2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları aldı və təcili əməliyyat olunaraq həyatı xilas edildi.

Minval.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edildi və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır.

Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşmüş və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Minval.info