Bakıda keçmiş arvadını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məlum olub ki, onlar boşansa da dost kimi görüşürmüşlər.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahib Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə Rahid Babayev vəkilinin suallarını cavablandırıb. O bildirib ki, mərhum arvadı iki dəfə ona bıçaqla xəsarət yetirib.

Babayev qeyd edib ki, arvadı həmişə çantasında bıçaq gəzdirirmiş: “Bir dəfə evdə olanda mübahisə etdik. Bıçağı atanda sağ buduma dəydi. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı. Sinəmə vuranda çəkildim. Bıçaq sinəmi yaraladı”.

R.Babayev hadisə günü baş verənlərlə bağlı da danışıb. O deyib ki, həmin vaxt uşaqları yan otaqda yatıbmış:

“Mənimlə yenə də mübahisə elədi. Bıçaqla özünə xəsarət yetirmək istədi. Qollarını kəsmək istəyəndə mən onu tutdum, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sonra saat 3-də mübahisəmiz düşdü. Mən yatanda şəklimi çəkib yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Deyib ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Mən də buna əsəbləşdim. Mübahisəmiz düşəndə qışqırmağa başladım. Əllərimlə boğazından tutub sıxdım, boğuldu”.

Rahib Babayev keçmiş arvadını öldürməsinin səbəbi kimi bunları deyib: “Şərəf və ləyaqətimi alçatdığı üçün etdim. Əməlimdən peşmanam. Özümü də, onu da bədbəxt etdim. Uşaqlarımın isə həyatını məhv elədim”.

Mərhumun atası Rahib Babayevə sual verib: “Bu günə qədər bizdən sənə pislik edən olub?”.

R.Babayev bildirib ki, qayınatasından və qayınlarından həmişə yaxşı münasibət görüb, heç vaxt aralarında problem olmayıb.

Mərhumun atası söyləyib ki, Rahib Babayevə qızı ilə barışığa gələn zaman xəbərdarlıq edib: “Evimə gəlib qızımla barışmaq istədiyini dedi. Mən razı olmadım. Üzr istədi, qızımın ayaqlarına düşdü. Mən qızımın getməsini istəmirdim.

Qızımın üzərində bıçaq olmasını mən izah edim. Qızım süpürgəçi işləyirdi. Qazandığı pulla bu Rahibə çaxır da alırdı. Qızım mənə dedi ki, gecə Rahib 4 nəfərlə evdə gec saatlara qədər içir. O da uşaqlarını qucaqlayıb, bıçağı da əlində tuturdu ki, ona heç kim heç nə etməsin. Qaldıqları evin qapısı, şüşələri yox idi”.

Mərhum Ülviyyə ilə Rahibin boşandıqdan sonra bir evdə yaşamasının səbəbi haqda məlum olub ki, onlar dost kimi yaşamağa qərar veriblərmiş. Bu barədə Rahib Babayev də ifadəsində göstərib. Rahib istintaqa ifadəsində söyləyib ki, keçmiş arvadının yaşadığı evə gedib, onunla həm də uşaqlarına görə tez-tez görüşüblər.

Mərhumun ailə üzvləri Rahib Babayevin boşandığı qadının evinə getməsinə etiraz ediblər.

Rahib Babayevin anası Almaz Babayeva isə ifadəsində göstərib ki, oğlu yenidən ailə həyatı qurduqdan sonra keçmiş gəlini Ülviyyə ilə görüşüb. O, oğlunun ailəsinin problemli olduğunu söyləyib.

Qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi ev 67-də baş verib.

Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saxlanılan Rahid Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, 2 ildir Ülviyyədən ayrılıb, 2 azyaşlı övladları var.

“Ötən axşam Ülviyyənin kirayədə yaşadığı evin qabağından keçirdim, birdən o, qabağımı kəsərək qışqırdı ki, səni qoymayacam evlənəsən, qayıt yanıma. Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi, məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm”- deyə Rahid Babayev ilkin ifadəsində bildirib.

Minval.info