Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində  sabah “Barcelona” – “Roma” matçı keçiriləcək. Komandalar qədər onların azarkeşləri də oyuna böyük həyəcanla hazırlaşırlar.

Klubları yaşadan həm də onların azarkeşləridir. Beləcə qərara gəldik ki, “Roma” futbol komandasının Azərbaycanda olan fan klubunun üzvləri ilə müsahibə edək. Onlar da oyunu böyük səbirsizliklə gözləyirlər, eyni zamanda “Barcelona” ilə müqayisədə daha zəif klub kimi qiymət verildiyindən, onların oyun öncəsi psixolojisi daha maraqlıdır.

Bu fan klub “Qarabağ”-la matç öncəsi böyük təzyiqlə üz-üzə qalmışdılar. “Roma”ın Azərbaycandakı fan klubun prezidenti Kamal Mustafa Minval.info-a müsahibəsində həmin dönəmdəki təzyiqlərdən, “Barcelona” matçı ilə bağlı yanlış fikirlərdən və ümumilikdə Azərbaycandakı “Roma” fanatları barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Ölkəmizdə, əsasən, ya Türkiyə futbol komandalarına, ya da “Barcelona”, “Real Madrid” kimi böyük klublara azarkeşlik edənlər var. Roma kimi daha az tanınan bir komandaya azarkeşlik necə başladı?

– “Roma”-a kiçik və ya az tanınan klub demək düzgün deyil. “Roma”  olduqca əzəmətli və köklü klubdur. Mən 18 ildir ki “Roma” azarkeşiyəm, 6-7 yaşında uşaq da niyə “Roma” sualına cavab tapa bilməzdi. O dövrlər “Roma” İtaliyada hegemonluq edirdi və Avropa arenasından müəyyən çəkiyə sahib idi. İtaliyan xarizması, Tottinin “Roma”-a sevgisi məni cəlb etdi. 7-8 il əvvəl düşünürdüm ki, Azərbaycanda məndən savayı “Romalı” yoxdur, sonra sosial şəbəkələr çıxanda əlaqələr yaratmağa başladım. 2 ildir ki, “Roma” klubunun Azərbaycandakı fan klubunu yaratmışıq. Fan klubun hər üzvünün bir azarkeşlik hekayəsi var. Bir çoxları elə mənim kimi “Roma”nın İtaliyada at oynatdığı vaxtlardan onu sevməyə başlayıb. Adam bir dəfə klubu sevəndə daha sonra qarşılıq da gözləmir.

– Ölkədə təxmini nə qədər “Roma” azarkeşi var?

– 100-200 olar. Fan klubun yaş aralığı da müxtəlifdir. Ən gəncimizin 20, ən böyüyümüzün isə 38 yaşı var.

– Azarkeşləri Romadan başqa nə birləşdirir?

– Elə birləşdirici qüvvə kimi “Roma” bəsdir (gülür). Yox, açıq danışsaq, əvvəl “Canavarlar”a görə birləşmişdik, sonra yaxşı dostluq münasibətlərimiz yarandı. Bir-birimizin toyuna da gedirik, toyda bəyə “Roma” forması da geyindirməyə çalışırıq.

“Qarabağ” ilə görüş öncəsi sizə çox təhqirlər gəlirdi. Başqa nələr baş verdi o dönəmdə?

– Qarabağla oyun öncəsi olacaq təzyiqlərə biz əvvəldən hazır idik. Püşklər atılan zaman artıq bilinirdi ki, ölkədə nə qədər futboldan anlayışı olmayan varsa hamısı bizi oyun öncəsi “gülləbaran” edib, vətən xaini çıxarmağa çalışacaq. Sevimli komandamızı Bakıya gəldiyi gündən tək buraxmadıq. Hava Limanında qarşılanmadan tutmuş, otel və oyun günü stadionda dəstəyə qədər əlimizdən gələnin ən yaxşısını verməyə çalışdıq.

Təzyiqlər öncə fan klubun “Facebook” səhifəsinə gəlməyə başladı. Əvvəlcə sözlü mübahisələrə girişdik, sonra gördük yox, bu insanlara nəsə başa salmaq mümkün deyil. Şəxsi profillərimizə də yazırdılar ki, “gəlin sizə başa salaq “Roma”-nı dəstəkləmək nədir”. Axırda səbrimiz daşdı bir neçə çağıranla gedib görüşüb, söhbət elədik. Yenə də ağıllarda vətən xaini olaraq qaldıq (gülür). Maraqlısı budur ki, həmin insanlar heç “Qarabağ”ın əsl azarkeşi deyildirlər, sadəcə “Qarabağ” Avropa miqyaslı bir meydana çıxa bilmişdi deyə, yalançı dəstək göstərirdilər. Ondan əvvəl, ya da sonra heç “Qarabağ”ın hansısa oyununa baxdıqlarına şübhə edirəm. Oyun öncəsi biz stadionda İtaliyadan gələn fanatlarla görüşdük, tam üzbəüz tribunada isə “İmarət” vardı. Aramızda heç bir gərginlik olmadı. Çünki əsl azarkeş digər komandaya və onun tərəfdarlarına hörmət etməyi bacarır. Sadəcə  Qarabağ ərazisi ilə “Qarabağ” klubunu səhv salanlar isə stadionda tum çırtlamaqla məşğul idilər.

– “Barcelona” ilə oyun öncəsi hər kəs “Roma”nı məğlub kimi görür. “Barcelona” azarkeşləri ilə polemika yaşayırsınız?

– 10 illik fasilədən sonra yenidən Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmağı bacardıq ki, burda da qarşımıza ispan nəhəngi çıxıb. Ancaq şəxsən mənim üçün “Barselona” ilə görüş “Latsio” ilə derbi qədər əhəmiyyətli deyil. Polemikaya qaldıqda, hazırda səhifəmizə gələn təhqirlər heç “Qarabağ” ilə oyun öncəsi gəlmirdi. Düzü, biz onları “Barcelona” azarkeşi yox, Messi aşiqləri adlandırırıq. Onlar komandanı məhz Messiyə görə sevir, yazılan hər mesajda “Messi Romanı məhv edəcək” deyirlər. Əslində daha vulqar formada deyirlər, mən düzgün hala saldım. Messi necə “Roma”nı məhv etsin? Qorxuram belə azarkeşlər axırda, klubun adını dəyişib “Messi” qoysunlar. Başa düşürəm, hər kəs komandasına qarşı həssasdır, ancaq çılğınlığa qalsa, biz “gladiatorlar”dan çılğını var?

– “Barcelona” ilə oyuna birlikdə baxacaqsınız? Ümumiyyətlə oyunları necə izləyirsiniz?

–        Bəli “Barselona” ilə görüşə birlikdə baxacağıq. Və oyun günü yaxınlaşdıqca həyəcanımız da artır. Tez-tez publara yığışıb oyunlara birlikdə baxırıq. Oyun vaxtı çox səs-küylü oluruq. Rəqib komandanın azarkeşləri ilə eyni yerdə oyuna baxmamağa çalışırıq. “Juventus”un, “Milan”ın fan klubu ilə əlaqələrimiz var, mövzu İtaliya futbolu olanda tiffozilər həmişə bir olur. Belə ölkədaxili klublarla bağlı davaları ispan və ya türk klublarına azarkeşlik edənlər arasında görə bilərsiniz.

– “Roma”ya səfər etmiş hər kəs, sənə hədiyyə gətirir, klubun prezidenti kimi səni tanıyır. Nə vaxt fan kluba rəsmilik alıb vəzifə bölgüsü edəcəksən, gətirilən hədiyyələr də ofisinizə yerləşdiriləcək?

–        Bu barədə özüm bir az tənbəllik edirəm, vaxtında bu barədə işlər görsəydim və özümü Romanın rəhbər şəxslərinə tanıtsaydım, indi Bakı-Roma yolunu Bakı-Sumqayıta çevirmişdim. Rəsmilik almaq üçün tezliklə müraciət edəcəyəm. Bu bizə maliyyə baxımdan bir dəstək verməyəcək, ancaq klubun atributlarını əldə etmək daha asanlaşacaq. Eləcə də Romaya dəvətlər və Romanın görüşlərinə endirimli biletlər əldə etmək olacaq. Vəzifə bölgüsünə gəldikdə isə mən yeyib doymuşam (gülür). Təbii ki, prezident olaraq vəzifə bölgüsü aparıb, daha sonra da Roma atributlarının hamısını ofisimizə yerləşdirəcəyik.

– Maliyyə məsələlərini necə həll edəcəksiniz bəs?

– Üçdən-beşdən kim nə bacardı…

– Sənin “Roma”-ya aid 3 tatun var. Bədəninə dövmə vurduracaq qədər nəyəsə fanatik olmağı düzgün hesab edirsən?

– Hələ gələcəkdə “Roma”-ya aid tatuların sayını artırmağı da düşünürəm. Əgər ətrafıma və özümə zərər yetirmirəmsə, bu sevginin nəyi pisdir ki? Hər zaman “Roma” forması geyinə bilmirəm, amma dövmələr vasitəsilə “Roma” atributlarını üzərimdə daşıyıram. İllərdir qolumda “Roma” yazılsa da, hər dəfə görəndə uşaq kimi sevinirəm. Bu qarşılıq gözləmədən bəslədiyimiz sevgini görmək özümüzə də güc verir.

– “Barcelona” ilə oyundan necə bir nəticə gözləyirsiniz?

– Nəticə nə olursa olsun, hər zaman komandamızın yanındayıq. Heç də “Barcelona”ya böyük bir güc kimi baxmaq lazım deyil. Hər şey həmin oyunda 90 dəqiqə ərzində baş verir, hər iki tərəf ayağının gücü çatdığı qədər mübarizə aparır və sonda biri qalib gəlir. Əgər “Roma” “Barcelona” ilə qarşılaşa bilibsə, deməli, onu “Barcelona”-dan fərqləndirən heç nə yoxdur. Daha əvvəl hansı komanda nələr qazanıbsa o keçmişdə qalır və 90 dəqiqə “Barcelona” “Roma”nın rəqibi kimi mübarizə aparacaq və hətta müdafiə olunacaq. Hələ bəlkə “Barcelona” “canavarlar”ın sürətindən qorxdu.

Dəniz Kərimzadə

Minval.İnfo