Bir neçə gün öncə bir qrup işbazın Səbail rayonunda dövlət tərəfindən plana salınaraq köçürülən ərazidə ev tikib satması ilə bağlı reportaj dərc etmişdik. Həmin söküntü prosesinin dayanmasından və həmin ərazinin bir neçə ildir boş qalmasından istifadə edərək bir neçə ev tikib vətəndaşlara satıblar. Hətta həmin əraziyə baxan Mənzil Kommunal Təsərrüfat Birliyindən yeni evlərə sənəd də alıb vətəndaşlara təqdim ediblər. Həmin ərazi isə Nazirlər Kabinetinin qərarına əsasən plana düşdüyündən nə zamansa köçürüləcək və o zaman dövlət yenidən kompensasiya ödəməli olacaq. 

Bu mövzuda məsul qurumlardan biri olan Səbail Rayon İcra Hakimiyyəti də məsələyə reaksiya verib.

“Yeni Müsavat”a danışan Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərəmov bildirib ki, işbazların hazırda tikinti apardığı ərazilər Dövlət Neft Şirkətinin balansındadır: “Su İdman Sarayından da öncə, Bayraq meydanı istiqamətindən Bakı bulvarının genişləndirilməsi proqramı var idi. Bu proqram əsasında, II Salyan yolu döngəsi də daxil olmaqla o ərazidən 300-dən artıq ev köçürdülər. O evlərin 95 faizinin sənədi yox idi. Əksəriyyəti qeyri-qanuni tikililər idi. Həmçinin Su İdman sarayının tikintisi ilə bağlı “Şestoy” deyilən əraziyə qədər plan üzrə köçürmə aparıldı.

Bütün bu ərazilərdə Dövlər Neft şirkətinin inzibati ərazisidir, dövlət tərəfindən ARDNŞ-ə verilib. Bu ərazilərə həmin qurum cavabdehdir və onların özlərinin MİS-i də var. Sizin qeyd etdiyiniz 149 saylı MİS də Dövlət Neft Şirkətinin tabeliyindədir. Sonradan ARDNŞ-in tərkibində müəyyən dəyişiklik olundu və həmin MİS-ləri 3 saylı Xüsusi Təyinatlı Departamentə verildi. Ərazi baxımından Səbail rayonuna daxil olsa da, inzibati ərazi kimi Neft Şirkətinin ərazisindədir”.

İsrafil Kərəmov onu da qeyd etdi ki, bütün bu qanunsuzluqların həyata keçməsində də həmin MİS-lərin böyük rolu olub: “Həmin yerdə də qanunsuz ev tkiblər. Vətəndaşlara verilən “litsavoy” isə sənəd deyil. O sadəcə kommunal xərclərin ödənilməsi üçün verilən adi bir kağızdır və heç bir hüquqi qüvvəsi yoxdur. Həmin iki evin tikintisi də axşam saatlarında baş verib. Lakin bu evlərin sökülməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dərhal müvafiq qaydada məhkəməyə müraciət olunub. Bu yaxın günlərdə məhkəmə hansı qərarı çıxarsa, biz icraedici orqan olaraq onu yerinə yetirəcəyik”.
İcra sözçüsünün dediyinə görə, həmin evlərdə artıq yaşayış olduğundan dərhal söküntü aparıla bilməz: “Bu səbəbdən də qərarı gözləyirik. Əlavə olaraq, həmin ərazidə nəzarət gücləndirilib ki, təkrar olaraq belə hallar yaşanmasın. Çünki ərazi artıq köçürülüb, evləri sökülən əhaliyə dövlət tərəfindən kompensasiya verilib. İndi orada yeni tikililərin aparılması həm əlavə xərcdir, həm də qeyri-qanunidir”.

Musavat.com