Futbol dünyada ətrafına ən çox və ən qatı azarkeş ordusu yığmağı bacaran bir nömrəli oyundur, desək, yəqin ki yanılmarıq.

Yeri gəlmişkən futbolsevərlərin səbirsizliklə gözlədiyi, futbol üzrə dünya çempionatının start fitinin səslənməsinə az qaldığı bir vaxtda, heç şübhəsiz, futbol azarkeşlərinin ən böyük arzularından biri sevdiyi komandanın oyunçularını yaxından izləməkdir.

Minval.info bunun üçün futbol üzrə dünya çempionatının keçiriləcəyi Rusiyaya “necə ucuz getmək olar?” sualına cavab tapmağa çalışıb.

Onu qeyd edək ki, manatın 2 dəfə dəyərdən düşməsi aviabiletlərin də qiymətindən yan keçməyib.

Belə ki, AZAL-ın təqdim etdiyi qiymətlərə əsasən, Bakıdan Moskvaya minimum gediş qiyməti təqribən 237 AZN, dönüş isə 220 AZN-dir. Azərbaycanda minimum əmək haqqının 130 manat olduğunu nəzərə alsaq, təbii ki, bu qiymət hər kəsin cibinə uyğun deyil. Bəs bunun üçün nə etmək lazımdır?

Əvvəlcə istədiyiniz ölkəyə aparacaq ucuz aviaşirkəti tapmaq lazımdır. Sonrakı mərhələni ucuza başa gətirmək daha asandır. Ucuz bileti bir neçə saytda axtarmaq mümkündür. Bu, aviaşirkətlərin saytları da ola bilər və  burada ucuz kampaniyalarla tanış olmaq mümkündür. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir. Sizə skyscanner.com, opodo.com, edreams.com, skycheck.com, tripadvisor.com kimi ucuz bilet satan saytlar da yardımçı ola bilər.

–        Bileti ucuz başa gətirməyin bir yolu onu 60 gün qabaqdan sifariş etməkdir. Və mümkünsə həftə sonları olmasın.

–        Digər bir yol bileti gecəyarı üçün almaqdır. Çünki insanların əksəriyyəti gündüz uçuşlarına üstünlük verir. Bu baxımdan gündüz uçuşları nisbətən baha olur.

Əgər araşdırma etməyə həvəsiniz yoxdursa və cibə ən yaxın aviabilet axtarırsınızsa, ən yaxşı variant Tiflisə getməkdir. Bunun üçün ilk olaraq cəmi 13 manatınızdan keçib avtobusla Tiflisə getməlisiniz.

Burada kifayət qədər uyğun qiymətə biletlər tapmaq mümkündür. Məsələn, “Alitalia” şirkəti ilə Tiflis-Milan-Tiflis biletini 190 avroya bilet tapmaq mümkündür. Və ya Tiflis-Moskva-Tiflis 100 avrodan başlayan qiymətlərlə bilet tapmaq mümkündür.

Bəs səfər zaman zamanı ucuz qala biləcəyimiz məkanı necə tapaq? 

Booking.com saytından qeydiyyatdan keçməklə siz istənilən ölkədə ulduzlu-ulduzsuz otel və ya hostel tapa bilərsiniz. Digər məsləhətli mehmanxana axtarış saytları: www.expedia.com; www.orbitz.com; www.kayak.com; www.trivago.com; www.momondo.com-dur.

Yox, əgər siz mehmanxanada deyil, ailənizlə birgə qala biləcəyiniz yer axtarırsınızsa, bu zaman köməyinizə www.airbnb.com saytı gələcək. Bu saytdan qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

“Airbnb” evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Çeski ve Joe Cebia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar.

Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə airbedandbreakfast.com saytı bu şəkildə yarandı. Bir müddət sonra saytın adı “airbnb” oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Məleykə Ağasoy

Minval.info