3-4 ay öncə yalnız Ukrayna xalqının tanıdığı Vladimir Zelenskini bu gün bütün dünya tanıyır. Çünki o, artıq böyük səs üstünlüyü ilə Ukrayna prezidenti seçilib.

5-6 ay öncə isə hamı onu şoumen, komediya aktyoru, rejissor, prodüsser, ssenarist kimi tanıyırdı. Bu gün adam siyasi xadimdir. Ölkəsinin ən nüfuzlu siyasətçisidir.

Bəzən onu komik aktyor kimi qələmə verirlər, ancaq Zelenskinin rejissorluğu, ssenaristliyi və prodüsserliyi də varsa və o, bu sahədə istedadlıdırsa, demək “aktyor” kimi tanıdılması onu aşağılmaq səciyyəsi daşıyır.

Vladimir Aleksandroviç Zelenski 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində yəhudi ailəsində doğulub. Ukrayna, rus və ingilis dillərini bilir.

Onun atası Aleksandr Semyonoviç riyaziyyatçı, proqramçıdır, texnika elmləri doktoru, professordur. 20 il Monqolustanda yaşayıb-işləyib. Zelenskinin anası Rimma təqaüdçüdür. Zamanında o da mühəndis olub.

Vladimir Zelenski uşaq vaxtı valideynləri ilə birlikdə Monqolustanın Erdenet şəhərində yaşayıb. Birinci sinifi orda bitirib, sonra Krivoy Roqa qayıdıb.

O, uşaq vaxtı yunan-Roma güləşiylə, ağır atletika ilə məşğul olub, ingilis dili kursuna gedib, piano dərsləri alıb, bal rəqsləri üzrə təlim keçib, məktəb ansamblının gitaraçısı olub.

Zelenski orta məktəbi 1995-ci ildə əla qiymətlərlə bitirib. Diplomat olmaq istəsə də Kiyev Beynəlxalq Münasibətlər İnstitutuna yox, Kiyev Milli İqtisadiyyat Universitetinə daxil olub, hüquq təhsili alıb. Ancaq o, ixtisası üzrə heç vaxt işləməyib.

11-ci sinifdə oxuduğu vaxtdan KVN komandası yaradan Zelenski sonradan bu sahədə peşəkar kimi fəaliyyətə başlayıb, çempionluqlar yaşayıb və olkə ictimaiyyətinin tanıdığı sevimli sənətçiyə çevrilib.

Daha sonra o, telekanallarla əməkdaşlığa başlayıb, rəhbərlik etdiyi layihələr Ukrayna tamaşaçıları arasında geniş populyarlıq qazanıb, sevilən filmlərə çəkilib.

2005-ci ildə Ukraynada daxili siyasi vəziyyət gərginləşəndə Zelenski Maydan hərəkatını dəstəkləyib. 2018-ci ildə partiya yaratmaq və parlament seçkilərinə iştirak etmək niyyətini bəyan edib.

Ötən ilin 31 dekabrında isə V.Zelenski Ukraynada keçirilən prezident seçkilərində iştirak edəcəyini elan edib.

Bu ilin əvvəllərində “bir komediya aktyoru”nun Ukrayna prezidenti olacağı nə qədər fantastik və gülməli görünsə də, artıq fakt göz önündədir, birinci sinifə Monqolustanda gedən oğlan oğlan artıq Ukraynanın birinci şəxsidir.

O, buna xalqının sevimlisi olduğu, parlaq seçki kampaniyası apardığı və rəqiblərinin yol verdiyi bağışlanmaz səhvlər sayəsində nail olub.

Qeyd edək ki, Vladimir Zelenski iki il öncə iyun ayında istirahət etmək üçün Azərbaycana gəlib, dostları ilə birlikdə Qəbələyə gedib, orada, Vəndam kəndinin lövhəsi altında məəzli şəkil də çəkdirib. O, bu şəkildə məşhur aktyor Jan Klod Van Damma parodiya edib.

Musavat.com