“Yaşar Nuri xəstəxanada olanda onu da filmə çəkmək istəyirdik, pul tapılmadı”

Akademik Milli Dram Teatrında xalq artisti Rafael Dadaşovu tamaşadan öncə söhbətə tuta bildik.

Xalq artisti uzun müddətdir mətbuatla əlaqələr yaratmaqdan qaçsa da, bir az dağınıq qrim otağında müsahibə verməyə razılaşıb. Rafael Dadaşovla kinoteatrlarda yenicə nümayiş edilməyə başlayan “Bəxt üzüyü 2” filmindən, gənc aktyorlardan və başqa məsələlərdən danışdıq.

Minval.info Akademik Milli Dram teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşovla müsahibəni təqdim edir:

– 27 ildən sonra “Bəxt üzüyü”nün davamının çəkilməsini necə qarşıladınız?

– Əslində bu davam filmi deyil, qarışdırmayaq, bu tamam ayrı şeydir. Bu filmin ikinci seriası da deyil, sadəcə “Bəxt üzüyü 2”dir. 27 ildən sonra ab-hava, şərait, dövr, yaşımız hər şey dəyişib. Filmin süjetini danışmayacağam, amma ilk filmdən tamam fərqli olduğunu vurğulamaq istəyirəm. Sadəcə bir çox personaj bu filmdə də iştirak edir, amma yeni obrazlar da var, hadisələr fərqli cərəyan  edir. Bu cür kollektivlə, belə bir filmdə iştirak da çox xoş oldu.

– Özünüz filmi bəyəndiniz?

– Filmi çox bəyəndim. İntizarla gözləyirdim ki, kinonu seyr edim. Filmin yaradıcı heyəti üçün ayrıca bir baxış günü oldu. Bir var hələ montajdan əvvəl bəzi səhnələrə baxasan, bir də var filmin yekun formasına… Sonda çox gözəl bir film ərsəyə gəlib.

– Bu qədər uzun müddətdən sonra “Sevda” obrazını canlandıran aktrisa Firəngiz Rəhimbəyli ilə görüşünüz necə oldu? Bilirik ki, o Amerikada yaşayır.

– Çox xoş oldu görüşümüz. “Sevda” ilə öpüşdük qucaqlaşdıq, “mənim ərim” deyə müraciət elədi, elə mən də dedim “mənim həyat yoldaşım” (gülür). Firiçka (Firəngiz Rəhimbəyli) çox yaxşı, mehriban qızdır. Sən demə, özü də belə bir layihəni səbirsizliklə gözləyirmiş, hətta xəbəri alanda təəccüblənməyib də. Özü deyib ki, 27 ildir, “Bəxt üzüyü”nün davamının çəkilməsini istəyirdim. Halal olsun, o qədər uzun məsafəni uçub gəldi.

– Rol aldığınız başqa hansı filmin və ya teletamaşanın da davamının ekranlaşdırılmasını istəyərdiniz?

– Niyə istəməyim? Təki elə bir cəhd olsun, bir çoxu üçün istəyərdim. Bizim –  rəhmətlik Yaşarla, Allah canına dəyməsin Firəngiz xanımla uzun müddət arzumuz idi ki, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyamızın ardını çəkək. Hətta Yaşar Türkiyədə xəstəxanada olanda istədik bunu da daxil edək ssenariyə, guya Gülnar onun yanına gedir, Vasif müəllim ona baş çəkir. Amma alınmadı, çünki hər şey pula dirəndi. Azərbaycan Dövlət Televiziyası çəkmədi, sponsor da tapılmadı. Bizim ölkədə sponsor məsələsi çox qəlizdir.

– Son dövrlər, əsasən də, komediya janrında çox filmlər çəkilir. Onlardan hansıları izləyib bəyənmisiniz?

– Baxmıram, amma pis mənada demirəm, açığı, maraqlanmıram. Heç seriallardan da xəbərim yoxdur. Təsadüf nəticəsində müəyyən kanalları izləyəndə, bəlkə, bəziləri ilə qarşılaşım, amma yenə də çox agah deyiləm.

– İzlədiyiniz qədəri ilə bəs, gənclərin aktyor işini necə qiymətləndirirsiniz?

– Professional kimi qiymətləndirsəm düz çıxmır, tamaşaçı nəzəri ilə də baxa bilmirəm. Profesional baxışla mənim iradım olduqca çoxdur. Belə heç kimin adını çəkmərəm, təbii ki, amma inciməsinlər məndən, çoxu ekran adamı deyil. Sənəti elə ucuzlaşdırmaq olmaz ki, hər kəs səhnəyə çıxsın. Onda bizim illərdir çəkdiyimiz əziyyət heç olur ki… Ekranda özünü göstərmək belə asan idisə onda bizim o 40 il külüng vurmağımız hara getdi?!  Tamaşaçı kimi mən də deyə bilərəm “rejissordur nə isə çəkib, hadisələr baş verir”, amma Rafael Dadaşov kimi baxsam çox narazıyam.

– Siz vaxti ilə rəhmətlik Yaşar Nuri ilə “Ordan-burdan” tamaşasında qadın obrazı canlandırmışdınız. İndi də, uzun illərdir səhnədə olanlar da, qısa videolar çəkən gənclər də qadın paltarı geyinib rol ifa edirlər. Onlar heç olmasa rolu yarada bilirlər?

– Biz profesionalıq. Cin ayrı, şeytan ayrı, bizi müqayisə etməyin. Yenə deyirəm, mən ad çəkmərəm. Təkcə özümüz haqda deyə bilərəm ki, Yaşarla mənim rolum, həqiqətən, yaxşı alınmışdı. Yaşara deyirdim “Madmazel”, deyirdi “elə sən də pis deyilsən” (ürəkdən gülür). Biz sənət adamlarıyıq, əsərdə lazım olanda “gangster” də olarıq, bomj da, qadın da, müstəntiq, prokuror da.

– Eşitdiyimə görə, ən çox ifa etmək istədiyiniz rol Kral Lir olub…

– Mənim arzularım çoxdur, Kral Liri də oynamaq istəyərəm, Otellonu da. Amma bu  məndən asılı deyil, teatr kollektiv işidir. Gərək rejissoru tapıla, rəhbərlik plana sala, Nazirlik təsdiq edə, o qədər məsələlər var ki. Məsələn, bir azdan oynayacağımız “Müfəttiş” tamaşası barədə də söhbətlər çox getdi və sonunda biz artıq 2 ildir ki, bu tamaşa ilə səhnəyə çıxa bilirik.

– Allah uzun ömür versin bundan sonra üçün yeni bir film və ya başqa planlar varmı?

– Deyirlər ki, 40-i vurdun keçdinsə, işin sazdır (gülür). Mən də artıq 40 ildir ki, Akademik Milli Dram Teatrının aktyoruyam. Nə qədər ki, canımda su var, ayaq üstdəyəm, mənim ustalığıma yaraşan rollarda oynayacağam. Mən püxtələşmiş bir aktyor kimi hər rolda oynamaram ki, obrazı seçməliyəm. Konkret bir planım isə yoxdur, əsas məqsədim yaratmağa davam etməkdir.

Onu da qeyd edim ki, 72 yaşlı xalq artisti bir az kilo alsa da, səhhətinin yaxşı olduğunu bildirdi.

Dəniz Kərimzadə

Minval.İnfo