İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi, üstəlik əsgərlərimizdən birinin əlindən silahının alınması Azərbaycan ictimaiyyəti arasında haqlı narazılqıla qarşılandı. Sosial şəbəkələrdə hərbi xidmətdə olan əsgərimizin əlindən silahın alınması məsələsinə yanaşma birmənalı olmadı. Kimlərsə bunu səbr, kimlərsə əsgərin fərsizliyi, susqunluğu kimi dyərləndirdi. Bizimyol.info insidentin mərkəzində adı olmasa da şəxsiyyəti hallanan həmin əsgərin düzgün addım atıb-atmaması barədə əsl hərbçi rəyini öyrənmək istədi. Sualımızı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırdı.

– Cənab Ramaldanov, sizcə sərhəddəki əsgərimiz silahını əldən verməklə acizlik nümayiş etdirib? Nizamnaməyə uyğun necə addım atılmalı idi?

-Əsgər nizamnaməyə uyğun bəlkə də düzgün hərəkət etməyib, lakin şəraitə uyğun düzgün hərəkət edib. İndi bəziləri qınayırlar, bəziləri əsgərin ünvanına nalayiq ifadələr işlədirlər. Mən hesab edirəm ki, əsgərlərimiz orda özlərini çox səbirli və peşəkarcasına aparıblar. Son zamanlar gərginlik yaratmaq istəyində olan qüvvələr var və onların niyyəti o ərazidə qan tökülməsinə nail olmaq idi. Mən əsgərlərimizin şəraitinə uyğun hərəkət etdiklərinə şübhə etmirəm. Orda sərhhəd zolağaı, sərhəd divarları yoxdur, açıq zonadır. Nə torpaq əldən getməyib, nə hansısa böyük faciə olmayıb. Əsgərlərimiz vəziyyəti itkisiz qansız nəzarətdə saxlamaq iqtidarında olublar və iki xalq arasında qanlı insident yaşanmasının qarşısını alıblar. Əsas nəticədir. Qanunları pozanlar öz cəzalarını çəkəcəklər. Gürcüstan tərəfi də verdiyi cavabda bunu bəyan etdi. İndi komissiya ərazilərin tam olaraq hansı tərəfə aid olması üzərində işləyir. Hesab edirəm ki, əsgərlərimiz özlərini sırf əsgər kimi yox, qərar qəbul edə biləcək əsl peşəkarlar kimi aparıblar. Həm də əsgərlərimiz xidmət başında olarkən öz komandirləri , rəhbərlikləri ilə rabitə əlaqəsində olurlar. Yəqin ki, vəziyyətin bu şəkildə soyuqqanlı idarə edilməsində rəhbərliyin təlimatlarının da rolu var.

– Cənab Ramaldanov, Siz keçmiş hərbçisiniz, bu vəziyyət sizin əsgərinizlə baş versəydi əsgərinizi nizamnaməni pozduğuna görə cəzalandırardınız, yoxsa şəraitə uyğun hərəkət etdiyinə görə mükafatlandırardınız?

-Bilirsinizmi, biz həyatda olan bütün məsələlərə görə təlimat yazmırıq. Müxtəlif həyat şəraiti var. Elə bir seçim eləməlisən ki, o vəziyyətdən minimum zərərlə çıxa biləsən. Bu əsgər ermənilərə silah verməyib, o dost ölkə ilə münasibətlərin qorunması naminə bu addımı atıb. Mən o şəraitdə olmamışam. Qanunu pozanlar qanun çərçivəsində cəzalandırılmalıdır. Bu məsələnin arxasında siyasi məqamlar da dayandığına görə, doğru addım atıb.  Sərhəd peşəkarlığı yalnız silahdan istifadə etməkdən ibarət deyil.

Kesikçi dağ, əsgərlər

Qeyd edək ki, Keşikçidağ kompleksi ilə bağlı anlaşılmazlıq 1991-ci ildən bu yana həll olunmur. Bu məsələ indi yenidən aktuallaşmağa başlayıb və qarşı tərəfdən bu məsələni gərginlik həddinə çatdırmaq istəyənlər var. Axırıncı dəfə belə gərginlik 2012-ci ildə yaşanmışdı.SSRİ zamanında həmin hərbi poliqon idi və qapalı zona sayılırdı. SSRİ dağılandan və Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılandan sonra həmin əraziyə Azərbaycan sərhəd qoşunları nəzarət etməyə başladı. Bundan sonra Gürcüstanla Azərbaycan arasında həmin sərhədin müəyyənləşdirilməsi ilə bağlı yaradılan komissiya əslində kifayət qədər iş görmüşdü. Həmin sərhədin demək olar ki, üçdə ikisi artıq hər iki tərəflə müəyyənləşdirilib, yerdə qalan ərazi isə hələlik mübahisəlidir.

Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbəd-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb.
XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb:
“Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.