Türkiyə və Rusiya C-500 zenit-raket komplekslərinin birgə istehsalına başlaya bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-yə açıqlamasında bildirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan rəsmi Moskvadan “çox yaxşı şərtlərlə təklif aldıqlarını” bildirib. Türkiyə prezidenti əlavə edib ki, C-400-ün onlara çatdırılması, hətta iyuldan da tez mümkün ola bilər: “Bu proses başa çatandan sonra C-500-ün də birgə istehsalından söhbət gedəcək”.

Türkiyə prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar onlara beş ədəd F-35 döyüş təyyarələri satıb. Türk təyyarəçilər bununla əlaqədar ABŞ-da təlim keçir.

“Əminəm ki, Vaşinqton F-35 proqramıyla bağlı Ankara qarşısında bütün öhdəliklərinə əməl edəcək”, – deyə Ərdoğan bildirib.

Bundan öncə Türkiyə bəyan etmişdi ki, Rusiyadan zenit-raket komplekslərinin alınmasıyla bağlı plandan imtina etməyəcək. Razılaşmaya əsasən, komplekslər Türkiyəyə iyulda çatdırılmalıdır.

ABŞ isə bildirir ki, C-400 NATO-nun standartlarına uyğun deyil. Birləşmiş Ştatlar bu raket komplekslərinin əldə olunmasına görə sanksiya tətbiqini də istisna etmir.

Bundan başqa, ABŞ həm də dəfələrlə açıqlayıb ki, Türkiyəyə F-35 döyüş təyyarələrinin satış prosesinə son qoyula və ya müvəqqəti dayandırıla bilər.