Рамиз АзизбейлиRamiz Əzizbəyli: “Məni unutmuşdular…”

Xalq artisti Ramiz Əzizbəyli Azərbaycanın dəyərli sənətkarlarındandır. Ssenarist, rejissor, aktyor və müəllim kimi sevilir. Professor Ramiz əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub. Ötən il “Şöhrət” ordeni ilə təltif edilən sənətkar bir çox mükafatların da laureatıdır. Xeyli vaxtdır səhhətindəki problemlərlə yataq xəstəsidir. Evində ziyarət edib müsahibə aldıq. Həyat yoldaşı Zümrüd xanımın köməkliyi ilə yataqda əyləşdi. Əvvəlki kimi zarafatcıl, şəndir. Amma bir az kövrək olub. Danışmağa çox da meylli deyil. Qısa cavablarla kifayətlənməyə üstünlük versə də, maraqlı müsahib oldu.

Minval.info xalq artistinin Bizimyol.info ilə müsahibəsini təqdim edir:

– Ramiz müəllim, xoş gördük. Səhhətiniz necədir indi?

– 70 yaşımda ayaq barmaqlarımı kəsdilər. Hələ yataq vəziyyətindəyəm. Həkimin dediyinə görə, bundan sonra üç-dörd ay da yatmalıyam. Xəstəliklərin çox olub, hamısına dözmüşəm. Ayaq barmaqlarım da kəsildi, dözdüm. Dostlarım sağ olsun. Xeyli dost qazanmışam. Bakı şəhərində hamı mənim dostumdur, düşmənim yoxdur.

– Müalicənizə, yaşadığınız problemlərə dövlətdən kömək olurmu?

– Bu yaxınlarda barmaqlarım kəsiləndə mədəniyyət naziri Əbülfəs Qarayev müalicə xərclərimi öz üzərinə götürdü. Kinostudiyanın direktoru Müşfiq Hətəmova problem bildirmişdim. O da müvafiq olaraq nazirə deyib. Bundan sonra ölkə rəhbərliyi – Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva bildilər ki, belə bir problemim var, nə lazımdırsa etdilər. Hamısına minəttdaram. Zeynəb Xanlarovanın qardaşı qızı Mehriban Xanlarova da xeyli keçəndən sonra yanıma gəmişdi. O, ATV kanalında məlumat verdi. Bundan sonra xəbər yayıldı və diqqət gördüm.

– Bir neçə gün əvvəl ölkə rəhbərliyi mədəniyyət və incəsənət xadimləri ilə görüşdü, problemlərlə maraqlandı. Sizi görüşə dəvət etmişdilər?

– Xeyr, görünür, səhhətimlə əlaqədar məni dəvət etməyiblər.

– İştirak etsəydiniz, siz hansı problemləri çatdırardınız?

– Kino və incəsənət sahəsi ilə bütün problemləri qaldırardım.

– Hansı problemləri məsələn?

– Məsələn, kinostudiya uçub-dağılır…

– Siz həm rejissorsunuz, həm də aktyor. Son illərdə filmlər çəkilib. Hansı filmləri bəyənmisiniz?

– Axırıncı Elxan Cəfərov “Dolu” filmini çəkib. Ondan sonra film görməmişəm.

– Digər çəkilənlər film deyil?

– Yox, sadəcə kuklalardır. Amma inanıram ki, bundan sonra düzələcək.

– Ramiz müəllim, neçə filminiz var?

– Dörd filmim var. “Pirverdinin xoruzu” 1987-də, “Bəxt üzüyü” 1991-də istehsal olunub. 2006-da “Yalan”, bir də son olaraq 2008-də “Qovğalı kəndinin gecələri”ni çəkmişəm. Mənim üçün dördü də əzizdir, sanki balalarımdır. Amma ən çox populyar olan “Pirverdinin xoruzu” filmidir. 12 festivalda iştirak edib.

– Amma gəlin razılaşaq ki, Azərbaycan tamaşaçısı tərəfindən ən yaddaqalan və daim sevilərək izlənən film “Bəxt üzüyü” olub…

– Bu da vətənin problemidir.

– “Bəxt üzüyü” filminin çəkilişində həm ssenari müəllifi, həm rejissor olmusunuz, həm də epizodik rolda aktyor kimi iştirak etmisiniz. Necə yarandı bu filmin ideyası?

– Vaqif Səmədoğludan icazə alıb, haqqını ödəmək şərti ilə “Bəxt üzüyü”nün ssenarisini yenidən özüm yazmışam. Əlavələrim çox olub ssenariyə. Epizodik rolda özüm də oynamışam. Söylü qaçanda arağı vurub sındırır, mən də deyirəm ki, “neylədin alə, arağın tapılmayan vaxtında”. Ümumiyyətlə, çəkdiyim bütün filmlərdə aktyor kimi də oynamışam.

– Bu yaxınlarda “Bəxt üzüyü 2” filmi çəkiblər. Baxmısınızmı?

– Baxmışam (Narazılıqla əlini bir xeyli yelləyir)… Nə deyim ey?

– Necə təsir etdi sizə o film?

– Çox pis təsir etdi…

– Son vaxtlar rejossorlar daha çox pul gətirən sahələrə – klip və bayaq “kuklalar” dediyiniz filmlərin çəkilişinə üstünlük verirlər. Bu, rejissorların, yoxsa ümumilikdə Azərbaycan kinosunun problemidir?

– Hamımız o gündəyik. Azərbaycanda ancaq toya gedənlər pul qazanır. Sağ olsun, ölkə rəhbərliyi kino və teatr üçün pul ayırıb.

– Sizcə, pul ayrılması problem həll edəcəkmi? Məsələn, Azərbaycan televiziyalarına serial çəkilişi üçün də pul ayrıldı. Keyfiyyətli serialllar yarandımı?

– Malı mala qatmayaq. O tamam başqa sahədir. Serialla film fərqli sahələrdir.

– Bəs kino sahəsinə ayrılan pul kinonun inkişafına müsbət təsir edəcək?

– O pulu bizə versələr, yaxşı olardı (gülür).

– Bəs kimə verəcəklər?

– 57 milyon az pul deyil. Həm teatr, həm də kino üçün 57 milyon pul ayrılıb. Bundan sonra, ölməyib sağ qalsam, işimiz yaxşı gedəcək.

– Siz həm də Mədəniyyət və İncəsənət universitetinin professoru və kafedra müdiri olmusunuz. Yetişdirdiyiniz tələbələr Azərbaycan incəsənətinə və mədəniyyətinə töhfə verə bilirlər?

– Verənləri var. Hamı güclü sənətkar ola bilməz. Amma zəifi də, güclüsü də yaşamalıdır. İslam Mehrəliyev, Vəfa Bayramova və s. tələbələrim bu gün sənətdədir. Universitetdə 13 il işləmişəm, sonra təqaüdə çıxmışam.

– Son vaxtlar teatr sahəsində müəyyən problemlər var, əvvəlki qədər bu sahəyə maraq yoxdur…

– Artar inşallah, pul ayrılandan sonra çox problemlər yoluna düşəcək.

– Könülsüz danışırsınız, Ramiz müəllim…

– Nə deyim, hamı bilir problemləri…

– Ötən il sizə “Şöhrət” ordeni verildi. Özünüzə qarşı diqqətdən razısınız?

– Məni unutmuşdular. Kino günü ilə əlaqədar aktrisa Şəfiqə Məmmədova mənim də adımı təqdim etdi, cənab prezident də təltif etdi.

– Dolanışığınız necədir indi?

– Gördüyün kimi, tavan başımıza tökülür. Şikayət eləmirəm. Yaxşı pensiya alıram. Amma vallah, bəs eləmir. Bütün ailəmin yükü mənim çiynimdədir. İki qızım var, nəvələrim var.

– Müğənni Nurlan Əzizbəyli də sizin qohumunuzdur?

– Bəli qardaşım oğludur.

– Amma çoxdandır oxumur, səhnədə görünmür.

– Ona ad vermirlər. Ən gənc yaşından oxuyan müğənnilərdəndir. Amma indiyədək fəxri ad verməyiblər.