınızda bundan tez-tez istifadə edirsiniz?

–        Demək olar ki, hə. Bəzən nələrisə gizlətməli olursan. İnsan bəzən nəyisə qorumaq üçün heyvani instinktlərindən istifadə etməli olur. Bəzən fikirlərini, hislərini təhrif edir.

«Avtobusun üzərinə də bir oğlan çıxmışdı. Qışqırırdı ki nə olsun 18 yaşım var, əlim ki silah tuta bilir. Siz götürməsəniz ayaqla gedəcəyəm. Sonra həmin oğlan Qarabağda gedən döyüşlərin birində şəhid oldu»

–        Ömrünüzün 18-ci ilindən od-alovun içinə düşən bir xanım kimi cəbhədəki ilk günlərinizi necə xatırlayırsınız?

–        Qaradağda faciə baş verdiyi günlərdə Çingiz Mustafayev televiziyada yardım dəstəsi çağırışı etmişdi. Həmin günlərdə Sambo üzrə Respublika Çempionatı olacaqdı. Çəkimizi öyrənmək üçün evdən çıxacaqdım. Anam dedi ki, faciə olan günlərdə yarış olmaz, məncə. Mən yenə də getdim və həqiqətən də hər yer bağlı idi. Yolda 3 dənə böyük avtobus dayanıb, siyahıyaalma gedir. Yaxınlaşdım ki, mən də getmək istəyirəm. Baxdılar ki, arıq çəlimsiz bir qızam, götürmək istəmədilər. Avtobusun üzərinə də bir oğlan çıxmışdı. Qışqırırdı ki, nə olsun 18 yaşım var, əlim silah tuta bilir. Siz götürməsəniz ayaqla gedəcəyəm. Sonra həmin oğlan Qarabağda gedən döyüşlərin birində şəhid oldu. Sonra Çingiz Mustafayev bizə yaxınlaşdı, dedi ki, yaş məhdudiyyəti qoymayın. İstəyirsə getsin. Bundan sonra bizə icazə verdilər. Avtobusla bizi Ağdama gətirdilər. Burada mənə qız olduğum üçün silah vermədilər. Keçdim mətbəxə, əsgərlərə yemək hazırlamağa başladım. Axşamlar işim bitəndə əsgərlər silahın sökəndə onların yanında dayanıb silahla necə davranmağı öyrənirdim. Sonra da top atmağı öyrəndim. Artıq yetişdikdən sonra döyüş əməliyyatlarına da gedirdim. Bir müddət sonra Şuşaya getdik. Hərbi hissənin komandiri məni imtahan etdikdən sonra orduya götürdü. Sonralar həmin komandir də şəhid oldu, heç cəsədi də tapılmadı.

–        Bəs saçınızdan imtina etməyə səbəb nə oldu?

–        Bunun bir səbəbi qız olduğum bilinməsin, ikinci səbəb isə Şuşada qış çox sərt keçirdi, su donurdu deyə saçımızı 1 ay yuya bilmirdik, ona görə kəsdim.

–        Qərb ədəbiyyatında “itirilmiş nəsil” adlı bir anlayış var. 14 yaşından başlayaraq əli qələm tutmalı olan yeniyetmələri müharibəyə aparırdılar. Onlar müharibədən qayıtdıqdan sonra arxa cəbhədə həyatın öz axırda getdiyini, insanların artıq dəyişdiyi, onları anlamadıqlarını görüb mənəvi çöküş yaşayırdılar. Bəs, siz qayıtdıqdan sonra necə hiss edirdiniz?

–        Bu, əslində müharibənin görünməyən tərəflərini açıqlayan ədəbiyyatdır. Müharibə elə bir şeydir ki, insan tamamilə məntiqdən uzaqlaşır. Ya öldürməlisən, ya da ölməlisən… Hərbini öz razılığımla tərk edəndə 26 yaşım var idi, amma fiziki olaraq özümü çox yaşlı hiss edirdim. Müharibədən sonra maşından çıxan ən adi səs belə mənə təsir edirdi və ətrafımdakılar məni anlamırdı. Özümü bu vəziyyətdən kitabların sayəsində çıxarmağı bacardım.

«Burada mənə qız olduğum üçün silah vermədilər. Keçdim mətbəxə, əsgərlərə yemək hazırlamağa başladım. Axşamlar işim bitəndə əsgərlər silahın sökəndə onların yanında dayanıb silahla necə davranmağı öyrənirdim. Sonra da top atmağı öyrəndim. Artıq yetişdikdən sonra döyüş əməliyyatlarına da gedirdim»

–        Siz bu qədər çətin işlərdə işləmisiniz və həyat xilas etmisiniz, bəs, sizi bu çətinliklərdən xilas edəcək bir gücə ehtiyacınız olub?

–        Əlbəttə, qadın dünyası sevgi dünyasıdır və dünyanın qadının sevgisinə, mərhəmətinə ehtiyacı var. Hər çətinliyə düşəndə zəifliyimi hiss edib güclü bir qüvvəyə ehtiyac hiss etmişəm. Məni anlayacaq, məni olduğum kimi qəbul edəcək bir qüvvə… Amma həyat elə bir məktəbdir ki, zəifliklərinlə baş etməyi sənə öyrədir.

–        Hələ də xilasa ehtiyacınız var|?

–        Yox. Artıq xilas olmuşam. Amma heç vaxt gözləməməlisiniz ki, kimsə sizi xilas etsin.

–        Sizcə qadın toplum üçün nə ifadə edir?

–        Qadın ikinci yaradıcıdır, cəmiyyətin davamıdır, yer kürəsinin anasıdır, həyatın davamıdır. Qadın olmasa sevgi olmaz.

–        Bir çox ölkələrdə qadınların əsgərliyə getməsi məsələsi qanunidir. Sizcə qadına əsgərliyə getmək lazımdırmı?

–        Bu mənim üçün dəyişkən bir fikir olub. Əvvəllər bunu lazım bilirdim, çünki qadınların da o çətinliyi görməsinin vacib olduğuna inanırdım. Amma indi mənim üçün bir silah var, o da insanın düşüncəsidir. Hər bir qadının əsgəri xidməti onun ailəsi olsun. Çünki hər evdə gələcəyin əsgəri yetişir.

–        Son olaraq uğrunda mübarizə apardığınız vətənimizin gəncliyinə nə məsləhət görərdiniz?

–        Gəncliyimizin indiki vəziyyətindən çox razıyam. Estafet əmin əllərdədir, məncə. Bir şey deyə bilərəm ki, daim öz üzərlərində işləsinlər, dünya görüşlərini inkişaf etdirsinlər, yaxşı mənada çərçivələrə sığmasınalar.

Məleykə Ağasoy

Foto və video: Fərid Özay

Minval.İnfo