Dünən tanınmış şair Yafəs Türksəslə Publika.az saytında müsahibəmiz yayımlandı. Məhz maraqlı bir insan olduğuna görə, ondan bir neçə dəfə müsahibə almışam. İnanın, onu hər gün danışdırsan, yenə maraqlı nəsə alınacaq. Özünün dediyi kimi, həyatı çətinliklər içərisində keçib. Cavan qardaşı dünyasını dəyişəndən sonra ailənin bütün maddi yükü onun çiyinlərinə düşüb. Sonra qaçqınlıq həyatı başlayıb. Şeirin, yaradıcılığın daşını atıb, alverə başlayıb, bazarda kartof satıb. Mən balaca uşaq idim, yadıma gəlir, Yafəs bizim məhəlləmizə stəkan satmağa gəlirdi. Anam ondan stəkan almaq istəyirmiş, Yafəs deyib ki, sənin ərinlə dostam, alma, fərli stəkan deyil, bir dəfə çay süzən kimi qırılacaq.

Yafəsin məhləmizdə bir-iki dəfə atamla salamlaşdığını da görmüşəm. Soruşmuşam ki, ata, o kişi kimdir? Onun ayaqqabısı niyə cırıqdır? Atamın cavabı mənə hələ indi çatır: şairdir. Yafəs doğrudan da, çox istedadlı adamdır. Gözəl şeirləri var. Ona şair deməmək günahdır, adamın ağzı əyilib, qulağının dibində dayanar. Di gəl, mən bilmirəm, onda nə çatmır. Özünün də dediyi kimi kitablarını əl-əl satır. Məsələn, xırda bir məmura, idarə müdirlərinə kitab hədiyyə eləyir, o da Yafəsin cibinə 5-10 manat qoyur. Burda böyük bir qəbahətmi var?

Bu mənada Yafəs 64 illik ömrünün çoxunu hədiyyə ilə dolanan adamdır. Deyim ki, hər gün içir, qazandığı pulları avara-avara şeylərə xərcləyir. İnanmıram. Ailəsinə, uşağına, nəvələrinə bağlı adamdır. Ondan qat-qat istedadsız və maraqsız adamlar cəmiyyətdə sayılıb-seçilir, hörmət sahibidirlər. Bəs bizim 64 yaşlı şairimizin problemi nədir?

Yaşdan söz düşmüşkən, bəli, Yafəsin 64 yaşı var. Ondan yaşını soruşanda isə həmişə bir il az deyir. Mənə elə gəlir ki, Yafəs hamıdan gizlətdiyi o bir ilin içində yaxşı həyat olduğunu düşünür və bütün ümidlərini də bir il sonraya bağlayıb. Guya cavandır. Ömür hələ qabaqdadır. Guya 64-də hər şey yaxşı olacaq. Təbii, həyatı nə qədər kədərli olsa da, Yafəsin bir qram vecinə deyil. Hər şeyə qədər kimi baxır.

Yafəs bütün fikirlərə, tənqidlərə, yeniliyə olduqca açıq adamdır. Bir dəfə Zahir Əzəmət onun haqqında demişdi ki, Yafəsin beyninin bir tərəfi yeniliyə açıq idi, AYO gəlib o biri tərəfini də açdı, indi “skvaznyak” edir. Şərif Ağayar danışır ki, Yafəslə uzun müddətdir görüşmürdüm, bu yaxınlarda qarşılaşdıq. Bir qram da dəyişməyib, 15 il əvvəl necə qoyub getmişdim, eləcə də qalıb. Şüur həmin şüurdur, düşüncə həmin düşüncədir, dünyagörüş həmin dünyagörüşdür, elə bil adamı mumiyalayıblar. Dostlarımızdan biri isə Yafəsdən soruşur ki, ərli qadınla niyə şəkil çəkdirirsən? Tutaq ki, yaxşı eləyirsən, bəs həmin şəkli sosial şəbəkələrdə niyə paylaşırsan? Deyir, neyləyim, layk gəlmir.

Ədəbi mühitdə hamının Yafəs haqqında mütləq maraqlı bir fikri var. Hətta ən istedadsız adamlar da Yafəsdən nəsə düzüb-qoşa bilir. Çünki obyekt istedadlıdır. Ancaq onu ən yaxşı tanıyan adam mənə elə gəlir ki, Murad Köhnəqaladır. Muradın yaddaşında Yafəs haqqında cild-cild maraqlı əhvalatlar var. Hərdən fikirləşirəm ki, işin-gücün olmaya, Muradı Yafəs barədə danışdırıb, saytlarda çap eləyəsən, xalq oxuya, kefi açıla.

Hərdən isə mənə elə gəlir ki, Yafəs tərs çevrilmiş üzümüzdür. Onun hərəkət və davranışları bizi ən çox ona görə güldürür ki, eyni hissləri keçirmişik. Dünən yayımlanan müsahibəmiz barədə oxucuların əksəriyyətinin fikri bu oldu ki, Yafəs çox səmimidir. Bəli, həyat yoldaşı, oğlu, ümumiyyətlə, ailəsi haqqında rahat şeylər danışa bilir. Dünənki müsahibəsində deyir ki, arvadım mənim paxıllığımı çəkir. Efirlərə çıxmağa qoymur. Fikirləşir ki, gedərəm, məşhurlaşaram, onu bəyənmərəm. İnanın, məni gülmək tutur. Səmimi olmağına səmimidir, amma bu söz Yafəsi ifadə eləmək üçün çox acizdir.

Yafəsin bir sevgilisi var. Qızı suanaya aparmağından açıq-aşkar camaata danışır. Saunanın neçə otaqdan ibarət olduğundan, jurnalist olduğuna görə, ona qiymətlərdə nə qədər güzəşt edildiyindən elə söz açar, gülməkdən qarnın cırılar. Bəli, Yafəslə oturanda gülməmək mümkün deyil. Onsuz ədəbi mühitimiz doğrudan da, çox boz olardı. Düzdür, hər gün görüşmürsən, hər gün oturmursan, ayda-ildə bir dəfə qabağına çıxır, amma uzaqdan da olsa, onun maraqlı enerjisini hiss eləyirsən.

Hərdən Yafəsin məzarını təsəvvür eləyirəm. Qara mərmərdən hazırlanıb. Başdaşına da kök, dolu, keçəl bir şəklini vurdurub, çiynində də bir çatnası var, əlini cibinə qoyub ətrafa çəp-çəp baxır, qonşu qəbirləri ələ salır, gülür, onları “təfəkkürsüz ölülər” adlandırır. Doğrudan, Yafəs bir gün həyatda olmayacaq. Vallah, kədərlidir.

Kəramət Böyükçöl