Tanınmış rejissor Əbdül Mahmudbəyov 18+ anonsu ilə yayımlanan filmləri tənqid atəşinə tutub.

Yenicag.az-a açıqlama verən rejissor belə filmlərin çəkilməsi üçün peşəkarlıq tələb olunduğunu bildirib:

“Söz vermişəm ki, bu barədə danışmayacam, amma bəzən susmaq olmur. Hətta bu yaxınlarda tənqid etdiyim aktyorlar mənə cavab da qaytardılar. Onların nəzərinə çatdırıram ki, erotik film adı ilə çəkdikləri sənət əsəri deyil. Erotik film çəkmək üçün peşəkarlıq tələb olunur. Filmin bədii keyfiyyəti bunu tələb etməlidir. Yoxsa ki, rejissor aktrisanı soyundurub, uzandırır, adını da qoyur erotika. Bu erotika deyil e, biabırçılıqdır. Bizdə bunu biabırçı formada təqdim edirlər. Hətta yaxın zamanlarda belə filmlər baş alıb gedirdi. Yaxşı ki, ağsaqqallar, sənətkarlar etiraz etdi, bu filmləri yığışdırdılar. Belə filmlər üçün məxsusi rejissorlar, aktyorlar, aktrisalar olmalıdır. Azərbaycan mentalitetində belə ənənə yoxdur ki, aktrisa soyunub, açıq-saçıq səhnələrə çəkilsin. Kişi aktyorlar utanır belə kadrlara çəkilməyə, o ki qaldı aktrisalar ola. Mən özüm də vaxtilə “Gecə qatarında qətl” filmini çəkəndə orada erotik kadrlara yer vermişdim. Bu kadrlara çəkilmək üçün Odessadan aktrisa dəvət etdim. Orada əsas məqamı bədii keyfiyyətə yönəltdiyim üçün heç kim demədi ki, bu filmdə erotikadan istifadə olunub”.