İki gün sonra bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə ölkəmizdə də artıq bayram hazırlıqlarına başlanıb.

Qurban bayramının ölkəmizdə olan adətlərindən biri də nişanlı qızlara qurbanlıq heyvanlar, bununla bərabər xonçalar aparılmasıdır. Əgər əvvəllər qız evinə göndərilən qurbanlıq heyvanların boynuna, sadəcə, qırmızı lent bağlanırdısa, indi onların təmtəraqlı şəkildə bəzədilməsi bir dəb halını alıb. Oğlan evi tərəfindən heyvanlar müxtəlif əl işləri, bəzəkli aksesuarlarla bəzədilir, başına ağ fata, ayağına tül ayaqqabı geyindirilir, qırmızıya bürünür, buynuzundan mirvari asılır və sairə. Bunun üçün bazarlarda və mağazalarda xüsusi paltarlar da satılır. Bu cür paltarların qiymətləri təxminən 25-150 manat arası olur. Beləliklə, paltarların qiyməti onun parçasında, naxışından asılı olaraq dəyişir.

Paytaxtda bəziləri xüsusi bəzək-düzək üçün gül mağazalarına üz tutur. Çünki bu cür yerlərdə heyvanlar daha təmtəraqlı və peşəkarcasına bəzədilir. Bəziləri heyvanı kəsilmiş vəziyyətdə satış məntəqələrindən alır, gül satılan məntəqələrə gətirir, burada isə qurban əti xüsusi səbətlərdə qablaşdırır, qeyri-adi dekorlarla hazırlayıb, qız evinə göndərirlər.

Sosial şəbəkələrdə yayılan fotolardan belə aydın olur ki, bəzən rayon, kənd yerlərində qoçu da gəlin kimi, təmtəraqlı bəzəyənlər olur.

Bəs dinimiz bu məsələni necə qəbul edir? Bəzi ilahiyyatçılar qurbanlıq heyvanların bu cür əndazəni aşan tərzdə bəzədilməsinin günah olduğunu, dini gözdən saldığını bildirir.

Mövzu ilə bağlı ilahiyyatçı Emil Rahiloğlu “Yeni Müsavat”a danışıb. İlahiyyatçı qeyd edib ki, qurbanlıq heyvanların təmtəraqlı bəzədilməsinin İslam dini ilə heç bir əlaqəsi yoxdur: “Bu, sırf şəxsi yanaşmadır. Hətta qız evinə sadə qoyunun da aparılması barəsində hər hansı bir şərti göstəriş yoxdur”.

İlahiyyatçı onu da qeyd edib ki, qurbanlıq heyvanların din adına bəzədilməsi günah hesab olunur: “Dində olmayan bir əməli dinə aid etmək olmaz. Amma şəxsi zövq kimi edilərsə, günah hesab olunmur”.