Nayidə Nuriyeva: “Oğlumun ruhundan utanıram”

İyulun 26-29-u Bakıda keçiriləcək “Jara-2018″ Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mgoyanın gəlməsi birmənalı qarşılanmayıb. Bir çox tanınmış sima, sənət adamları, media nümayəndələri etiraz səsini ucaldıb. Hətta sosial şəbəkədə ”Stop” haştağı ilə kampaniyaya da başlayıblar.

Bu barədə “Yeni Müsavat” qəzetində “Tanınmışlar erməni müğənninin Bakıya gəlişinə etiraz etdilər” başlıqlı yazı dərc olunandan sonra əfsanəvi döyüşçü, şəhid Bəhruz Nuriyevin anası Nayidə Nuriyeva redaksiyamıza zəng edərək bildirib ki, erməninin Bakıya gəlməsinə etiraz edənlərə qoşulub: “Mənim şəhid anası olaraq qəlbim sızıldayır. Oğlumun ruhundan utanıram. Azərbaycana erməni ayağı dəyməsin. Erməninin Bakıya gələcəyini  eşidəndən göz yaşım qurumur. Mən bütün şəhid anaları, ailələri adından danışıram. Bizim övladlarımız vətənin azadlığı uğurunda canlarından keçib. Oğlum Bəhruz çox bacarıqlı idi, rəssamlığı gözəl bacarırdı, universiteti 2-ci kursda yarımçıq qoyaraq, könüllü hərbi xidmətə getdi. Onun cəsarəti, şücaəti dillərə dastandır. Mərdcəsinə vətən uğrunda balam canından keçdi. İndi Şəhidlər Xiyabanında gözü yoldadır. Ruhu ermənilərin gəlişinə görə narahatdır. Tək Bəhruzun deyil, bütün şəhidlərin ruhu narahatdır. Mənim dövlətimizə, vətənimizə, millətimizə canım qurban olsun. İnanıram ki, prezidentimiz səsimizi eşidəcək, erməninin ayağının Azərbaycana dəyməsinə imkan verməyəcək”.

Bəhruz Nuriyevin anası Nayidə Nuriyeva ile ilgili görsel sonucu

Qeyd edək ki, Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.

1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.