Xorvatiya milli komandasının və Türkiyə “Beşiktaş”ının futbolçusu Domaqoy Vidaya xəbərdarlıq edib.

“Report”un məlumatına görə, bu, Rusiyanı penalti seriyasında üstələdikləri dünya çempionatının 1/4 final matçından sonra 29 yaşlı müdafiəçinin “Ukraynaya eşq olsun!” şüarını səsləndirməsi ilə əlaqədardır.

Vida və Kiyev “Dinamo”sundakı keçmiş komanda yoldaşı Oqnyon Vukoyeviç bu ifadəni yaydıqları video-müraciətdə dilə gətiriblər. Vukoyeviç artıq futbolçu karyerasını bitirib. Bu səbəbdən, ali futbol qurumu yalnız Vidaya xəbərdarlıq edərək, onun sözlərini qeyri-idman davranışı kimi dəyərləndirib.

Soçidəki “Fişt” stadionunda keçirilmiş matçın həm əsas, həm də əlavə vaxtında eyni hesab qeydə alınıb – 1:1. Penalti seriyasında isə Xorvatiya Rusiyaya 4:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.