Aprelin 26-da Bakı şəhər trasında Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst praktikaları keçirilib. Onlardan birincisi dərhal pozulub. İnsidentin səbəbi isə “Villiams” komandasının pilotu Corc Rasselin iştirak etdiyi qəza olub. Yerindən çıxan kanalizasiya qapağı britaniyalının bolidinə ciddi zərər verib. Bunun nəticəsində pilot ikinci məşqi də buraxmalı olub.

Minval.İnfo Azərtac-a istinadən xəbər verir ki, həmin uik-end zamanı komandanın rəhbərinin müavini Kler Uilyams bildirib ki, Qrouvda Qran-Pri təşkilatçılarından təzminat alacaqlarını hesab edirlər. Onlar isə, öz növbəsində, təqsirini etiraf edərək bəyan ediblər ki, “Villiams” komandasına pul vəsaitinin verilməsi mərhələnin təşkilatçılarının sığorta ödəmələri hesabına həyata keçiriləcək. İndi məlum olub ki, Azərbaycanda zərərçəkən tərəfə vəsaitin ödənilməsi prosedurasını maksimum dərəcədə sürətləndirmək niyyətindədirlər.

“Autosport” saytı Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimovun sözlərini sitat gətirib: “Aydındır ki, bu bizim təqsirimizdir və biz onu etiraf edirik. Biz bu səhvə yol verməməliydik. Sığorta haqqında müqaviləmizi nəzərdən keçirdik və bu vasitə ilə insidentin təzminatını tam ödəmək mümkündür. Hüquq şöbəmiz artıq “Villiams” komandasının müvafiq strukturu ilə iş aparır. Biz bunun baş verməsinə təəssüflənirik.

Biz komandaya bildirdik ki, ödənişi sürətləndirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu barədə sığorta şirkəti ilə də danışıqlar apardıq. Bu proseduranın bir il davam etməsini istəmirik, çünki komandaya pul lazımdır. Biz ödənişin mümkün qədər tez edilməsi üçün sığorta şirkətinə təzyiq göstərəcəyik”.

Analoji insident 2017-ci ildə Malayziya Qran-Prisində də baş verib. Lakin həmin vaxt “Haas” komandası bir ildən sonra təzminat ala bilib.