Cəmiyyətin rol və mövqeyini ifadə edən medianın daha effektiv fəaliyyəti üçün dövlət idarə və müəssisələri ilə sıx əməkdaşlığı zəruri hala gəlib.

Təəssüf ki, bu əməkdaşlıq həmişə gözlənilən nəticəni vermir. Medianın ikinci plana atılması və bir çox halda verilən sualların cavabsız qalması jurnalistləri narahat edən ümumi məsələlərdən biridir.

Hansısa məsələ ilə bağlı dövlət idarələrinin mövqeyini almaq üçün zəng edirsən, amma müdiriyyətin ya tədbirdə olduğu, ya da baxış üçün əraziyə getdiyi deyilir. İdarələrin “tədbirdədir, ərazidədir” bəhanələri illərdir bitmir.

Görəsən həmin şəxslərin iş prinsiplərini yoxlayan, buna nəzarət edən hər hansı bir mexanizm varmı? Sözügedən qurumların mətbuatı gec məlumatlandırması cəmiyyətdə dezinformasiyaların yayılmasına gətirib çıxarır, bu isə ölkə imicinə xələl gətirən ən böyük problemlərdən biridir.

Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşıyevanın sözlərinə görə, bəzən vəzifəli şəxslər jurnalistin əlaqə nömrəsini tanıdığı üçün telefona cavab vermirlər: “Bəziləri “İşim var, idarədə deyiləm, iclasdayam” deyirlər. Hətta, “Yasdayam, ona görə danışa bilmirəm” deyənlər də az olmur. Amma jurnalist bir az fərasətli olanda, “bir azdan zəng edəcəyəm” deyəndə, bəhanəsi qalmır. Elə hal olub ki, hansısa məmur, mətbuat xidmətinin rəhbəri zəng etdiyim nömrəni tanıdığı üçün cavab verməyib. Bir az sonra başqa nömrə ilə zəng etmişəm, cavab verib və mövzudan yayına bilməyib. İnsafla danışmaq lazımdır ki, bəzi dövlət qurumlarının işçiləri isə əksinə, işlərini düzgün həyata keçirirlər”.

Jurnalist Natiq Nailəoğlu bu məsələdə maksimum inadkar olmaq lazım olduğunu deyir: “Dəfələrlə olub ki, məmura zəng etmişəm, deyib filan yerdə yasdayam, təkidlə yasın harada olduğunu soruşmuşam ki, ora gedim, yəni əl çəkməmişəm, yalnız ondan sonra müsahibə verib və ya hansısa məsələyə mövqeyini bildirib. Bildiyimə görə, jurnalist kimi dövlət orqanlarına müraciət edəndə 24 saat ərzində məlumat verməyə məcburdurlar”.

Ölkə.Az saytının əməkdaşı Vasif Həsənli isə deyir ki, bu kimi hallarla əsasən İcra Hakimiyyətləri ilə əlaqə saxlayan zaman rastlaşır: “Amma digər dövlət orqanlarında da oxşar hallar mövcuddur. Bu da bizə yetərincə problem yaradır”.

“Bizimyol” qəzetinin əməkdaşı Ramid İbrahimov bildirdi ki, jurnalistlər üçün ən önəmli informasiya mənbələrindən biri də dövlət idarələrinin mətbuat xidmətləridir: “İnternet medianın yaranması isə jurnalistikada operativliyi bir qədər də artırdı. Təcrübə göstərir ki, mətbuat xidmətləri ya bu şərtlə ayaqlaşa bilmir, ya da məqsədli şəkildə şifahi və yazılı informasiya sorğusuna günlərlə müxtəlif bəhanələrlə cavab vermirlər. Hər hansı hadisə barədə xəbəri dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli çətindir. Belə vəziyyətdə alternativ xəbər mənbələri axtarırıq, şahidləri danışdırmağa çalışırıq. Bu məlumatlar isə həmişə dəqiq və səhih olmur. Beləliklə, yaradılan süni əngəllər jurnalisti bəzən səhih olmayan məlumatlar da yaymağa məcbur edə bilir”.

Fərid Özay

Minval.info