“Bütün öhdəliklərimiz mövcud razılaşmalar çərçivəsində, zamanında və hər hansı bir kənaraçıxma olmadan yerinə yetiriləcək”.

Minval.info Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi ilə bağlı danışan Rusiyanın Xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.

Jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, ABŞ-ın təzyiqi razılaşmada dəyişiklik yaratmayacaq.

“Bu şantaj sadəcə Türkiyəyə istiqamətləndirilnməyib. Bu, Rusiya ilə hüquq çərçivəsində hərbi-texniki əməkdaşlıq quran bütün ölkələrə tətbiq olunur” -, Ryabkov deyib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan türkiyəli həmkarı Hulusi Akara məktub yollamışdı. Məktubda qeyd olunmuşdu ki, 31 iyula qədər Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi almaqdan imtina etməsə, F-35 pilotlarının təlimləri dayandırılacaq və Türkiyə proqramdan çıxarılacaq.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Mayk Endryus F-35 proqramı çərçivəsində türk pilotlara verilən təlimləri dayandırdıqlarını açıqlayıb.

Xatırladaq ki, kompleksin Türkiyəyə tədarükü iyul ayına təyin olunub.