Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Qafqaz üçlüyü” filmi hər bir vətənpərvər azərbaycanlı kimi, bizi də dərindən hiddətləndirdi. Bizə düşmən olan bir toplumun bədnam niyyətlərini həyata keçirməyə yardımçı olmaq üçün daha bir milli satqın meydana atıldı. Əslində, Rüstəm İbrahimbəyov meydana indi atılmayıb və bu film də təkcə onun yaradıcı yox, həm də həyat mövqeyidir. Hələ 2013-cü ildə “Rosbalt” agentliyinə müsahibəsində Rüstəm İbrahimbəyov ermənilərin Qarabağa iddialarını əsaslandırmağa çalışaraq bildirmişdi ki, onların bu məsələdə hüquqi əsasları azərbaycanlılardan daha artıqdır.

Bu fikirlər Rəşid Behbudov Fondunun bədii rəhbəri Rəşidə Behbudovanın və Fondun direktoru Kamil Şahverdiyevin bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Qafqaz üçlüyü” hələ son deyil. Filmin istehsal tarixinə nəzər salın. 2015-ci il. Həmin il qondarma “erməni soyqırımı”nın 100 illiyi qeyd olunurdu. Bu film də həmin “soyqırımı”na Rüstəmin qardaşlıq töhfəsidir. Bütün həqiqətlərin kökü məhz bundadır.

Ermənilər qondarma “soyqırımı”nı dünyaya sırımaq üçün yüz ildir dəridən-qabıqdan çıxırlar. Bu, onların milli ideologiyasının əsasını təşkil edir. Təsəvvür edin ki, indiyə qədər 100 milyonlarla vəsait xərcləyib bu mövzuda 5-6 film çəkdiriblər. Lakin bu filmlərin heç biri uğur qazanmayıb. “Qafqaz üçlüyü” Rüstəm İbrahimbəyovun ermənilərə avansıdır. Onun məqsədi qondarma “soyqırımı” haqqında iribüdcəli film çəkməkdir. Sadəcə 100 milyonluq büdcəni əldə etmək üçün erməni dostlarının etibarını qazanmaq məqsədilə etdiyi bir jestdir. Ermənilər də bu filmi əllərində bayraq edib bütün dünyaya car çəkəcəklər ki, bunu azərbaycanlı çəkib. Bu da onlar üçün əlavə dividend deməkdir. Çünki bu günə qədər qondarma “soyqırımı” haqqında müxtəlif adlı-sanlı kino xadimləri tərəfindən çəkilən filmlər uğur qazana bilməyib. Rüstəm İbrahimbəyov amili isə bu məsələdə böyük rezonans yarada bilər. Ona görə yox ki, Rüstəm İbrahimbəyov böyük sənətkardır. Ona görə ki, o, “azərbaycanlı”dır. Bu fakt da həmin filmin promo kampaniyasında öz işini görəcək.

Orxan Pamuk nümunəsi Rüstəm kimi mənəvi əxlaqsızlıqlara illərdir rahatlıq vermir. Ermənilər də bu əqidəsiz “ziyalıları” öz məqsədləri üçün istifadə etməyə asanlıqla cəlb edə bilirlər”.
Bəyanatda daha sonra deyilir: “Qafqaz üçlüyü” filmində Rüstəm İbrahimbəyov oğlu Fuad İbrahimbəyov ilə birlikdə mənəviyyatsızlığın, əxlaqsızlığın ən son həddi səviyyəsinə enərək xalqını, millətini, Vətənini canından artıq sevən, Qarabağ savaşının ilk günlərindən SSRİ kimi nəhəng bir ölkənin ən ali rəhbərinə iradlarını bildirməkdən çəkinməyən və buna görə də həyatına son qoyulan görkəmli sənətkar Rəşid Behbudovun repertuarından “Bu şəhərdə” mahnısını yeni aranjimanda və ifada istifadə etmişdir. Ümumiyyətlə, bu mahnı filmin musiqi leytmotivi kimi geninə-boluna səslənir. Mərhum bəstəkar Tofiq Babayevə məxsus olan bu mahnı həqiqətən Bakıya həsr edilmiş ən gözəl mahnılardan biridir. Gözəl şəhərdən, onun genişürəkli insanlarından, dostluğa sədaqətdən bəhs edən, illərlə sevilən mahnını İbrahimbəyovlar satqınlığın, xəyanətin, mənəvi əxlaqsızlığın, düşmənə yarınmağın simvoluna çevirməyə cəhd göstəriblər.
Rəşid Behbudov Fondu adından Mədəniyyət Nazirliyinə, Əqli Mülkiyyət Agentliyinə müraciət edərək bildiririk ki, “Qafqaz üçlüyü” filmi ilə bağlı hüquqi prosedurlara başlamaq lazımdır. Məhkəməyə müraciət edilməli və Tofiq Babayevin filmdə istifadə olunan “Bu şəhərdə” mahnısının icazəsinin kimdən alındığını müəyyən etmək lazımdır. Hüquqi prosedurlara başlamaqla filmin nümayişinə həbs qoyulmalıdır. Bu, dünya kino tarixində istifadə olunan metodlardan biridir və biz də mütləq bu təcrübədən bəhrələnərək ədaləti bərpa etməliyik. Biz belə nankor, satqın, xəyanətkar ünsürlərin fəaliyyət çevrələrini daraltmalı və onların planlarını pozmalıyıq”.